AZ

Gender xəbərçiliyi: Sensasiya xatirinə damğalananlar 

Qadınların hüquq və imkanlarının artırılması ilə medianın inkişafı arasında müntəzəm qarşılıqlı əlaqə var.

Kütləvi informasiya vasitələri qadınların hüquqlarının, eyni zamanda səlahiyyətlərinin artırılmasının ikinci və üçüncü dalğalarında açıq-aşkar iştirak edir.

Media resurslarının, sosial şəbəkələrin sayının çoxalması, həmçinin yeni texnologiyaların sürətli inkişafı gender əsaslı məlumat və biliklərə çıxışın çoxsaylı mənbələrini təmin edib. İstifadə olunan texnologiyadan asılı olmayaraq, media bütün dünyada insanların əksəriyyəti üçün əsas məlumat, ideya və fikir mənbələrindən biri olaraq qalır.

Sosial strukturlarda və insanların şüurunda qeyri-bərabərlik və gender stereotipləri mövcud olsa da, media onları təbliğ edə, davam etdirə və ya təkmilləşdirə bilər. Jurnalistlər tərəfindən gender yanaşmasının anlaşılması və praktiki tətbiqi müasir dövrdə hüquqi dövlətin qurulması, insan hüquqlarına hörmətlə yanaşılmasında mühüm şərtlərdən birini təşkil edir. Ona görə də gender həssaslığı standartlarına əməl edilməsi medianın əsas fəaliyyət prinsiplərindən biri kimi qarşıya qoyulur.

Bu baxımdan, Azərbaycanda “Gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” jurnalistlərin peşə davranışı qaydalarının əsas normaları sırasına daxildir. Təcrübə göstərir ki, mediada gender həssaslığının artırılması qadın-kişi fərqi qoyulmadan Azərbaycan cəmiyyətində sağlam münasibətlərin formalaşmasında mühüm rol oynaya bilər.

Jurnalistlər bir sıra hallarda qadınlara qarşı ayrıseçkiliyin və zorakılığın əks olunduğu məlumatları yaymaqla gender probleminin həllinə dəstək nümayiş etdirməyə çalışırlar. Lakin belə hallarda gender həssaslığına dair biliklərin zəif olması, sensasiya axtarışı və ya redaksiyadakı idarəetmə qaydalarından asılı olaraq, media orqanları qadınlara qarşı cinsi diskrimaniyaya yol verir. Yəni medianın gender bərabərliyinin pozulması faktlarını ictimaiyyətə çatdırmaq istəyi bir sıra hallarda cinsi ayrı-seçkiliyin təşviqinə səbəb olur.

Qadına qarşı zorakı cinayətlərin açıq təsvirinə yol verilməsi, yaxud baş vermiş hər hansı hadisədə cinsi mənsubiyyətin xüsusi vurğulanması gender həssaslığını pozur.

Halbuki, xəbər başlıqlarında damğalama və ayrı-seçkiliyə gətirib çıxaran, informasiyanın mahiyyəti ilə birbaşa əlaqəsi olmayan əlamətlərin qeyd olunmaması tövsiyə edilir.

Aparılan araşdırmalar göstərir ki, bəzən KİV-lərin az xərc və səthi dəqiqləşdirmə ilə, jurnalistləri xəbərin mənbəyinə göndərmədən, informasiya hazırlamağa məcbur etməsi genderlə bağlı qərəzli yanaşmaların ortaya çıxmasına səbəb olur. Yəni son illər mediada “kabinet jurnalistikası” adlandırılan fəaliyyət formasının geniş yayılması gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsi prinsipinin diqqətdən kənarda qalmasına gətirib çıxarır.

Medianın fəaliyyətində qadınlara və kişilərə münasibətdə bərabər, ədalətli yanaşmanın vacib şərtlərindən biri KİV-də işəgötürən tərəfin gender siyasətini düzgün müəyyən etməsindən asılıdır. Lakin bu, yalnız qadın jurnalist kadrların daha çox işə götürülməsi ilə həll olunmur.

Azərbaycan mətbuatında və televiziya kanallarında qadın jurnalistlərin sayı kifayət qədər çoxdur. Hətta bəzi media orqanlarında işləyən jurnalist qadınların sayı kişilərdən çox olur. Buna baxmayaraq, müxtəlif telekanallarda, veb-saytlarda və qəzetlərdə gender əsaslı ayrı-seçkiliyə yol verilməsi halları baş verir.

Bəzi kütləvi informasiya vasitələrində qadınların rəhbər vəzifələrdə çalışması belə, indiyə qədər bu problemi aradan qaldıra bilməyib.

Mediada gender həssaslığının artırılması üçün jurnalistlər ilk növbədə, seksist xəbərlərin hazırlanmasına yol verməməyə çalışmalıdır. Seksizm bir və ya bir qrup şəxsin cinsi mənsubiyyətinə görə aşağı səviyyədə dayanması, yaxud zəif olması ideyasına əsaslanan, onlayn, eləcə də oflayn rejimdə baş verən davranışdır.

İctimai və ya özəl sahələrdə müşahidə olunan bu davranış hər hansı hərəkət, jest, vizual görünüş, şifahi və yazılı nitq, təcrübə formasında ola bilər. Seksizm bir nəfərin və ya bir qrup insanın şəxsi ləyaqətini, yaxud hüquqlarını pozur, fiziki, cinsi, psixoloji, eləcə də sosial-iqtisadi əzab çəkməsinə səbəb olur. Bundan başqa, seksizm qorxuducu, düşmənçilik təhqiramiz və alçaldıcı mühit yaradır, gender stereotiplərini qoruyub saxlayaraq möhkəmləndirir.

Jurnalistlər seksist ifadələri işlətməkdən yayınmalı və alternativlər axtarmalıdır. Xəbərlərin, reportajların və məqalələrin hazırlanmasında sözlərə diqqət edilməsi, klişelerden istifadə etməmək, mühakimə dilindən uzaq durmaq, başlıqlarda klikbeytlərdən istifadə etməmək müasir medianın qarşısında duran əsas vəzifələrdən biridir.

Media stereotiplərlə mübarizəyə xüsusi diqqət yetirməli, gender bərabərliyi prinsipinə hörmət etməlidir. Bu baxımdan, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmaq Azərbaycan jurnalistlərinin davranış qaydaları sırasında mühüm yer tutur. Xəbərin məzmunu tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamaq lazımdır.

Gender əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmaq, zorakılığı təşviq etməmək və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırmaq Azərbaycan mediasının fəaliyyət prinsiplərini təşkil edir.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinini sədri, “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin redaktoru Ülkər Abdullayeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyətindəki gender əsaslı ümumi ayrı-seçkilik ölkə mediasına da sirayət edir.


Ekspert hesab edir ki, ölkənin aparıcı media holdinqlərinin rəhbərləri, baş redaktorlar, redaktor və müxbirlər arasında xeyli sayda qadınların fəaliyyət göstərməsinə baxmayaraq, yenə də xəbərlərdə qadın-kişi ayrı-seçkiliyi bariz şəkildə önə çıxarılır:

“Misal üçün, qətl hadisələrinə dair xəbər başlıqları adətən, “Kişi ona xəyanət edən qadının başını kəsdi” tipli olur. Bununla da əsas vurğu qadının xəyanətinin bağışlanmaz, ölümlə sonuclanmalı olduğuna qoyulur.

Başqa bir problem də kişilərin xəyanətdə günahlandırdıqları sevgililəri ilə bağlı təhqiramiz ifadə və hərəkətləri, onların arasındakı intim münasibətləri əks etdirən video və fotoları sosial şəbəkələrdə yayması, medianın isə onları həvəslə tirajlamasıdır. Azərbaycan sekulyar dövlətdir, qanunlarla idarə olunur.

Qanunlarda isə heç bir şəkildə qadın-kişi ayrı-seçkiliyi yoxdur.

Məsələn, Cinayət Məcəlləsində belə bir maddə var: Qəsdən adam öldürməyə görə, yaxud zərərçəkmiş tərəfindən edilən zorakılıq. Burada “qəsdən qadın, yaxud kişi öldürməyə görə”, yaxud “zərərçəkmiş qadın və ya kişi” ifadəsi yoxdur. Qanunların yazılışında cinsi mənsubiyyət ifadə olunmur.

Ona görə də qanunlarla idarə olunan cəmiyyətdə belə ayrı-seçkilik olmamalıdır. Media bir cinayət, yaxud başqa bir hadisə barədə yazanda əsas fakta istinad etməlidir. Hadisənin, insidentin qadın və ya kişi tərəfindən törədildiyi, törəmə səbəbləri və s. artıq yazının təfərrüatlar hissəsinə girir. Lakin bizdə əksər xəbərlər cinsə istinadən yazılır. Bu isə gender ayrı-seçkiliyi yaradır.

Yaxud da “”Mini ətəkli qadın öldürüldü”, “Şortik geyinən kişini çırpdılar” kimi xəbər başlıqları genderin hüququna müdaxilədir. Azərbaycanda ən çox gender hüquqları telekanallardakı şou verilişlərdə pozulur. Qadını, yaxud kişini efirə çağırır, aparıcılar, yaxud ekspertlər hansısa məişət olayına görə danlayır, bəzən təhqir edirlər.

Halbuki, fərdlərin cinsi durumuna görə publik şəkildə müzakirəyə çıxarılması hüquq pozuntusudur. Eyni zamanda jurnalistlərin, medianın peşə etikası ilə daban-dabana ziddir”.

Ülkər Abdullayevanın sözlərinə görə, KİV-lərdə xəbərlər, reportaj və məqalələr qadın, kişi, yaxud orta cinsin nümayəndələri haqqında informasiya şəklində təsnifləşdirilməməlidir:

“Qanunların cinsi olmadığı kimi xəbərlərin də cinsi olmamalıdır. Baş vermiş hər bir cinayət əməli qadın və kişidən əvvəl insana qarşı törədilir. Birinin sosial-iqtisadi, əmək, məhkəmə hüquqları və s. pozulubsa, burada da insan amili əsas götürülməlidir. Təəssüflər olsun ki, digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycan mediası da namus keşikçisi qismində çıxış edir.

Məsələn, bir qadın qətlə yetirilibsə, xəbərlərin 90 faizi həmin qadının namus, xəyanət və s. üstündə öldürüldüyünə eyham vurur. Hətta belə fakt olmadığı hallarda da xəbər başlıqlarında bu nöqsanlar təkrar olunur. Aparılan müşahidələr göstərir ki, Azərbaycanda kişilər tərəfindən öldürülən kişilərin sayı kişilər tərəfindən öldürülən qadınların sayından dəfələrlə çoxdur. Amma mediada qadının kişi tərəfindən öldürüldüyünə xüsusi vurğu olur. Bu, bəlkə də son illər cəmiyyətdə qadın zorakılığına dair həyata keçirilən maarifləndirmənin, təbliğatın nəticəsidir.

Yəni jurnalistlər bəlkə də öz aləmlərində vurğunu gender faktorunun üzərinə qoymaqla əslində, cəmiyyətin diqqətini qadına qarşı cinayətlərə, zorakılığa və s. yönəltmək istəyirlər. Əslində isə özləri də bilmədən genderin hüququnu pozurlar. Çünki “genderin hüququ” anlayışı təkcə qadınlara aid deyil, həm də kişilərə aiddir. Vurğunu qadın üzərinə qoymaqla əslində daha çox kişilərə qarşı qınaq, nifrət mühiti formalaşdırırıq. Ona görə də, jurnalist yayım üçün material hazırlayanda genderin hüququna toxunmamağa çalışmalıdır. Qarşısında bir qadın və yaxud kişi olduğunu deyil, bir insanın dayandığını düşünməlidir.

Azərbaycan kimi həssas cəmiyyətlərdə isə çalışmaq lazımdır ki, hazırladığımız materiallar insanlara gender nöqteyi-nəzərdən zərbə vurmasın”.


Hazırda dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan mediasındakı materiallarda da gender problemləri əsas mövzu olaraq qalır. Media ictimai rəyin formalaşmasında mühüm rol oynadığına görə gender həssaslığının artırılmasında KİV məsuliyyətli olmalıdır. Jurnalistlər gender problemləri ilə bağlı reportaj hazırlayarkən gender stereotiplərinin cəmiyyətə dərin təsir göstərdiyini nəzərə almalıdır.

Çünki belə təsirlər cinsi ayrı-seçkiliyə və insan hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən mütəxəssislər informasiya istehsalını klassik xəbər “sənaye”sindən fərqləndirən yeni iş üslubunun tətbiqini zəruri hesab edirlər.


Seçilən
34
1
referans.az

2Mənbələr