BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Ekologiya.ax xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki paylaşımda bildirilib.
“Biz Avstraliyada COP29 ərəfəsində və ondan sonrakı dövrdə iqlim dəyişikliyi ilə qlobal mübarizə səylərinin müzakirəsinə həsr olunmuş çox məhsuldar görüş keçirdik.
Bərpa olunan enerji mənbələri, emissiyaların azaldılması və ekoloji təmiz sahələrə investisiyalarla bağlı mühüm fikir mübadiləsi aparılıb. Həmçinin noyabrda COP29-da iqlim maliyyələşdirilməsinin əhəmiyyəti də müzakirə olunub.
Maliyyələşdirmə qlobal istiləşməni 1,5C səviyyəsində saxlamaq və irimiqyaslı və təxirəsalınmaz iqlim böhranı problemini həll etmək üçün həlledici rol oynayır", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.