AZ

Paşinyanın bəyanatları: Minsk qrupunun ləğvi, İlham Əliyevlə sərhəddə görüş istəyi …

Emil Məmmədli Rauf Mirqədirov: “Təəssüf ki, regiona təsir edən çoxlu qüvvə var” Ermənistanın Baş naziri Nikol Paşinyan ötən şənbə günü mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə şəxsi görüş keçirməyə hazır olduğunu bildirib. Bundan başqa, baş nazir vasitəçi olmadan ikili formatda əməkdaşlığın effektiv olduğunu bəyan edib. Nikol Paşinyan həmçinin ATƏT-in Minsk qrupunun buraxılmasının tərəfdarı olduğunu da deyib. O, həmçinin qeyd edib ki, bütün məsələlər zamanla bağlıdır və bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşmək lazımdır. Amma rəsmi Bakı Paşinyanın bəyanatlarını söz oyunu kimi qəbul edib. Belə ki, Ermənistan Baş nazirinin mətbuat konfransından sonra şərhlə çıxış edən Azərbaycanın Xarici İşlər Nazirliyi vurğulayıb ki, açıqlamalar Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edir: Foto: XİN “Baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir”. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərtac”a açıqlamasında bəyan edib ki, Ermənistan Baş naziri Minsk qrupunun ləğvi məsələsi ilə bağlı şərhində yenə də yalana və təhriflərə yol verib. “Tərəflər müraciət edib Minsk Qrupunun ləğvinə nail ola bilərlər” Məsələ ilə bağlı Meydan TV-yə danışan siyasi şərhçi Rauf Mirqədirov deyib ki, bütövlükdə Nikol Paşinyanın bəyanatı kifayət qədər pozitivdir və sülh prosesinin irəliləməsinə doğru yönəlib: “Eyni zamanda, baş nazir Azərbaycanla diplomatik münaisbətləri bərpa etməyə hazır olduğunu deyib. Mən Paşinyanın bəyanatlarının hansı ümidlər və ya ümidlərin yaranmasına şəraitin yaratdığından danışa bilərəm. Amma optimizmə gəldikdə, məsələ yalnız Bakı ilə Yerevandan asılı olduqda mümkündür. Təəssüflər ki, regiona təsir edən çoxlu qüvvə var və onların da öz maraqları qalır”. Bununla belə, onun fikrincə, sülh sazişinin bağlanmasında elə problem var ki, onun yaxın vaxtlarda həlli o qədər də mümkün deyil: “Bu, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsidir. Təəssüf ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Nikol Paşinyanın bəyanatının bir hissəsinə reaksiya verib, o da Baş nazirin Konstitusiya təklifləri ilə çıxış etməyə hazır olmamasıdır”. Paşinyanın Minsk qrupunun ləğvi ilə bağlı şərhindən sonra bu təsisatın taleyinin həll edilib-edilməməsinə gəldikdə isə siyasi şərhçi bildirib ki, əslində, Azərbaycan tərəfindən ATƏT-in Minsk Qrupunun buraxılması o qədər də əhəmiyyətli tələb deyil. Foto: Rauf Mirqədirovun şəxsi arxivindən “Söhbət ABŞ, Rusiya və Fransadan gedir ki, faktiki olaraq həmsədrlər institutu da heç bir fəaliyyət göstərə bilmir. Əgər onlar əvvəllər Cənubi Qafqaza, Ermənistan-Azərbaycan münaqişəsinə vahid siyasət yürütdüklərini açıqlayırdılarsa, 2022-ci ilin fevralın 22-dən sonra regionun həmsədr dövlətlər üçün qarşıdurma meydanı olduğunu bəyan etdilər”, – o deyib. R.Mirqədirov qeyd edib ki, onlar eyni zamanda, Azərbaycan-Ermənistan münaqişəsinə də bu prizmadan yanaşırlar və ona görə də həmsədrlər hüquqi olaraq qalsa da, faktiki olaraq mövcud deyil, birgə fəaliyyət göstərə bilmirlər. “Qaldı ki, Paşinyanın bəyanatının konkret tərəfinə, Minsk Qrupunun buraxılmasına mane olan nələrsə qalıbmı sualına, xeyr elə bir şey qalmayıb. Əgər münaqişə tərəfləri iki dövlətdirsə, onların ikisi də ATƏT və BMT Təhlükəsizlik Şurasına müraciət edə bilərlər. Çünki bu məsələ BMT tərəfindən ATƏT-ə tapşırılmışdı. Yəni tərəflər müraciət edib Minsk qrupunun ləğvinə nail ola bilərlər”, – siyasi şərhçi deyib. Paşinyanın da ikitərəfli formata üstünlük verməsi barədə bəyanatından sonra vasitəçilərdən hər hansı birinin prosesə müdaxilə imkanının olması barədə məsələyə gəlincə, R.Mirqədirov vurğulayıb ki, beynəlxalq güclərin regionda marağı danılmazdır, hətta İranın da müdaxilə imkanları və maraqları var: “Vladimir Putinin Bakıya səfəri bir çox məqamla bağlı məhz sülh prosesinə nəzarəti itirmək təhlükəsindən və kommunikasiyaların açılması, ona nəzarətin beynəlxalq şirkətə tapşırılması ehtimalından doğurdu. Bu səfər həm də bunların qarşısını necə almaq mahiyyətini daşıyırdı. Fikir verdinizsə, Putin də hər şeyə razı olduğunu dedi, amma heç nə atəşkəsin yenidən başlayacağına təminat vermir. Çünki hər iki tərəfə təsir göstərəcək beynəlxalq güclər var. Beynəlxalq güclərin kəskin qarşıdurma şəraitində olması sözsüz ki, sülh prosesinin gedişinə təsir göstərir”. “Paşinyanın bəyanatları optimist olmağa imkan verir” Politoloq Fərhad Məmmədov düşünür ki, Ermənistan Baş nazirinin bəyanatları optimist olmağa imkan verir, çünki London görüşünün alınmamasından sonra boşluq yaranıb. Onun fikrincə, bəyanatlardan sonra həmin boşluğun yaratdığı sükut pozuldu: “Hər iki ölkənin hökumətlərarası komissiyası ümumi reqlamenti imzaladı, rəsmi Yerevan bildirdi ki, hər iki tərəf hüquqi proseduralarla məşğul olacaq. Həmçinin, bu reqlamentin parlamentə və Konstitusiya məhkəmələrinə gedəcəyini əlavə etdilər”. Onun fikrincə, bu, tarixi bir sənəd olacaq, çünki hər iki ölkənin müstəqillik tarixində ilk dəfə hökumətlərarası imzalanmış sənəd parlamentlərin və Konstitusiya məhkəmələrinin razılığını alacaq. Fərhad Məmmədov. Foto: Meydan TV “Diplomatiyada da mövqelər səsləndirilir və bundan sonra “bazarlıq” gedir. Məncə, bu “bazarlıq”da bu məsələdə ən tez zamanda həllini tapa bilər. Əgər sərhədlə bağlı sənəd imzalanırsa, deməli, prosesin dinamikası mövcuddur və bu, ikitərəflidir”, – F.Məmmədov deyib. Bununla belə, politoloq qeyd edib ki, son bir ayda xarici vasitəçilər bir neçə dəfə missiyalarını davam etdirmək üçün cəhd göstərdilər. Onun sözlərinə görə, bu, ABŞ-da Dövlət katibi Blinken tərəfindən təşkil olunan və nəticəsiz qalan görüş idi: “Daha sonra mətbuatda belə informasiya yayıldı ki, Şarl Mişel təşəbbüslə çıxış edib. Nəhayət, Rusiyanın dövlət başçısı Vladimir Putinin Azərbaycana səfərinin ardınca Paşinyanla telefon danışığı oldu. Görünən odur ki, xarici vasitəçilər Vaşinqtonun addımından sonra tərəflərə öz təkliflərini təqdim edirlər. Amma Azərbaycan və Ermənistan rəhbərliyi ikitərəfli formatın alternativsiz və səmərəli olduğunu bildirirlər. Məncə, bu trend qorunub saxlanılacaq”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
17
xural.com

10Mənbələr