Reabilitasiya və məhkumların yenidən cəmiyyətə inteqrasiyası baxımından cəzaçəkmə müəssisələrində təhsilin əhəmiyyəti böyükdür. Azərbaycandakı cəzaçəkmə müəssisələrində peşə təhsilinin tədrisi ilə yanaşı, 18 yaşına çatmayan məhkumlar ümumi təhsilə də cəlb edilir.
Bəs cəzaçəkmə müəssələrində təhsilin təşkili necə tənzimlənməlidir ki, effekti olsun?
Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında mövu ilə bağlı bir neçə əsas məqamı qeyd edib. O bildirib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində məhkumlar üçün məktəblər fəaliyyət göstərir.
“Həmin məktəblər əsasən məhkumların bilik və bacarıqlarını artırmaq, onların reabilitasiyasını təmin etmək və cəmiyyətə yenidən inteqrasiya olunmalarına kömək etmək məqsədi daşıyır. Təhsil məhkumlara yeni bilik və peşə bacarıqları qazandırmaqla, onların cəmiyyətdə daha məhsuldar fərdlər olmasına şərait yaradır. Həmçinin yenidən cinayət törətmə ehtimalını da azalda bilər”.
K.Əsədov xatırladıb ki, təhsil almaq məhkumları cəmiyyətə yenidən inteqrasiya olunmağa hazırlayır. Bu, məhkumların həbsxana sonrası həyatlarında daha uğurlu olmalarına və sosial cəhətdən özlərini dərk etmələrinə kömək edir:
“Təhsil müəssisələrində peşə təlimləri, texniki bacarıqlar və sənət öyrədilir ki, məhkumlar həbsxanadan çıxdıqdan sonra iş tapa bilsinlər və öz həyatlarını təmin etmək üçün lazımi bacarıqlara sahib olsunlar.
Araşdırmalar göstərir ki, təhsil alan məhkumlar arasında yenidən cinayət törətmə halları təhsil almayanlarla müqayisədə daha aşağıdır. Təhsil məhkumların özünü inkişaf etdirməsinə və keçmişdəki səhvlərdən dərs çıxarmasına kömək edir”.
K.Əsədov deyib ki, cəzaçəkmə müəssisələrindəki məktəblər tədris proqramı, ümumi təhsil proqramları ilə yanaşı, peşə və texniki bacarıqları öyrədən kursları da əhatə edə bilər. Adətən, məhkumlara öyrədilən biliklər aşağıdakı sahələri əhatə edir:
Əsas ümumtəhsil proqramı: Bu proqramlar yazı, oxu, riyaziyyat, ictimai elmlər, dil və tarix kimi fənləri əhatə edir. Məqsəd məhkumların təməl biliklərini artırmaq və onlara orta məktəb səviyyəsinə uyğun biliklər verməkdir.
Peşə təhsili: Cəzaçəkmə müəssisələrində peşə təhsili proqramları, məsələn, dülgərlik, texniki bacarıqlar, aşbazlıq və ya sənətkarlıq kimi praktiki bacarıqları öyrətməyi hədəfləyir. Bu bacarıqlar məhkumların gələcəkdə iş tapmaq şansını artırır.
Həyat bacarıqları və psixoloji dəstək: Məhkumlar həm də sosial və emosional bacarıqlar, stress idarəetməsi, ünsiyyət bacarıqları, iş axtarma və şəxsi inkişaf mövzularında təlim ala bilərlər.
“Cəzaçəkmə müəssələrində əlavə dərslərin keçirilməsinə ehtiyac varmı” sualına Kamran Əsədov belə cavab verib:
“Cəzaçəkmə müəssisələrində tədris proqramlarına əlavə dərslər salınması məhkumların daha effektiv şəkildə reabilitasiya olunmasına və cəmiyyətə yenidən uyğunlaşmalarına kömək edə bilər”.
Onun sözlərinə görə, əlavə dərslərə daxil ola biləcək mövzular aşağıdakılar ola bilər:
Hüquqi biliklər: Məhkumlar hüquq sistemi və öz hüquqları barədə daha çox məlumat ala bilərlər.
Maliyyə savadlılığı: Büdcə planlaşdırılması, qənaət etmək və maliyyə idarəetməsi kimi mövzular məhkumların həbsdən sonra maliyyə baxımından müstəqil olmalarına kömək edə bilər.
Texnologiya və rəqəmsal savadlılıq: Bu gün cəmiyyətin texnologiyaya əsaslanan bir mühitdə olduğunu nəzərə alaraq, məhkumlara kompüter və internet bacarıqları öyrədilməsi onların iş tapma şanslarını artırar.
Bu sahədə dünya nümunəsindən də danışan ekspert bir sıra önəmli məqamları vurğulayıb:
“Skandinaviya ölkələri (xüsusən Norveç) məhkumların təhsilinə və reabilitasiyasına böyük əhəmiyyət verir. Norveçdə cəzaçəkmə müəssisələrində məhkumlar universitet təhsili də daxil olmaqla geniş təhsil imkanlarına malikdir.
ABŞ-da "Pell Grant" proqramı vasitəsilə məhkumlara ali təhsil almaq imkanı yaradılır. Peşə təhsili, əsas ümumtəhsil fənləri və həyat bacarıqları üzrə təlimlər geniş yayılıb.
İngiltərə və digər Avropa ölkələrində cəzaçəkmə müəssisələrində təhsil geniş tədris proqramları ilə dəstəklənir və burada məhkumlar oxu-yazı bacarıqlarını artırmaq və peşə təhsili almaq imkanına malikdirlər”.
Prosesin mənfi tərəflərinə də toxunan, Kamran Əsədov qeyd edib ki, bəzi ölkələrdə və ya müəssisələrdə resurs çatışmazlığı, maliyyələşmənin zəif olması və ya təhsil proqramlarının məhdudiyyətləri problemi yarada bilər. Məhkumların təhsilə həvəsli olmaması və ya sosial problemlər nəticəsində təhsildən faydalanmaq istəməməsi kimi hallar da müşahidə edilə bilər.
“Beləliklə, cəzaçəkmə müəssisələrində təhsil, məhkumların reabilitasiyası və yenidən sosial inteqrasiyası üçün mühüm bir vasitədir. Bu təhsil məhkumlara həyat və peşə bacarıqları öyrədərək onları gələcəkdə uğurlu və qanuni yolla həyatlarını davam etdirməyə hazırlayır. Azərbaycan və dünya təcrübəsi göstərir ki, bu proqramlar yenidən cinayət törətmə hallarını azaltmaqda təsirli olur və məhkumların cəmiyyətə yenidən uğurla inteqrasiya olunmasına kömək edir”, - o, sonda qeyd edib.
Arifə Kərimzadə