Asiya İnkişaf Bankının (ADB) enerji üzrə baş direktoru Priyanta Vijayatunqa (Priyantha Wijayatunga) Azərbaycanın enerji keçidi və onun genişləndirilməsi üçün strateji inkişaf prioritetlərini, o cümlədən ölkədə yaşıl dəhlizlərin planlaşdırılmış inkişafı, bərpa olunan enerji infrastrukturu, enerji şəbəkəsinin genişləndirilməsi və dekarbonizasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan rəsmiləri ilə görüşüb.
Gunedm.az xəbər verir ki, səfər zamanı P. Vijayatunqa Maliyyə naziri Samir Şərifov, hökumət rəsmiləri və digər aidiyyatı qurumlarla görüşlər keçirib.
“Biz ölkənin enerji keçidini sürətləndirmək üçün hökumətin prioritetlərini yüksək qiymətləndiririk. AİB və Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda, AİB ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulayır”,- deyə P. Vijayatunqa bildirib .
Son 25 ildə AİB Azərbaycanın enerji sektoruna 1,7 milyard ABŞ dolları sərmayə qoyub. 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payının 30 %-ə çatması, həmçinin yaşıl dəhlizlərin inkişafı, o cümlədən Xəzər dənizinin sualtı kabel layihəsi, elektrik ötürücü və paylayıcı şəbəkələrin gücləndirilməsi və enerjinin genişləndirilməsi kimi əsas strateji prioritetlər Azərbaycan və AİB-in gələcək tərəfdaşlığının əsasını təşkil edəcək.
Baş direktor, həmçinin ADB-nin birgə maliyyələşdirdiyi Azərbaycanda ilk bərpa olunan günəş enerjisi layihəsi kimi tanınan Ələt qəsəbəsi yaxınlığındakı “Masdar” şirkətinin 230 meqavatlıq Qaradağ günəş enerjisi stansiyasının uğurla ərsəyə gəlməsini, eləcə də gələcəkdə tamamlanacaq 1 giqavatlıq günəş və külək layihələrini müzakirə edib. O, həmçinin COP29 tədbirinin keçiriləcəyi əsas məkan olan Bakı Olimpiya Stadionunun yaxınlığında, Böyükşor gölündə 100 kVt-luq Üzən Günəş Fotovoltaik (FPV) Pilot Layihəsinin bu yaxınlarda istifadəyə verilməsi münasibətilə Energetika Nazirliyini təbrik edib.
Asiya və Sakit Okean regionunun iqlim bankı kimi AİB, həmçinin noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla, Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir.
Qeyd edək ki, Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən ADB dövlət və özəl sektora, o cümlədən nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrinə 5 milyard ABŞ dolların dan çox vəsait ayırıb. AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.