AZ

Erkən nikaha qurban gedən həyatlar - Qohum evliliklərinin FƏSADLARI

Sosial cəmiyyətimizin inkişafında, formalaşmasında erkən nikahın və qohumlar arasında bağlanan nikahın yaratdığı problemlər ictimaiyyət arasında daha çox müzakirə olunan məsələlərdəndir. Bu mövzu ətrafında milli mentalitetimizdən, əhalinin sosial maddi səviyyəsindən, təhsil, dünyagörüş baxımından asılı olaraq cəmiyyətdə müxtəlif fikrlər mövcuddur. Ta qədim dövrlərdən bəri cəmiyyətdə bu kimi hallar müxtəlif səbəblərdən çoxluq təşkil etsə də, hazırda inkişaf edən cəmiyyətdə belə halların qarşısını almaq üçün müxtəlif sahələrdə çoxlu sayda elmi və sosial araşdırmalar aparılmış, bir sıra qanunvericilik aktlarından ibarət hüquqi baza yaradılmış, qanunvericiliyə bununla bağlı müddəalar əlavə edilmişdir. 

Tibb elmi bir mənalı şəkildə qeyd edir ki, erkən yaşda ərə gedən qızların ailə uşaq planlaması aparmadan bu həyata atılmaları təkcə yetkinlik yaşına çatmayan ananın həyat və sağlamlığında deyil, eyni zamanda dünyaya gələcək körpənin həyat və sağlamlığında da öz mənfi təsirini göstərmiş olur. Ölkə üzrə statistik məlumatlara əsasən, 18 yaşadək nikaha girən qızların sayı 2011-ci il üzrə 5138 nəfər , 2019-cu il üzrə 366 nəfər olmuş, 18 yaşadək qadınlar tərəfindən 2011-ci ildə 4392 uşaq, 2019-cu ildə 2320 uşaq dünyaya gətirilmişdir. Dünya üzərində aparılan çoxsaylı tibbi araşdırmalara əsasən, 15-19 yaş arası qadınlarda ən çox görülən ölüm səbəbi doğuşun ağırlaşmasıdır, yeniyetmə anaların körpələrinin ölüm riski 20-29 yaşlı anaların körpələrinə nisbətən 50% çoxdur və doğulan yeni doğulmuş uşaqlarda az çəkiyə sahib olma və müxtəlif əqli və fiziki qüsurlu doğulma riski daha yüksəkdir.  

Ölkəmizdə qohum hesab edilən şəxslər arasında 2021-ci ildə 2363 nikah, 2022-ci ildə 2542 nikah qeydə alınmış, bununla yanaşı qohum hesab edilən şəxslər arasında 2021-ci ildə 204, 2022-ci ildə 608 nikah pozulması qeydə alınmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında 18 yaş nikaha daxil olmağın müəyyənləşmiş son həddidir və uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-12-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçməyən şəxslər; ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikah bağlanmasına yol verilmir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli qanuna əsasən 1 iyul 2025-ci il tarixdən qüvvəyə minəcək nikah yaşının azaldılması, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın və nikah yaşının azaldılmasının qadağan edilməsi və bu kimi hallarla bağlı məsuliyyət tədbirləri öz əksini tapmışdır. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi erkən evliliyə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq kimi anlayış verir. 1 iyul 2025-ci il tarixdən qüvvəyə minəcək dəyişikliyə əsasən AR CM-nin 176-1-ci maddəsində bu kimi hadisələrdən zərər çəkən şəxslərin dairəsi müəyyənləşdirildiyi halda, 176-2-ci maddəsində bu kimi cinayətləri törətməyə şərait yaradan, vadar edən şəxslərin o cümlədən valideynlərin, yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsi daşıyan şəxslərin, eyni zamanda erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsin məsuliyyəti müəyyənləşdirilir. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də sözügedən məsələ ilə bağlı dəyişikliklər vurğulanmışdır. Belə ki AR İXM-nin 189-1-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxslə evliliyə dair sövdələşməyə daxil olmağa görə, həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən bu qəbildən olan mərasimlərin keçirilməsi, bundan əlavə yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə məsuliyyət tədbirləri öz əksini tapmışdır.

Erkən evliliklər, həmçinin qohum evliliklərinə ölkəmizdə və dünyanın bir çox ölkələrində səbəb kimi yoxsulluq, ailədə nəfər sayının çoxluğu, təhsil, sosial maddi problemlər, gec evlənmək və ya gec övlad sahibi olmaq qorxusu və s. misal göstərmək olar ki, bu da valideynlər, uşaqları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər, bəzən də din xadimləri tərəfindən valideynlik hüquqlarının həyata keçirilməsi kimi düşünülür. Burda cinayət məsuliyyəti zərərçəkmişin özünün müvafiq quruma şikayəti əsasında yaranır. Bəzi hallarda isə zərərçəkmiş bundan çıxış yolu olaraq intiharı seçir. “Cəhalətin tək qorxusu qadındır. Çünki qadın öyrənərsə uşaqlarını da öyrədər.” deyib dahilər. Xüsusilə qızların təhsildən yayındırılıb onların “Onsuz da oxumur heç olmasa öz ailəsi olsun” düşüncəsi ilə susdurulmuş, cəmiyyətdən və inkişafdan təcrid olunmuş, zorakılığa məruz qalmış, halbuki ailəsi dəstək olsa idi gələcəkdə öz sözünü deyə biləcək, bəlkə alim olacaq, bəlkə həkim olacaq, hər hansı bir statusla cəmiyyətin öncül qadınlarından olacaq qızlarımızı cəhalətə qurban vermiş oluruq. Bu əməllərin  sonda acınacaqlı nəticələrə səbəb olduğunu nəzərə alaraq dövlət tərəfindən qanunvericilikdə təkmilləşdirmə işləri aparılması, bu əməli törədənlərin məsuliyyətə cəlb edilməsi, bu cür əməllərin və onların sanksiyalarının ictimailəşdirilməsi və müxtəlif qurumlar tərəfindən maarifləndirmə işləri aparılması zərurəti yaranmışdır. 

                                                

Güllüzar Rüstəmli

Salyan regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin baş məsləhətçisi,  

3-cü dərəcəli ədliyyə qulluqçusu

Seçilən
62
42
titul.az

10Mənbələr