AZ

2010-cu il seçkisi: namizədlər güzəştə getmədilər…

Natiq Cavadlı V hissə Əvvəlki hissəni buradan oxuya bilərsiz. Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri sayılır. Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 və 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub. Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib. Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb. Milli Məclis seçki kampaniyasının 75 gündən 60 günə endirməklə prosesə start verdi 2010-cu ilin parlament seçkilərinə start Milli Məclisin iyunun 18-də Seçki Məcəlləsinə iki dəyişikliyi müzakirəyə çıxarması ilə başladı. Təklif hakim Yeni Azərbaycan Partiyasından gəlmişdi. Qanunverici orqan seçki kampaniyasının müddətini 75 gündən 60 günə endirilməsini və qeydə alınan namizədlərə dövlətdən 200 manat vəsait ayrılması qaydasının ləğv olunmasını gündəliyə daxil etmişdi. Milli Məclis hakim partiyanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərini təsdiqlədi. İclasda çıxış edən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bildirdi ki, hələ 2003-cü ildə seçki müddəti məcəllədə 120 gün nəzərdə tutulanda bunun  həddən artıq çox vaxt olduğunu söyləyib: “Ona görə də müddətin qısaldılması məqsədəuyğundur”. Qüdrət Həsənquliyev. Foto: arxiv O, beynəlxalq təşkilatların bu məsələdə mövqeyinin ədalətli olmadığını bildirib. Hakim partiyanı parlamentdə təmsil edənlərdən Siyavuş Novruzov təklif olunan əlavə və dəyişikliklər haqda deyib ki, əgər seçkilərin keçirilməsini dövlət maliyyələşdirirsə, dairə və məntəqə seçki komissiyalarını dövlət saxlayırsa, seçki ilə bağlı bütün xərcləri dövlət ayırırsa, namizədlərə vəsait verilməsi doğru deyil: “Məsələn, 2005-ci ildə də həmin vəsait ayrılmışdı, qanuna görə 3 faizə qədər səs toplamayan namizədlər vəsaiti geri qaytarmalıdır, lakin bugünə kimi vəsait geri qaytarılmayıb”. “Seçki kampaniyasının uzun müddət aparılması seçiciləri yorur” YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Mediaforum”a bildirib ki, seçki kampaniyasının uzun müddət aparılması seçiciləri yorur: “Ona görə də namizədlər üçün təşviqat kampaniyasının uzun olması əlverişli deyildir. Bu gün texnoloji baxımdan böyük yeniliklər ortaya çıxıb. KİV, media, müxtəlif formalarda internetdən istifadə seçki kampaniyasını müasirləşdirməyi tələb edir. Elə ölkələr var ki, orda seçki kampaniyası 35, yaxud 40 gündür. Söhbət yanız təşviqat kampaniyasından deyil, namizədlərin irəli sürülməsi, qeydiyyata alınması və təşviqat kampaniyasının həyata keçirilməsi müddətinin cəmindən gedir. Konkret olaraq, İspaniya, Almaniya, Fransa, Böyük Britaniya və Gürcüstanda seçki kampaniyasının müddəti bizim layihədə müəyyən etdiyimiz qədərdir”. Mübariz Qurbanlı. Foto: Azərtac M.Qurbanlı əlavə və dəyişikliklərlə bağlı hansı beynəlxalq təşkilatdan rəy alması barədə suala belə cavab verib: “Biz hər qanunumuzu hər dəfə xarici ekspertizadan keçirsək, ölkəmizinin suverenliyinə hörmətsizlik etmiş olarıq. Həm də iyunun 9-da MM-də müvafiq komitəsində layihə müzakirə olunarkən ATƏT-nin İspaniyadan olan nümayəndəsi iştirak edirdi. Müzakirələrdən sonra ondan soruşdum ki, sizin ölkədə kampaniya müddəti nə qədərdir, sizin layihədə təklif etdiyiniz müddət bizim ölkədəki seçki kampaniyası müddətindən çoxdur”. Cankorel: “Düzəlişlərin səbəbini başa düşmürük” Hələ iyunun 10-da ATƏT-nin Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel jurnalistlərə məsələni Azərbaycanın müvafiq qurumları ilə müzakirə edəcəyini demişdi. O, təklif edilən düzəlişlərin səbəbini başa düşmədiyini vurğulamışdı: “Biz namizədlər üçün böyük imkanlar yaradılmasının tərəfdarıyıq. Məhdudlaşdırıcı və narahatlığa səbəb olan yenilikləri dəstəkləmirik. Biz imkanların bütün maraqlı tərəfləri qane edəcək şəkildə genişləndirilməsinin tərəfdarıyıq”(Turan). İyunun 27-də ATƏT-nin Bakı nümayəndəliyi qurumun üzv dövlətlərinin səfirləri və beynəlxalq təşkilatların üzvləri ilə 7 noyabr parlament seçkilərini müzakirəyə çıxarıb. Təbdirdə çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel deyib ki, ATƏT-nin təkliflərinin yerinə yetirilməsi istiqamətində sevindirici bir şey yoxdur. Onun sözlərinə görə, Bakı Ofisi seçki komissiyalarının tərkibi ilə bağlı hökumət və siyasi partiyalarla geniş dialoq keçirsə də, bu sahədə irəliləyiş yoxdur. Əli Bilgə Cankorel. Foto: arxiv “Seçki komissiyalarının tərkibi ilə bağlı bundan sonra dəyişiklik olacağına inanmırıq”, – deyə Cankorel səfirlərə bildirib. Diplomat seçkilərə az müddət qalmış qanunvericiliyə dəyişikliyin seçkilərə mənfi təsir etdiyi haqda tövsiyəsinin nəzərə alınmadığını da diqqətə çatdırıb: “Biz parlamentə məlum dəyişikliklərlə bağlı narahatlığımızı çatdırdıq. Ancaq parlament seçki kampaniyasının 75 gündən 60 günə, təşviqat kampaniyasının 28 gündən 23 günə endirilməsi və namizədlərə 200 manat dövlət dəstəyinin aradan qaldırılması barədə düzəlişi etdi”. “Azadlıq” blokuna xitam verildi İyunun 13-də ALP lideri Lalə Şövkət Hacıyeva “Mediaforum” saytına artıq “Azadlıq” Blokunun fəaliyyətinə xitam verildiyini açıqlayır: “Əgər AXCP Müsavatla seçki bloku yaratmaq haqda Rəyasət Heyəti səviyyəsində qərar qəbul edibsə, blok mövcud ola bilməz. Bu, bizim üçün yenilik deyil, gözləyirdik. Mən istəyirdim ki, Əli bəy bu məsələyə aydınlıq gətirsin və son seçimini etsin. Çünki Əli bəy də dedi ki, sıravi cəbhəçilər bunu istəyirlər”. Əli Kərimli və Lalə Şövkət Hacıyeva. Foto: arxiv İyulun 15-də AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinə blokun fəaliyyətinin dayandırıldığını təsdiqlədi: “Yaxın günlərdə Müsavat Partiyası ilə danışıqlara başlayacağıq. AXCP və Müsavat seçki blokunun formalaşdırılması ölkədə yeni situasiya yaradacaq”. Haşiyə: 2005-ci ildə Müsavat Partiyasından Milli Məclisə mandat qazananların parlamentə getməsi partiyanın “Azadlıq” blokunu tərk etməsi ilə nəticələnmişdi. İlham Əliyev: Əminən ki, qarşıdan gələn seçkilər də ədalətli keçiriləcək İyulun 12-də Mərkəzi seçki Komissiyasının yeni binasının açılışı olub. Açılışda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan parlament seçkilərinə tam hazırdır: “Əminən ki, qarşıdan gələn seçkilər də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycan demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaq”. ATƏT ilk hesabatını yayır İyulun 28-də ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  (ATƏT /DTİHB) noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı 30 uzunmüddətli, 450 qısamüddətli müşahidəçi göndərəcəyini açıqlayır. İyulun 30-da  ATƏT-nin Azərbaycan üzrə seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası hesabat yayır. Hesabatda toplaşma azadlığının çox məhdud olduğu, media azadlığının məhdudlaşdırıldığı, kampaniya müddətinin qısaldığı, seçki komissiyalarının tərkibinin dəyişdirilmədiyi qeyd olunur. Həmçinin, sənəddə elektron KİV-də müxtəlif siyasi fikirlərin eşidilmədiyi, Əli Kərimliyə 2005-ci ildən pasport verilmədiyi, Eynulla Fətullayevin azad olunmadığı, Adnan Hacızadə və Emin Abdullayevə saxta məhkəmə qurulduğu qeyd edilir. Hesabatın sonunda ATƏT hökuməti qeyd edilən məsələlərin, xüsusilə toplaşma azadlığının təmin edilməsi, media mühitinin təkmilləşdirilməsi və seçki komissiyalarının tərkibinə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görməyə çağırır. AXCP və Müsavatdan ilk mitinq Avqustun 31-də AXCP və Müsavatın birgə aksiyasına cəhd olur. Polis aksiyanın qarşısını alaraq 80-dən çox adamı həbs edir, onlardan 18-nin işi məhkəməyə göndərilir. Sonunculardan bir qismi cərimə edilib, qalanı isə 8-10 sutka inzibati cəza alıb. “Öhdəliyiniz var ki, seçki kampaniyası dövründə həm siyasi reklamlar, həm də təşviqat balanslı olmalıdır” Avqustun 24-də ATƏT-nin Bakı nümayəndəliyi hakimiyyət və müxalifət nümayəndələrini bir araya gətirərək “Seçki dövründə medianın rolu” mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə ATƏT-nin Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel, Prezident Administarsiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, MSK sədri Məzahir Pənahov, siyasi partiyaların liderləri, beynəlxaq təşkilatların və KİV-lərin nümayəndələri qatılmışdılar. ATƏT-nin Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter 2008-ci il seçkilərini misal çəkərək bildirib ki, həmin vaxt televiziyalar hakimiyyətin namizədinə daha çox vaxt ayırıblar: Foto: arxiv “Məsələn, Az.TV hakimiyyətin namizədinə 94 faiz yer ayırıb. Bələdiyyə seçkilərində isə heç bir televiziya namizədlərə yer ayırmayıb. Təklif edirik ki, Seçki Məcəlləsinin 77.1 maddəsi dəyişdirilsin, mediada namizədlərə bərabər imkanlar yaradılsın. Dövlət televiziyaları hökumətin nəzarətində olmasınlar, özəl kanallar siyasi kampaniyalara daha çox vaxt ayırsınlar. ATƏT-nin üzv ölkələrinin öhdəlikləri sırasında o da var ki, seçki kampaniyası dövründə həm siyasi reklamlar, həm də təşviqat balanslı olmalıdır”. Əli Həsənov bu sahədə heç bir problem olmadığını, bütün namizədlərə bərabər imkanların yaradıldığını dedi. ATƏT-nin Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel noyabr seçkiləri zamanı ictimai və dövlət televiziyalarından istifadə imkanlarının genişləndirilməsi ilə bağlı 4 tövsiyəsinin olduğunu səsləndirib: “Birinci, pulsuz efir vaxtının həftədə 3 saatdan ən azı 6 saata qədər artırılması. İkinci, heç bir ayrı-seçkilik edilmədən partiya üzvlərinin xəbərlər proqramında, tok-şoularda və digər proqramlarda çıxışlarının mümkünlüyü. Üçüncü, Seçki Məcəlləsinin 77.1 maddəsinə Az.TV-nin üzərinə namizədlər üçün pulsuz efir vaxtı ayırmaq öhdəliyi qoyan düzəlişin edilməsi. Dördüncü, həm mərkəzi, həm regional tele-radio kanallarında namizədlərin debatlarının və platformalarının işıqlandırılması üçün əlverişli şəraitin yaradılması”. DUİ və Müsavat razılığa gəldilər Sentyabrın 1-də Müsavat Partiyası Demokratiya Uğrunda İttifaq (DUİ) (Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq, Milli Qurtuluş) ilə seçkilərlə bağlı əməkdaşlıq sazişi imzalayır. Sazişdə tərəflərin seçki fəaliyyətini koordinasiya etməsi və bir sıra dairələrdə razılıq əldə olunması göstərilir. DUİ 7 saylı Ordubad-Culfa dairəsindən İlqar Səidoğlunu, 9 saylı Binəqədi II seçki dairəsindən Elşad Musayevi, 11 saylı Qaradağ seçki dairəsindən Bəybala Əbili, 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Əhməd Orucu, 22 saylı Nəsimi II seçki dairəsindən Pənah Hüseyni, 42 saylı Sumqayıt II seçki dairəsindən Mirmahmud Mirəlioğlunu, 63 saylı Sabirabad I seçki dairəsindən Qiyas Sadıxlının namizədliklərini irəli sürəcəklərini bildiriblər.     Foto: Meydan TV Sentyabrın 4-də Müsavat Partiyasının məclisində çıxış edən partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, Demokratiya Uğrunda İttifaqla (DUİ) 18 dairədə, AXCP ilə 70 dairədə razılıq əldə olunub: “DUİ Müsavat Partiyasının 11, biz isə onların 7 namizədini müdafiə edəcəyik. AXCP ilə daha 10 dairə üzrə danışıqlar davam edir. Ancaq müsavatçı deputatların və rəhbərliyə daxil olan şəxslərin dairəsindən heç bir güzəşt ola bilməz”.    “AXCP-Müsavat” Bloku namizədlərini elan etdi… Sentyabrın 8-də “AXCP-Müsavat” bloku elan olundu. Razılaşmaya əsasən, ilkin olaraq blokun siyahısında 41-i müsavatçı, 41-i cəbhəçi, 7-si bitərəf olmaqla 89 nəfər vahid namizəd elan edildi. Blok rəhbərləri sentyabrın 18-də daha bir neçə dairədə razılığa gəldilər. Əvvəlcə 115 saylı Şəki kənd dairəsində AXCP sədrinin müşaviri Sahib Kərimli Müsavat Divanının üzvü Adil Qeybullaya güzəştə getdi. 113 saylı Şəki şəhər dairəsində isə Hikmət Hacızadə də Sahib Kərimliyə güzəştə getdi. Amma blok 17 (Qənimət Zahid-Nüşabə Sadıxlı), 20 (Səmaləddin Əkbər-Qubad İbadoğlu), 25 (Məhəmməd Talıblı-Rauf Arifoğlu), 26 (İbrahim Vəliyev-Tofiq Yaqublu), 29 (Həsən Kərimov-Mehman Cavadoğlu) və 115 (Sahib Kərimov-Adil Qeybulla) saylı dairələrdə razılığa gələ bilməmişdilər. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat” qəzetinə deyib ki, mübahisəli dairələrlə bağlı hər iki partiya tərəfindən təkliflər irəli sürülür və dəyərləndirilir: “Müsavat-AXCP” Bloku. Foto% Azadlıq Radiosu “Əgər təkliflər gerçəkləşsə, hər iki partiya rəhbərliyinə daxil olan şəxslərin, həmçinin, seçkilərlə şanslı hesab etdiyimiz namizədlərin, hazırda millər vəkili olan şəxslərin blokun vahid namizədi kimi müəyyən edilməsi mümkün olacaqsa, blokun yaranması yolunda heç bir maneə qalmayacaq”. Həmçinin, partiyalar bitərəf kimi 9 saylı Binəqədi ikinci seçki dairəsindən İlqar Məmmədovu, 16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirlini, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Eldəniz Quliyevi, 35 saylı Xətai üçüncü seçki dairəsindən Aqil Səmədbəylini, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən Rəis Rəsulzadəni,  62 saylı Saatlı seçki dairəsindən Ənnağı Hacıbəylini, 92 saylı Zərdab-Ucar dairəsindən Bahar Rüstəmlini, 94 saylı Bərdə kənd Elnur Məcidlini, 100 saylı Şəmkir-Daşkəsən dairəsindən Ərəstun Oruclunu, 124 saylı Şuşa-Ağdam-Xocalı dairəsindən Cəlal Allahverdiyevi dəstəkləyəcəklərinə dair razılığa gəlirlər. Blokun siyahısında jurnalistlər də yer almışdı: Rauf Arifoğlu, Leyla İlqar, Pərviz Həşimli, Xaliq Hacıyev, Qənimət Zahid. Ümumiyyətlə, “Yeni Müsavat” qəzetindən seçkiyə Elşad Paşasoy (72 saylı Yardımlı-Masallı) və Ələsgər Süleymanov (118 saylı Ağdam şəhər) da qatılmışdı. Onların hər ikisi “AXCP-Müsavat” Bloku tərəfindən müdafiə olunurdu. Amma Pərviz Həşimlinin, Ələsgər Süleymanovun namizədlikləri qeydə alınmadı. “AXCP-Müsavat” Rauf Arifoğlu və Qənimət Zahidin qatıldıqları dairələrdə razılığa gələ bilmirdilər. Rauf Arifoğlunun qatıldığı 25 saylı Nizami seçki dairəsində AXCP Məhəmməd Talıblını, Qənimət Zahidin yarışdığı 17 saylı Yasamal Seçki dairəsindən Müsavat Partiyası Nüşabə Sadıxlını müdafiə edirdi. Bu dairədən deputat Ülvi Quliyev və Bəxtiyar Hacıyev də seçkilərə qatılmışdı.   Sentyabrın 16-da Məhəmməd Talıblı namizədliyini 24 saylı Nizami I seçki dairəsindən irəli sürməklə Rauf Arifoğluya güzəştə getdi. Rauf Arifoğlunun YAP-dan rəqibi Sədaqət Vəliyeva idi, onun ARDNŞ prezidenti Rövnəq Abdullayevin qohumu olduğu bildirilirdi.    “AXCP-Müsavat” 3, 5, 7, 44, 47, 51, 52, 63, 69, 72, 81, 91, 107, 110, 112, 120, 122, 123 dairələrində namizədlərini hələ müəyyənləşdirməmişdi. Davamı var. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
xural.com

1Mənbələr