AZ

Ziya Məmmədov Ucar sakininin torpağını əlindən alıb, anasının adına keçirib

Ucar rayonu Qazıqumlaq kənd sakini Məlikəliyev Sabir Şaiq oğlu iddia edir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədov ona məxsus torpaq sahəsini anasının adına sənədləşdirərək, saxtakarlıqla ələ keçirib. O, JAMAZ.İNFO-ya göndərdiyi şikayət məktubunda yazır ki, bu torpaq sahəsi onun ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilib.
Sabir Məlikəliyev bildirir ki, həmin torpaq sahəsi atası Məlikəliyev Şaiq Sabir oğluna, anası Məlikəliyeva Nailə Sırac qızına, bacısı Məlikəliyeva Aygün Şaiq qızına və özünə verilib və ümumi sahəsi isə 1.11 hektar təşkil edir. “Qazıqumlaq kənd üzrə icra nümayəndəsi Məmmədov Mehman Rakim oğlu vəzifəsindən sui-istifadə edərək mənə məxsus 1.11 ha torpaq sahəsini Ziya Məmmədovun anası Mehdiyeva Şirinnaz Məhəmməd qızına saxta sənədlərlə satıb. Hansı ki, həmin torpaq sahəsi mənim olsa da, heç bir məlumatım və iştirakım olmadan bu qanunsuzluğu ediblər”.
O deyib ki, Ziya Məmmədov əslən Ucarın Qazqumalq kəndindədindir. “Onun və qardaşlarının Qazıqumlaq kəndində hektarlarla torpaq sahələri və möhtəşəm villaları var. Mehman Məmmədovu Qazıqumlaq kənd icra nümayəndəsi vəzifəsinə Ziya Məmmədov təyin etdirib”.
Sabir Məlikəliyev yazır ki,  Ziya Məmmədovun tapşırığı əsasında valideyinləri və bacısı 19.02.2013-cü il tarixli 189328 saylı etibarnaməni imza edərək, razllıq veriblər ki, ailə üzvülərinə məxsus olan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyə və onun üzərində sərəncam verməyi icra nümayəndəsi Məmmədov Mehman Rakim oğluna 10 il müddətində etibar ediblər. “Hansı ki, buna heç bir əsas olmayıb. Çünki həmin Mehman Məmmədov bizim nə qonşumuz, nə qohumumuz nədəki tanışımız deyil. Belə olan təqdirdə nə üçün mənim savadsız valideyinlərim və bacım evimizin torpaq sahəmizin və digər əmlaklarımızın idarə edilməsini 10 illik etibarnamə ilə ona həvalə etməliyik? Bütün bu saxtakarlıqları Ziya Məmmədovun tapşrığı ilə Mehman Məmmədov və Ucar rayon Notariat Kontorunun rəisi əlbir olaraq ediblər”.
Ucar sakini deyir ki, həmin 1, 11 ha əkin torpaq sahəsinin Şirinnaz Mehdiyeva satılması üçün onun razılığı və iştirakı olmalı idi. “Ancaq mənim iştirakım və razılığım olmadan həmin 1.11 ha torpaq sahəsinin satılmasını Ucar rayon Notariat Kontoru qanunsuz olaraq həyta keçirib. Hazırda Ziya Məmmədovdan savayı bu cinayəti edənlər Mehman Məmmədov Ucar rayonu Qazıqumlaq kənd icra nümayəndəsi vəzifəsində, digər şəxs isə Ucar rayon Notariat Kontorunda işləyir”.
Sabir Məlikəliyev bu məsələdə rəsmi qurumlardan yardım istəyib. O deyib ki, Rusiyada olduğu üçün məsələdən indi xəbər tutub. Ona görə də, torpağının geri qaytarılmasına çalışır.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Seçilən
57
12
jamaz.info

3Mənbələr