AZ

Prezident ailəsinin Xankəndidə səs verməsinin dünyaya mesajları…

Image

Müstəqillik dövrünün 9-cu prezident seçkisində xalq öz liderini müəyyənləşdirdi. Azərbaycan xalqı növbəti dəfə inkişafa, tərəqqiyə, sabitliyə, əminamanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi.

Məlumdur ki, fevralın 7-də cənab İlham Əliyev Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdi. İ.Əliyevin Xankəndidə səs verməsinin simvolik mənası var. Bu, dünyaya və dünya erməniliyinə, onların havadarlarına verilən mesaj idi. Bu, Xankəndinin timsalında Qarabağın, Şərqi Zəngəzurun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi.

Aydın Mirzəzadə: “Seçki günü cənab Prezidentin Xankəndidə səs verməsi  dünyaya Azərbaycanın bir olduğunu bir daha sübut etdi” 

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün hər bir azərbaycanlının ürəyi işğaldan azad olunan torpaqlardadır: “Hər birimiz seçki günü Xankəndi, Şuşa, Ağdarə, işğaldan azad olunan digər bölgələrdə səs vermək istəyərdik. Cənab Prezident İlham Əliyev də bizlərdən biridir. O öz addımı ilə vətən sevgisinin, bu torpağa olan məsuliyyətinin böyük olduğunu bir daha nümayiş etdirdi. İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməklə bu torpaqlara əbədi qayıtdığımızı, həmin yerləri cənnətə döndərəcəyini, bir qarışı belə düşmənə verməyəcəyimizi dünyaya göstərmiş oldu”.

Millət vəkili onu da əlavə etdi ki, Prezident İ.Əliyevin işğaldan azad olunan ərazilərə tez-tez səfəri onu göstərir ki, bu yerlər qısa müddətdə abad və göz oxşayan olacaq: “Məlumdur ki, qısa zamanda artıq 5000-ə yaxın vətəndaş öz yurduna geri qayıdıb. 5 yaşayış məntəqəsində 6 orta məktəb var. Onu da deyim ki, Qarabağa qayıdanların böyük əksəriyyəti gənclərdir”.

A.Mirzəzadə hesab edir ki, seçki günü cənab Prezidentin Xankəndidə səs verməsi   dünyaya Azərbaycanın bir olduğunu bir daha sübut etdi.

Rüfət Quliyev: “Cənab prezident İlham Əliyev və onun xanımının Xankəndidə səs verməsi çox anlamlı simvolik addımdır” 

Milli Məclisin deputatı Rüfət Quliyev bildirdi ki, prezident İlham Əliyevin Xankəndi şəhərində səs verməsi bütün dünyaya özünəməxsus mesajdır: “Cənab prezident İlham Əliyev və onun xanımının Xankəndidə səs verməsi çox anlamlı simvolik addımdır. Cənab prezidentin müstəqillik dönəmində Xankəndidə ilk dəfə baş tutan seçki prosesində iştirakı Azərbaycanı sevən, yaxud əfsuslar olsun ki, sevməyən bütün ölkələrə böyük bir mesajdır”.

Günel CƏLİLOVA





Seçilən
81
baki-xeber.com

1Mənbələr