"İsrail HƏMAS məsələsini böyük ölçüdə həll edib”.
Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov İsrail müdafiə naziri Yoav Qalantın hərbi əməliyyatların ağırlıq mərkəzini Şimala, Livanla sərhəd ərazilərinə keçirdikləri barədə bəyanatını şərh edərkən deyib:
"Təl-Əvivin Qəzza zolağına hücuma başlaması və ona qədərki proseslərin idarə edilməsi, yəni HƏMAS-ın olacaq terror hücumuna bilərəkdən imkan verməsi əslində yeni dünya düzəninə İsrailin problemsiz girməsinin başlanğıcı idi. Hələ həmin dövrdə qeyd etmişdik ki, İsrail Qəzzadan sonra "Hizbullah" məsələsini də həll edəcək. Qəzzada aparılan bir ilə yaxın əməliyyat nəticəsində İsrail HƏMAS məsələsini böyük ölçüdə həll edib. Misirlə "Rifah" qapısını, yəni Filadelfiya dəhlizini bağladı və HƏMAS-ın təchizat yollarını kəsdi. Yeraltı tunellər böyük ölçüdə məhv edilib. Qəzzanı tamamilə dağıtdı. Əhali girov haldadır. Kiçik qruplar halında qalan HƏMAS döyüşçüləri artıq İsrail üçün təhlükə yaratmır”.
Ekspertin fikrincə, Livanda peycerlərin partladılması artıq "Hizbullah”a qarşı mübarizə mərhələsinə start verildiyinin göstəricisidir:
"Belədə artıq "Hizbullah” məsələsini həll etmək vaxtı çatıb. İki gündür Livanda baş verən peycer, telefon və elektronik əşyaların partlaması ilə "Hizbullah” üzvlərinin məhv edilməsi bu mərhələyə start verildiyini göstərir. Bu mərhələnin başlaması artıq HƏMAS-la mübarizənin sona çatdığını deməyə əsas verir. Bundan sonra HƏMAS adlı təşkilatın ancaq adı qalacaq”.
Ancaq həmsöhbətimiz "Hizbullah”la müharibənin HƏMAS qədər asan olmayacağı qənaətindədir:
"Məsələ ondadır ki, Livanın İsraillə sərhədi olduğu üçün oradan İran, Türkiyə və Rusiya ordularının dəstəklədiyi qrupları yəhudi dövlətilə müharibəyə cəlb edilmək təhlükəsi həmişə olacaq. Ancaq qeyd etdiyimiz ölkələrin açıq şəkildə İsraillə qarşıdurmaya gələcəyi mümkün deyil. Bunun səbəbi isə ABŞ-dır. ABŞ Fars körfəzi və Ağ dəniz hövzəsinə 5 təyyarədaşıyan gəmi göndərir. Bu, az qala ABŞ ordusunun arsenalına daxil olan gəmilərin yarısı deməkdir. Görünən odur ki, ABŞ da məsələnin ciddi olduğunu anlayır”.
Bununla belə, A. Hüseynov hesab edir ki, buna baxmayaraq, İsrail "Hizbullah" məsələsini də həll edəcək:
"Bu, İranın Yaxın Şərq regionundakı mövqelərinə də güclü zərbə olacaq. Amma hesab edirəm ki, məsələ bununla bilməyəcək. İranın növbəsi bundan sonra gələcək”.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qalant ölkənin şimal hissəsindəki Ramat David aviabazasında hərbçilərlə görüşdə
Təl-Əvivin hərbi əməliyyatların ağırlıq mərkəzini Şimala, Livanla sərhəd ərazilərə keçirdiyini bəyan edib. Qalant qeyd edib ki, bununla da müharibənin yeni mərhələsi başlayır.
"Şimal istiqamətində hərbi əməliyyatların məqsədi aydındır: ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtması”.
Rüfət Sultan