AZ

Azərbaycan və ABŞ Ermənistanla normallaşma prosesinin perspektivlərini müzakirə edib

Sentyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak arasında görüş olub.Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.“Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib”, məlumatda qeyd edilir.Xarici İşlər Nazirliyi bildirir ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, “bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb”.“Bu xüsusda, 16 sentyabrda Ermənistanın ABŞ-dakı səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb”, məlumatda qeyd edilir.Görüş zamanı postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə ABŞ tərəfinə məlumat verilib.“Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib”, Xarici İşlər Nazirliyi qeyd edir.ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın Azərbaycan səfəri ABŞ Dövlət katibi Antoni Blinkenin sentyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan və sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf edir.Sentyabrın 16-da ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ hər zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirmək üçün imkanlar axtarır.“Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə, o cümlədən faydalı olacağı halda görüş təşkil etməyə hazırıq”, o qeyd edib.
 

Facebook-da paylaş

Seçilən
52
50
dunyapress.info

10Mənbələr