AZ

Maşlaq məktəbliləri bu il də yeni məktəbdə oxumayacaqlar

Yayımlandı: 27 Avqust 2024 12:10 Azyaşlılar digər kəndlərdəki məktəblərə getmək məcburiyyətində qalacaqlar Cəlilabadın ən böyük kəndlərindən biri olan Maşlıq kənd tam orta məktəbi uçmaq üzrədir. Kənd sakinləri deyirlər ki, yeni tədris ilinə sayılı günlər qalıb. Belə görünür, bu tədris mövsümündə də məktəb binası təmir edilməyəcək. Məktəbin tavanı və döşəməsi çöküb, divarlarda iri çatlar yaranıb. Kənd sakinləri Meydan TV-yə söyləyiblər ki, məktəb binası artıq neçə ildir qəzalı vəziyyətdədir. Binanın uçmaması üçün içəridən dirəklər də qoyulub, yoxsa bina hər an çökə bilər. Sakinləri narahat edən digər məsələ odur ki, dərslərin davam etməsi üçün başqa binalarda yer ayrılıb, amma həmin binalar da təmirsiz, uçuk-sökükdür. Foto: Meydan TV Kənd sakini Rafiq Babayev deyib ki, kəndin 5 minə yaxın sakini var. Amma buna baxmayaraq, məktəb binasının tikintisi yubadılır. “Bina məndən yaşlıdır, bəlkə də 60 il əvvəl istifadəyə verilib. Sonuncu dəfə nə vaxt əsaslı təmir işləri aparıldığını heç kim xatırlamır. İndi təmir də işlərinə ehtiyac qalmayıb. Bina söküb yerinə yenisi tikilməlidir”,- Babayev deyib. Bildirib ki, yeni tədris ilində onun azyaşlı uşaqları yağışda-qarda digər kəndlərdəki məktəblərə gedəcəklər: “Bizim şikayətə heç kim baxmır. Dəfələrlə bütün aidiyyatı qurumlara müraciət etmişik. Vəziyyətdən Elm və Təhsil Nazirliyinin, rayon rəhbərliyinin xəbəri var”. Foto: Meydan TV Lənkəran-Astara Regional Təhsil İdarəsindən Meydan TV-yə sorğusunda cavab olaraq bildiriblər ki, idarənin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 41 təhsil müəssisəsində cari, 4 müəssisədə əsaslı təmir aparılır. 8 təhsil müəssisəsinin isə tikintisi icra edilir. Tikintisi icra edilən təhsil müəssisəsinin 3-ü Cəlilabad rayonunda fəaliyyət göstərəcək. Maşlıq kənd tam orta məktəbi də tikintisi planlaşdırılan ümumi təhsil müəssisələri arasındadır. Növbəlilik prinsipi əsasında tikinti işlərinin aparılması nəzərdə tutulub. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
xural.com

10Mənbələr