Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyirmi masa müzakirələrində, həmçinin Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və digər yüksək səviyyəli nümayəndələr, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələri, investor və maliyyə mütəxəssisləri iştirak edib.
Dəyirmi masa müzakirələrində Azərbaycanın COP29 sədrliyi adından çıxış edən nazir Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri, xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətində Azərbaycan sədrliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.
İqlim dəyişikliyinin mənfi təsir və nəticələrinin aradan qaldırılmasının çoxtərəfli həll yolları və inklüziv proses tələb etdiyi, dünyanın müxtəlif bölgələrində, 2022-ci ildə Pakistanda, habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya, Çad, İspaniya və s. bölgələrdə baş verən ölümcül daşqınlar kimi fəlakətlərin müvafiq həll yolları tapılmasını labüd etdiyi diqqətə çatdırılıb.