İran prezidenti Məsud Pezeşkian dövlət televiziyasında iştirak etdiyi proqramda yeni hökumətin daxili və xarici siyasəti ilə bağlı qiymətləndirmələr edib.
Hafta.az-ın yazdığına görə, Pezeşkiyan ədalət və ayrı-seçkilik mövzusunu vurğulayaraq, "İnsanların problemlərini həll etmək istəyirik. Diqqətimiz insanların məmnunluğudur. ABŞ və Avropanın ağır sanksiyalarına məruz qalırıq, lakin insanlara qarşı mehriban davranmalı, ayrı-seçkiliyi, hər cür məhrumiyyətləri aradan qaldırmağa çalışırıq” deyib.
İqtisadi problemlərə də toxunan Pezeşkian xalqın mövcud vəziyyəti və yüksək inflyasiyanı hiss etdiyini, bu problemin həlli üçün işə başladıqlarını bildirib.
Pezeşkiyan, "Ölkə daxilindəki fikir ayrılıqlarını, qonşularımızla və dünya ilə olan problemləri həll etməliyik. İqtisadiyyat artıq xarici mövzularla bağlıdır" deyib.
İran lideri Ayətullah Əli Xameneinin diqqət çəkdiyi iqtisadiyyatda 8 faizlik artım üçün xarici sərmayəyə ehtiyac duyduqlarını açıqlayan Pezeşkiyan deyib: "Mütəxəssislər 8 faizlik artım üçün 200 milyard dollar sərmayəyə ehtiyacımız olduğunu düşünür. Bu, ölkə daxilində kapital və məhsuldarlığı artırmaqla mümkündür. Lakin "ümumi kapitalımız 100 milyard dolları keçmir. Ona görə də 100 milyard dollar xarici investisiyaya ehtiyacımız var. Bu, xarici əlaqələrimizlə, dünya ilə, qonşularımızla və xaricdəki iranlılarla əlaqələrimizlə bağlıdır".
Digər tərəfdən, İran prezidenti sosial media hesabından paylaşdığı mesajda ölkədəki internet qadağalarına diqqət çəkərək, “İctimaiyyətin rahatlığı üçün kiberməkanla bağlı qaydaları Ali Milli Təhlükəsizlikdə Şurası və Kiberməkanın Ali Şurası müəyyən edəcək” deyib.