AZ

Ögey valideynə verilən mənfi obraz: münasibətlər necə formalaşır?

Uşaq üçün boşanmış valideynlərin yenidən ailə qurması, ilk növbədə, onların yenidən bir yerdə olacağına dair ümid və gözləntilərinin sonu deməkdir. Araşdırmalar da göstərir ki, valideynləri ayrı olan uşaqların demək olar ki, hamısı onların  bir gün yenidən bir araya gələcəklərini və birlikdə xoşbəxt həyat yaşayacaqlarını gözləyir. Yenidən evlənmək uşağa həm qazanc, həm də zərər gətirə bilər. Burada uşağın yaşı ilə yanaşı, boşanma ilə ikinci evlilik arasındakı müddət də  çox təsirli olur.

Uşaq psixoloqu Günay İskəndərli bildirir ki, uşaq nə qədər kiçik olsa, ögey valideynlə əlaqə qurmaq və müsbət münasibət qurmaq şansı bir o qədər çox olur: 

"Müşahidələrimizə əsasən deyə bilərik ki, bu prosesə qızlar oğlanlardan daha yaxşı uyğunlaşırlar. Qızlar xüsusilə yeniyetməlik illərinə doğru analarının yeni münasibətlərinə və yeni evliliklərinə daha müsbət reaksiya verirlər. Bir çox yeniyetmə oğlanlar da analarının evliliklərini qəbul edirlər, çünki onlar özlərini analarının həyat yoldaşı kimi hiss etmək yükündən azad olurlar. Müəyyən yaşdan yuxarı uşaqların evlilik planlarına cəlb edilməsi çox vaxt onların reaksiyasını azaldır.
Ögey ailə problemi həm uşaqlar, həm köhnə valideynlər, həm də yeni valideynlər üçün dağıdıcı nəticələrə səbəb ola biləcək ciddi problemdir. Ümumiyyətlə günümüzə qədər nağıllarda, kinolarda ögey anaya verilən mənfi obraz hər birimizə məlumdur ki, bu da ögey ananın psixologiyasına təsir edir. Bu pis obrazın psixologiyasından qurtulmaq, ögey ana obrazını silmək istəyən qadın uşağa qarşı hədd qoymaqda, intizamlı davranmaqda qətiyyətsiz olur, duyğularını boğur. Uşağın mənfi davranışlarına məhəl qoymamaq, özünə qarşı hörmətsizliyi qəbul etmək, ata ilə emosional münasibətini gizlətmək, uşağa özünü qəbul etdirmək üçün hədsiz davranışlar sərgiləmək, həddindən artıq qoruyucu və fədakar davranmaq qadının pis ögey ana obrazından xilas olmaq üçün inkişaf etdirdiyi yanlış davranış nümunələridir. 
Ögey ata da oxşar psixologiyadadır. Qəyyumluğu anasında qalan ata çox vaxt əskiklik və peşmançılıq hiss edir. Bəzən bu hisslər o qədər şiddətli olur ki, ata heç bir əhəmiyyət verməmək, maddi və mənəvi məsuliyyət daşımamaq kimi inkar davranışları ilə bu hisslərin öhdəsindən gəlməyə çalışır. O, ögey övladındakı bu boşluğu kompensasiya etməyə çalışır. Öz övladı olmayan, ancaq yoldaşının uşağına ögey ata olan kişi heç vaxt yaşamadığı hisslər və məsuliyyətlər yaşaya bilir. Atalıq kişilərdə instinktiv olmadığı üçün bu halda kişi öz zehnində yaratdığı və ya müşahidə etdiyi modeli nümunə götürə bilər. Uşaqları ilə yaşayan qadınla evlənən kişilər çox vaxt ögey analardan daha çətin anlar yaşayırlar. Bəzi ögey atalar övladları sevib valideynlik etsə də, əksər kişilər onlara görə məsuliyyət daşımadıqlarını düşünürlər. Bir çox uşaq ögey valideyni qəbul etməyi anadan olan valideyndən üz döndərmək kimi görür. Bu səbəbdən uşaqların qərəzli və ani arzuolunmaz reaksiyaları təbii qəbul edilməlidir.
Ögey övladı sosial mühitlərdə adı ilə tanıtmaq, uşağın qəbulu sərhədləri daxilində "oğlum, qızım" demək səmimiyyət yaradır. "Həyat yoldaşımın qızı və ya oğlu" kimi yanaşma göstərmək son dərəcə yanlışdır. 
Uşaqlarla ögey valideynlər arasında münasibət nə qədər yaxşı olsa da, əsl valideynləri heç nə əvəz edə bilməz. Böyüklər uşaqların reaksiyalarına hazır olsalar və ögey valideynin rolu açıq şəkildə ifadə edilərsə, uyğunlaşma prosesi daha rahat gedə bilər. İkinci evlilikdən əvvəl uşağa vəziyyəti izah etmək və onun fikrini öyrənmək vacibdir. Uşaqdan heç vaxt ögey valideynini öz anası və ya atası ilə əvəz etməsi gözlənilməməlidir. Ögey ana və ya ata uşağı sevəcək, ona kömək edəcək insan kimi qəbul edilməli və bu əlaqənin hər kəsin həyatına müsbət təsir edəcəyi vurğulanmalıdır. Valideynliyi hiss etdirməmək üçün xüsusi səy göstərmək və uşaq istəmədikcə ona ana və ya ata deməsinə məcbur edilməsi yanlışdır. Sevgi, hörmətli yanaşma və səbir zamanla bir çox problemi həll edəcək. İntizam üçün ilk növbədə anadan olan valideynin məsuliyyət daşıması daha uyğundur. Ancaq vurğulamaq lazımdır ki, ögey valideyn də dinlənilməlidir. Fikir ayrılıqları uşağın gözü qarşısında müzakirə edilməməlidir.
Ögey valideynin qəbulu uşağın yaşından, cinsindən, temperamentindən, şəxsiyyətindən, inkişaf mərhələlərindən və əqli imkanlarından asılı olaraq dəyişir. Uşağın həyatındakı qəfil itki və dəyişiklik özünə inam itkisi yaradır, onların həyatlarına çox az nəzarət etdikləri hissini gücləndirir. Uşaq bu stressi qəzəbini ifadə edərək, tez-tez kiminləsə mübahisə edərək, özünə qapanaraq, məktəbdə uğursuzluqla, depressiyaya düşərək, narahat olaraq göstərə bilir. Ögey ata-anaya qarşı çevrilmə və üzərində valideynlik hüquqları olmayan uşağa qarşı onun tərəfini tutma davranışı uşağın ziddiyyətlər və günahkarlıq hissi ilə dolu bir həyat yaşamasına səbəb olacaq yanlış bir yanaşmadır. Yaxşı ünsiyyət qurularsa, uşaqların əsl valideyni olmamaq da üstünlük kimi istifadə edilə bilər. Uşaqlar öz problemlərini və ya xüsusi problemlərini valideynləri ilə deyil, yaxın bildikləri böyüklərlə daha asan paylaşa bilərlər. Uşağa dəyər hissi verməklə, tənqid və mühakimə etmədən dinləmək və təkliflər vermədən uşaq ögey valideynə asanlıqla açıla bilər.
Uşağa "məni dərhal qəbul edib sevəcəyini düşünmürəm, amma bir-birimizi tanıdıqca məni sevəcəksən", "mənə ehtiyacın olanda həmişə yanındayam", "gəl bu problemi birlikdə həll edək və ya həll yollarını birlikdə düşünək", "səni hər zaman başa düşürəm" kimi paylaşma yanaşması göstərmək uyğunlaşmağı və ünsiyyəti asanlaşdıracaq. 
Bir valideyn olaraq ögey övladla göz təması və isti baxış ünsiyyətin əsasını təşkil edir.
Münasibətlərinin evliliyə doğru getdiyini hiss edən ana və ya atanın uşaqları ilə birlikdə keçirdikləri fəaliyyətlərə həyatındakı insanı da yavaş-yavaş qatması daha uyğun olardı. 
Yeni evliliyə ən çox reaksiya verən və uyğunlaşmaqda çətinlik çəkən uşaqlar yeniyetməlik dövrünə girmək üzrə olan və ya buna yeni qədəm qoyan uşaqlardır. Yeniyetməliyin özünün çətinlikləri ilə yanaşı, ailədəki dəyişikliklər də ağır travmalara səbəb ola bilər. Uşaq nə qədər kiçik olsa, yeni valideynlə inteqrasiya etmək bir o qədər asan olar. Yetkinliyə qədəm qoyan uşaqlar da yeni evliliyə asanlıqla uyğunlaşırlar.
Əhəmiyyətli məqamlardan biri hər şeyi şəxsi qəbul etməkdir. Unutmamalıyıq ki, ögey uşaq daha çox öz hissləri ilə məşğul olmağa çalışır. Məlumdur ki, bir çox uşaqlar valideynləri boşandıqda barışacaqlarına və yenidən bir araya gələcəklərinə inanırlar. Ancaq bir ögey valideyn ailəyə daxil olduqda, bu yeni insanın varlığı bir düşüncənin bitdiyini göstərir. Uşaqlar bu ümidin itirilməsinə yas tutur və bu vəziyyətə də alışmaq üçün vaxt lazım olur. Uşaqlar həyat dəyişikliklərindən təsirlənirlər. Xüsusilə köçmək, məktəb dəyişmək, sevilən insanı itirmək, ev heyvanını itirmək və s. hallarda uşaqlar emosiyaların öhdəsindən gəlməkdə çətinlik çəkdikləri üçün bəzi davranış problemləri göstərə bilirlər. Ögey valideynlik haqqında düşünsək, bunlardan ən əhəmiyyətlisi aqressiya ilə bağlı davranış problemləridir. Bu, inadkarlıq, əsəb və ya ağlama, çevrəyə ziyan vurma və özünə zərər vermə kimi müxtəlif formalarda görünə bilər. Emosional çətinliyin başqa bir əlaməti narahatlıq problemlərdir ki, bu zaman valideynlər obsesif davranışlar, dırnaq yemə, barmaq əmmə, yemək və yuxu problemləri ilə qarşılaşa bilər. 
İntroversiya da müşahidə edilə biləcək başqa bir simptomdur. Xüsusilə bu dəyişiklik dövrlərində yeniyetmələr çox introvert ola bilər, az danışa, az gülə, gizli ağlaya, bütün günü musiqi dinləyə, dərslərindən yayına, sosial mühitlərdən qaça bilər. Amma bunun əksinə, bəzi yeniyetmələr ünsiyyətcil olur, həmişə dostları ilə vaxt keçirmək istəyirlər və onlarla qurduqları bağlara böyük əhəmiyyət verirlər. 
Qeyd etdiyim bütün simptomları müşahidə etmək və onlara əməl etmək vacibdir. Bunlar vasitəsilə həll yollarını tapmaq mümkündür. Bu məqamda həyat yoldaşından dəstək almaq da faydalıdır.Lakin təbii ki, bu prosesdə övladı ilə münasibətlərini nizamlaya bilməyən hər bir valideyn mütləq şəkildə bir mütəxəssisə müraciət etməlidir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
50
olaylar.az

10Mənbələr