Birləşmiş Ərəb Əmirlikləri, Əmirliyin yardım işçilərinin iştirak etdiyi kampaniyanın ilk səkkiz günündə Qəzza zolağında 460,000 uşaq üçün poliomielit peyvəndini tamamladığını açıqladı.
Trend-in yerli xəbər agentliyinə istinadən verdiyi məlumata görə, peyvənd 2 mindən çox mütəxəssis tərəfindən təmin edilən 150 tibb mərkəzində aparılır. Ümumilikdə Qəzza zolağında yaşayan 640 min uşaq poliomielit peyvəndi almalıdır.
Sentyabrın 1-də Fələstin anklavında uşaq iflicinə qarşı peyvənd kampaniyası başladılıb. Kampaniya Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi tərəfindən keçirilir. Bundan əvvəl BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan kampaniyaya dəstək üçün 5 milyon dollar ayrılması barədə göstəriş vermişdi.
Avqustun 16-da Fələstin Səhiyyə Nazirliyi mərkəzi Qəzza zolağında ilk təsdiqlənmiş poliomielitə yoluxma hadisəsinin qeydə alındığını elan edib. Deyr Əl-Bəlah şəhərində bir dəfə də olsun poliomielit peyvəndi almamış 10 aylıq uşaq virus infeksiyasına yoluxub. Onun diaqnozu Ammanda aparılan laboratoriya testləri ilə təsdiqlənib.