AZ

Bir gündə 2 KSES...

Kəlbəcər “yaşıl enerji”nin cəlbedici bölgəsinə çevrilir

Kəlbəcər Ermənistanın işğalından azad edildikdən sonra böyük quruculuq meydanına çevrilməkdədir. Bölgədə nəhəng infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir. Ötən dövr ərzində Kəlbəcərdə tunel-körpü və magistral yolların inşası sürətlə aparılıb, bir çox obyektlərin istifadəyə verilməsi mümkün olub. Rayonda 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), eləcə dıə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işləri yekunlaşıb və kəndlərin tikintisinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası təmin olunmaqdadır. Bu, Kəlbəcərin “Böyük Qayıdış” Proqramı çərçivəsində yaxın vaxtlarda öz sakinlərinə qovuşacağından xəbər verir.

Kəlbəcər həm də işğaldan azad edilmiş rayonlar içərisində zəngin hidrogen resurslarına malikdir, rayonda bərpa olunan enerji mənbələrinin istehsalı istiqamətində dayanmadan fasiləsiz layihələr icra olunmaqdadır. Hidroenerji ekoloji cəhətdən təmiz enerji mənbəyi olmaqla, dünyada ən geniş istifadə olunan bərpa olunan enerji mənbəyidir. Hidroenerji çayın və ya digər su hövzəsində yaradılan bəndlərdən və ya axar sudan  alınan elektrik enerjisidir. Bu, bərpa olunan enerji mənbəyi davamlı olaraq dövriyyədə olan su axını sayəsində daim istehsalın dövriliyini təmin edir. Bərpa olunan enerji mənbələri içərisində dünyada ən böyük istehsal gücünə malik stansiyalar su elektrik stansiyalarıdır.

Rəqəmsallaşmış enerji gücləri...

İndiyə qədər “AzərEnerji” Kəlbəcərdə 6 yerdə kiçik su elektrik stansiyası (KSES) yenidən quraraq istismara verib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” istismara verilib ki, Lev çayı üzərində inşa olunan bu stansiya “Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edir və Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Bundan başqa, 2023-cü ildə istifadəyə verilmiş 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” KSES-ləri də tam rəqəmsallaşmış enerji gücləridir.

Sentyabrın 2-də Prezident İlham Əliyevin Kəlbəcərdə “Zar” KSES-in açılışını etməsi ilə Kəlbəcərin hidroenerji gücü daha da artmış oldu. Belə ki, 4,3 MVt gücündə olan “Zar” Kiçik Su Elektrik Stansiyasının Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində “yaşıl enerji” istehsalının bir hissəsinə çevriləcək. Eləcə də, dövlət başçısının açılışını etdiyi Göygöl rayonundakı 4,1 meqavat gücündə “Toğanalı” KSES -də bu bölgənin hidroenerji sisteminin tərkib hissəsi olacaq.

Qeyd edək ki, ekoloji təmiz enerji istehsalının əsas mənbələrindən biri olan hər iki KSES-in qurulmasında Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib. Bu məqsədlə çaylarda yaşayan canlıların, ümumilikdə, flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib. Ümumilikdə, hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilib və çay ekosisteminin qorunmasına xüsusi önəm verilib.

Daha 3 hidroenerji stansiyası istifadəyə veriləcək...

Bir gündə iki kiçik su elektrik stansiyasının (KSES) açılması olduqca mühüm hadisədir və azad edilmiş ərazilərdə hidroenerji ehtiyatlarının dayanmadan sürətlə istehsala cəlb edilməsinin göstəricisidir. “Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Bu, ölkəmizin enerji sistemində “yaşıl enerji”nin payının daha da artmasına səbəb olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, “yaşıl enerji” istehsalının tam şəkildə təmin edilməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirəcək.

Hazırda Kəlbəcər rayonunda digər KSES-lərin tikintisi işləri də davam etdirilir. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” adlı stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılır. Nəticədə bu bölgədəki bütün enerji güclərinin istismarı sayəsində  2024-cü ildə Kəlbəcər rayonunda 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat/saata çatacağı gözlənilir.

Kəlbəcər rayonu termal sularla da kifayət qədər zəngindir. Bölgədə hidroenerji, termal suların,  çay sularının  mənbələrinə görə, ölkə üzrə rersursların ən azı 30 faizinə malikdir. Eyni zamanda, Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 1000 MVt-dan çox texniki potensialının olduğu proqnozlaşdırılır. Hazırda həmin rayonların ərazisində 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsi reallaşmaqdadır, digər stansiyaların tikintisi üzrə qiymətləndirmələr davam edir. Proqnozlara görə, Kəlbəcər rayonu ümumi gücü 180 MVt olan “yaşıl enerji”yə malikdir: Bu, ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi kiçik su elektrik stansiyalarının əsas ünvanlarından biri olan Kəlbəcərin strateji əhəmiyyətinin göstəricisi olmaqla rayona “yaşıl investisiyaların” nə qədər cəlbedici olmasını əsaslandırır.

Kəlbəcərdə “yaşıl iqtisadiyyat” quruculuğuna da start verilib...

Bütün bunlar rayonun potensial güc mənbəyi kimi “yaşıl enerji” zonasının əsas mərkəzlərindən birinə çevriləcəyini şərtləndirir.  Hazırda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi işğaldan azad olunmuş ərazilərdə “Yaşıl iqtisadiyyat” quruculuğunda iştirak edir. İtaliya, Cənubi Koreya, Türkiyənin şirkətləri ilə də bərpa olunan enerji gücləri üzrə danışıqlar davam etdirilir. Türkiyə şirkətləri Kəlbəcər rayonlarında bərpa olunan enerji layihələrinin iqtisadi əsaslandırma planını hazırlayıb və külək elektrik stansiyalarının inşası başlanacaq.

Beləliklə, azad edilmiş ərazilərin sırasında öz zəngin iqtisadi potensialı olan böyük bir coğrafi ərazi olan Kəlbəcər  yaxın illərdə “yaşıl enerji” hubu formalaşdırmaqla 2026-2027-ci illərdə bərpa olunan enerjinin və hidrogenin Avropaya nəqlində mümühm yer tutacaq.

Yeüri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb. Bu bölgədə KSES-lərin qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaza qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
yeniazerbaycan.com

10Mənbələr