AZ

Akif Qurbanov Vatslav Havel Mükafatına namizəddir

Yayımlandı: 28 Avqust 2024 11:40 AŞPA sədri bütün insan hüquqları müdafiəçilərinə ehtiramını bildirib 2024-cü il Vatslav Havel Mükafatı üçün qısa siyahıya üç namizəd var. Onlar Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsi sahəsində çalışıblar. Namizədlər sırasında Azərbaycan vətəndaş cəmiyyətinin üzvü Akif Qurbanovun da adı var. O, Demokratik Təşəbbüs İnstitutunun (IDI) və Üçüncü Respublika Platformasının həmtəsisçisidir. Akif Qurbanov 2024-cü ilin martında Azərbaycanda jurnalistləri və fəalları hədəf alan həbs dalğasında tutulub. Digər namizəd Maria Corina Machado Venesueladandır. O, ölkəsində insan haqlarının pozulmasını pisləyən, demokratiya və qanunun aliliyini müdafiə edən aparıcı siyasi xadimdir. Maria Corina vətəndaş və siyasi azadlıqlar, hüquqlar və vətəndaşların iştirakı üçün Venesuelanın “Súmate” könüllü vətəndaş təşkilatının həmtəsisçisidir. Üçüncü namizəd isə Gürcüstandandır. Babutsa Pataraia feminist fəal və insan haqları üzrə hüquqşünasdır. O, 2013-cü ildən qadın hüquqlarına diqqət yetirən və zorakılıq qurbanlarına dəstək verən “Sapari” QHT-nin direktorudur. On ildən artıqdır ki, qadın öldürmə, qadınlara qarşı cinsi zorakılıq və cinsi təcavüzə qarşı mübarizə aparır. Mükafatla bağll iclas Praqada keçirilib. Panelə sədrliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos edib. Namizədlərlə bağlı çıxışında bildirib ki, onların mübarizəsi hamımız üçün bir nümunədir.Vatslav Havel İnsan Hüquqları Mükafatı hər il AŞPA tərəfindən Vatslav Havel Kitabxanası və Charta 77 Fondu ilə birgə verilir. O, 60.000 avro, kubok və diplomdan ibarətdir. İndiyədək mükafatı bu şəxslər alıb: Osman Kavala (2023), Vladimir Kara-Murza (2022), Mariya Kalesnikava (2021), Loujain Alhathloul (2020), İlham Tohti (2020), Oyub Titiev (2018), Murat Arslan (2017), Nadia Murad (2016), Ludmilla Alekseeva (2015), Anar Məmmədli (2014) və Ales Bialiatski (2013). Panelin seçimini elan edən AŞPA sədri bəzən öz həyatları bahasına da olsa, əsas azadlıqları və insan hüquqlarını qorumaq və təşviq etmək üçün möhkəm dayanan bütün insan hüquqları müdafiəçilərinə ehtiramını bildirib: “Bu gün öz cəsarəti, qətiyyəti və gücü ilə bizə azadlıq yolunu göstərən qadın və kişiləri qeyd etmək həmişəkindən daha böyük əhəmiyyət kəsb edir”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
xural.com

1Mənbələr