2021-ci il noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyev və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilib. Yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada həyatını itirib.
Müəyyən edilib ki, İrşad Əliyev və Fərid Əliyev tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində mübahisə ediblər.
Mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
İstintaq orqanı tərəfindən Rahib Lətifovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Ramil və Qorxmaz Lətifovların barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham elan edilib.
2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Rahib Lətifov 17 il azadlıqdan məhrum edilib. Qorxmaz Lətifov və Ramil Lətifovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Onların hər ikisinə şərti cəza verilib.