AZ

Telegram-ın qurucusunun Fransada saxlanma müddəti uzadılıb

Telegram messencerinin qurucusu Pavel Durovun Fransada nəzarətdə saxlanılma müddəti 48 saat uzadılıb. Bu barədə “France-Presse” istintaqa yaxın mənbəyə istinadla xəbər verir. Durovun həbsinin uzadılma ehtimalı barədə “Bloomberg” də yazmışdı. Fransa qanunvericiliyinə görə, nəzarətdə saxlanma müddəti yalnız bir dəfə uzadıla bilər. Bundan öncə yayılmış xəbərlərə görə, P.Durovun məhkəməsi avqustun 25-də axşam, yaxud 26-da keçirilməli idi. Telegram-ın Rusiyada anadan olmuş qurucusu və baş icraçı direktoru P.Durov avqustun 24-də axşam Parisdə Le-Burje aeroportu yaxınlığında saxlanılıb. 39 yaşlı milyarderin Azərbaycanın paytaxtı Bakıdan şəxsi təyyarəsi ilə Fransaya mühafizəçisi və şəxsi köməkçisi ilə birgə uçduğu, dərhal saxlanıldığı xəbər verilir. Durovun sahibi olduğu Telegram-da iddia olunan pozuntularla bağlı məhkəmə qarşısına çıxarılacağı bildirilir. Fransa hakimiyyəti onun həbsini dərhal şərh etməsə də, Telegram X-də yaydığı bəyanatda bildirib ki, “Durovun gizlətməyə heç nəyi yoxdur”, durumun dərhal həllini gözləyir. Rusiyanın TASS agentliyi Paris prokurorluğunun avqustun 26-da mətbuat üçün açıqlama verəcəyini yazır. Fransa mediasının yazdığına görə, bu ölkənin azyaşlılara qarşı zorakılığın önlənməsi üzrə idarəsi – OFMIN Durov barəsində ilkin təhqiqatla bağlı həbs orderi verib. Ona qarşı dələduzluq, narkotik qaçaqçılığı, kiberbullinq, mütəşəkkil cinayətkarlıq, terrorçuluğun təbliği kimi iddia olunan pozuntulardan danışılır. SOTA Telegram kanalı yazır ki, Durov Le-Burje aeroportunda miqrasiya həbsxanasında saxlanılır. Onun işi üzrə qərar verilənədək o, dörd günədək orada saxlanıla bilır. Dubayda mənzillənən Telegram platformasının dünyada azı 900 milyon istifadəçisi var. Durov son yeddi ildə ən böyük müsahibəsini aprelin 17-də ABŞ-dan şərhçi Taker Karlsona (Tucker Carlson) verib, Telegram-ın “neytral platforma” olduğunu, geosiyasətdə rol oynamadığını söyləyib. Ancaq Ukraynada tənqidçilər onun dezinformasiya yaymasından, qanunsuz hərəkətləri asanlaşdırmasından narahatdırlar. Bəziləri Telegram-ı Rusiya dövlətinə bağlılıqda, onun müharibəsinə töhfə verməkdə ittiham edirlər. Rusiyalı Durov 10 il öncə ölkəsini tərk edib, 2021-ci ildə Fransa vətəndaşlığı alıb. Son vaxtlar o, şirkətinin ofisinin yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərində yaşayıb. Durov Rusiyanın “VKontakte” sosial şəbəkəsinin qurucusudur. O, Telegram messencerini 2013-cü ildə hazırlayıb və hazırda 30 milyard dəyəri olan platformanın əsas sahibidir. Rusiya hakimiyyəti 2018-ci ildə Telegram-a girişi müvəqqəti əngəlləyib. Qərara platformanın Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqdan imtinasının səbəb olduğu bildirilir. Qurum istifadəçilərin yazışmalarının şifrələmə kodlarını istəyirdi. Tətbiq isə bildirib ki, yazışmaların gizliliyi konstitusiya ilə təmin olunur. Telegram-ın bloklanmasını Rusiya hökumətinin tənqidçiləri, bir çox ictimai xadimlər tənqid ediblər. Onun müdafiə məqsədilə Moskvada kütləvi yürüş keçirilib, orada ovaxtkı müxalifət lideri Aleksey Navalnı da çıxış edib. Amma Rusiyanın müstəqil media orqanları yazıblar ki, Telegram hakimiyyətlə kompromis əldə edib, bir neçə il ərzində təhlükəsizlik xidmətləri ilə bəzi məlumatları paylaşıb. Amma Telegram bunu təkzib edib. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
xural.com

1Mənbələr