AZ

Müsavat ilkin rəy yaydı: “Seçkilər yenidən keçirilsin”

Yayımlandı: 2 Sentyabr 2024 14:02 Partiya qanunverici orqana keçirilən seçkiləri legitim saymır Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Müsavat Partiyası azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik mühitin olmadığını qeyd edir: “Seçki demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirilib. Seçki ərəfəsində ölkədə sərbəst toplaşma hüququ, söz və ifadə azadlığı təmin edilməyib. Müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara,  jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam edib. Siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə onların sayı son dövrlərdə daha da artıb. Siyasi və ictimai təşkilatların, o cümlədən Azərbaycanın üzv olduğu beynəlxalq qurumların seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı təklif və tövsiyələri nəzərə alınmayıb”. Partiya seçki islahatlarının aparılmaması nəticəsində ölkədə proporsional seçki sisteminin bərpa edilmədiyini vurğulayıb: “Ölkə əhalisinin sayı son onilliklər ərzində xeyli artsa da Milli Məclis üzvlərinin sayı dəyişilməyib, bütün seçki komissiyaları və oradakı vəzifələr həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb. Son dövrlərdə Azərbaycanda keçirilən seçkilərin, referendumların nəticələrini saxtalaşdırdıqları barədə çoxsaylı faktların mövcud olduğu seçki komissiyalarının tərkibi dəyişdirilməyib. Xüsusilə, Bakı və digər böyük şəhərlərdə təşkil olunan seçki komissiyalarının tərkibi müvafiq seçki dairəsinin ərazisində qeydiyyatda olmayan şəxslərdən təşkil edilib ki, bu da Seçki Məcəlləsinin 36.2. maddəsinə ziddir“. “Namizədlərin irəli sürülməsi və imzatoplanması kampaniyası dövründə müxalifətdən olan və müstəqil namizədlər bir çox bürokratik əngəllərlə üzləşib.Xüsusilə partiyalardan olan namizədlərdən çoxsaylı, həm də notariuslar və banklar tərəfindən təsdiq olunacaq sənədlərin tələb olunması onlar üçün əlavə çətinliklər yaradıb. Bəzi hallarda yalnız müxalifət nümayəndələrindən deyil, müstəqil olaraq namizədliyini irəli sürmüş şəxslərdən də  namizədlikdən imtina etmələri tələb olunub. Müsavat Partiyası tərəfindən irəli sürülmüş, seçici imzaları və qanunda nəzərdə tutulan sənədləri DSK-lara təqdim etmiş bəzi namizədlər müxtəlif bəhanələrlə qeydə alınmayıb”, – deyə rəydə qeyd olunub. Həmçinin, bildirilir ki, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi, professor Nəsiman Yaqublu seçki gününə bir həftə qalmış Zəngilan rayonunda seçicilərlə görüşdən qayıdarkən müəmmalı yol qəzasında həlak olub. Partiya hesab edir ki, seçki günü əksər seçki dairələrində seçici qrupları yaradaraq həyata keçirilən “karusel” əməliyyatı vasitəsi ilə də seçici fəallığı görüntüsü yaratmaq mümkün olmayıb: “Müşahidəçilərin verdiyi məlumata görə bəzi seçki məntəqələrinə hətta saatlarla heç bir seçicinin gəlmədiyi hallar da olub. Halbuki MSK-nın seçici fəallığı barədə verdiyi məlumatlar doğru olsa, adi riyazi hesablamalara görə seçki məntəqələrinin qarşısında uzun növbələr yaranmalı idi. Seçki günü Müsavat Partiyasından olan və müstəqil müşahidəçilər seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi hallar barədə çoxsaylı faktlar əldə edib. Bu hallar barədə çoxsaylı aktlar tərtib edilib, videogörüntülər intetnet resursları vasitəsi ilə yayılıb.Seçki məntəqələrində seçkilərdən sonra seçici səsləri qanunun tələblərinə uyğun olaraq sayılmayıb”. Rəydə qeyd olunur ki, seçkilər beynəlxalq demokratik standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib. Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisini legitim qanunverici orqanı hesab etmir. Partiya seçki islahatlarının aparılmasını, Azərbaycan Milli Məclisinə yeni seçkilərin keçirilməsini tələb edir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
xural.com

2Mənbələr