AZ

 “İlin gənc müəllimləri-2023” qalibləri Şuşada təltif olundular - FOTOLAR

“Azərbaycan müəllimi” ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2023" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. Məqsədi motivasiya dolu həyat hekayələri, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

 

Ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar toplaşaraq Şuşaya- Mədəniyyət paytaxtımıza yola düşüblər. “İlin gənc müəllimləri” burada Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə diplomla təltif olunublar.

 

AzEdu.az Təhsil Portalının portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri, jurnalist Elşad Eyvazlı iştirakçılara təşəkkürlərini bildirərək, uğurlar arzulayıb.

 

 Açıklama yok.

Layihə barədə geniş məlumat verən E. Eyvazlı müsabiqənin qabaqcıl müəllimlərin ictimaiyyətə tanıdılmasında çox böyük rol oynadığını vurğulayıb. O, bildirib ki, layihə indiyə qədər AzEdu.az tərəfindən, bu il isə “Azərbaycan müəllimi” ilə birgə keçirilir.

 

“Müsabiqənin mükafatlandırma mərasiminin ilk dəfə Şuşada keçirilməsi çox qürurvericidir. Ali baş komandanın rəhbərliyi ilə şəhid və qazilərimizin canı bahasına alınan torpaqlar üçün ömür boyu onlara borclu olacağıq”.

 

Daha sonra “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov tədbirin Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirildiyindən qürurlandığını bildirib:

 Açıklama yok.

“İlk dəfədir Şuşaya gəlirəm, burada olmağı sözlə ifadə etmək çox çətindir. Müəllimlərin hər birini təbrik edirəm. Siz gənc müəllim olaraq gənc nəslin formalaşmasında, onların tərbiyəsində mühüm rol oynayırsınız. “Azərbaycan müəllimi” qəzetində hər biriniz öz maraqlı yazılarınızı, təcrübələrinizi həmkarlarınızla bölüşə bilərsiniz”.

 

AzEdu.az Təhsil Portalının direktoru Tünzalə Abbasova müəllimləri salamlayaraq, onlara burada olduqları üçün öz təşəkkürlərini bildirib:

 Açıklama yok.

“Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Hesab edirəm ki, "İlin gənc müəllimi" müsabiqəsinin qaliblərinin Şuşada təltif edilməsi onlar üçün olduqca əhəmiyyətlidir. Müsabiqənin mükafatlandırılma mərasiminin Qarabağda keçirilməsi bizim üçün də ilk oldu. Qaliblərin hər birinə gələcək fəaliyyətində uğurlar arzu edirəm. Bundan sonra biz birlikdə daha güclü olacağıq”.

 

Növbəti mərhələdə qaliblərə diplom və hədiyyələri təqdim olunub.

 

I yerin qalibi, Kəlbəcər rayon 28 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşad Hümbətov həmkarlarına uğurlar arzulayıb:

 Açıklama yok.

“Burada oturan bütün həmkarlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. “İlin gənc müəllimləri”ni Şuşada təltif etmək olduqca təqdirəlayiq addımdır. Mən burada olmaqdan qürur duyuram. Yəqin ki, sizlər üçün də bu belədir. Müəllimləri bu cür irəli çəkməklə böyük işlər görürsünüz”.

 

II yerin sahibi, İsmayıllı rayonu Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Xəzri Muradov layihə ilə bağlı AzEdu.az-a öz təşəkkürlərini bildirib:

 Açıklama yok.

“Bizim şagirdlərimiz olmasaydı, bu müsabiqədə qalib gəlməyimiz mümkünsüz olardı. Mənim bir müəllimim var idi. Bir dəfə ona sual verdim ki, şagirdin müəllim həyatında rolu nədir? O cibindən telefonu çıxarıb, mənə göstərdi. Dedi ki, bax, əlimdəki telefon çox gözəl işləyir. Kim istədi mənə zəng edə bilər, mən də istədiyim şəxslə danışa bilərəm. Sonra telefonun arxasını açıb içindəki daşları çıxardı. Dedi ki, indi telefon işləyə bilər? Əlbəttə yox...Müəllimim mənə daşların şagird, telefonun isə müəllim olduğunu söylədi. Daşlar olmadan, telefon heç vaxt işləyə bilməz...”

 

III yerin qalibi, Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Elmira Ağayeva Şuşada olduğu üçün qürurlu hiss etdiyini bildirib:

 Açıklama yok.

“Qarabağda təltif edilmək böyük bir fəxrdir. Şuşaya gələrkən yol boyu həyacanımı cilovlamağa çalışırdım. Həm “Örnək müəllim”, həm də “İlin gənc müəllimi” olmaq mənim üçün çox qürurvericidir. Bir müəllim kimi cəmiyyətdə rəğbət qazanmağımda AzEdu Təhsil Portalının böyük rolu var. Mənim timsalımda bütün gənc müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbin Texnologiya fənn müəllimi, Dünya Veysəlova bu günün onun həyatında ən sevincli gün kimi qalacağını vurğulayıb:

 Açıklama yok.

“Əminəm ki, “İlin gənc müəllimi” adını Qarabağda almaq burada olan həmkarlarım üçün də yaddaqalan olacaq. Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm”.

 

Qax rayonu Qaratala kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Hüseynova bu adı Qarabağda qazanmağın çox qürurverici olduğunu qeyd edib:

 Açıklama yok.

“Müəllimlik həyatımda yaşadığım ən gözəl günlərdən biri bu gündür. Qarabağda olmaq, “İlin gənc müəllimi” adını qazanmaq çox qürurvericidir”.

 

Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin İngilis dili müəllimi, Gülnarə Məmmədova AzEdu.az-a təşəkkürlərini bildirib:

 Açıklama yok.

“Bizə bu şəraiti yaratdığınız üçün çox minnətdaram. Başda AzEdu Təhsil Portalı olmaqla bu layihədə mənə dəstək olan hər kəsə təşəkkürlərimi bildirirəm. Həm müəllim, həm də rəhbər kimi burada olmaqdan qürur duyuram. Ümid edirəm ki, uğurlarımız davamlı olar”.

 

Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbin Biologiya müəllimi Şəfa Həsənova bildirib ki, birlikdə daha böyük uğurlara imza atacayıq:

 Açıklama yok.

“Burada Qazax-Tovuz Regional Təhsil İdarəsini təmsil etmək mənim üçün çox xoş oldu. Bu müsabiqəyə qatılmaqla çox dəyərli həmkarlar tanıdım. İnanıram ki, onlarla birgə daha böyük uğurlara imza atacağıq. Burada əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

 

Göyçay şəhər M.Füzuli adına 6 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Əliyeva Şuşada olduğu üçün qürurlu və kövrək olduğunu bildirib:

 Açıklama yok.

“Həmkərlarımın hər birinə uğurlar arzulayıram”.

 

Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Gülçöhrə Xəlilova da həmkarlarının təbriklərinə qoşulub:

 Açıklama yok.

“Bu adı qazanmaq mənim üçün qürurvericidir. Ümid edirəm ki, bu cür layihələrdə tez-tez qarşılaşarıq”.

 

Ağdaş rayon Qəsil kənd Ramiz Hacıyev adına tam orta məktəbin ingilis dili müəllimi Lalə Əfəndizadə də qaliblər sırasındadır.

 

Sonda xətirə şəkli çəkilib və Şuşa şəhər 1 nömrəli tam orta məktəb ilə tanışlıq olub.

 

Qeyd edək ki, “İlin gənc müəllimi” müsabiqəsi üç turla həyata keçirilib. Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd edib, formda tələb olunan bütün bəndləri cavablandırıblar. İkinci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilən ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirib.

 

Bu mərhələdə 100, daha sonra isə 50 müəllim seçilib və ictimaiyyətə elan olunub. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçiblər.  

 

Müsabiqənin ilk “10-luq”una daxil olan sorğu isə 3 iyun 2024-cü ildən 28 iyun 2024-cü il saat 23:59-dək davam edib. Beləliklə, həm münsiflər heyətindən (70 bal), həm də saytda keçirilən səsvermədən (30 bal) ən yüksək bal toplayan 3 pedaqoq ümumi nəticə əsasında “İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qalibləri olub.

Seçilən
1
50
modern.az

10Mənbələr