AZ

Azərbaycan və İtaliya arasında güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev

Prezident İlham Əliyev 2024-cü ildə İtaliyaya işgüzar səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirdi. Prezident İlham Əliyev İtaliyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, o cümlədən İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə görüşlər keçirərək, iki ölkə arasında strateji əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi məsələlərini müzakirə etdi.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Politoloq qeyd edib ki, görüşlər zamanı enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və investisiya imkanları kimi mühüm məsələlər diqqət mərkəzində olmuşdur. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olması, iki ölkə arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi.

"İtaliyanın Çernobbio şəhərində keçirilən "The European House - Ambrosetti" beynəlxalq forumda əsas qonaq qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, "Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu" mövzusunda çıxış edərək, ölkəmizin qlobal siyasi və iqtisadi arenada artan rolunu nümayiş etdirdi", - o əlavə edib.

A.Qarayev bildirib ki, Prezidentin bu çıxışı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr, eyni zamanda, Cənubi Qafqaz regionunda sülh və sabitlik prosesindəki aparıcı mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin bir nümunəsi kimi qəbul edilməlidir:

" Prezident İlham Əliyev həmçinin Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini, xüsusilə enerji təchizatı sahəsində əməkdaşlığın vacibliyini vurğuladı.

Forumda İtaliya prezidenti Sercio Mattarella, baş nazir Ciorcia Meloni, Ukrayna prezidenti Volodimir Zelenski və Macarıstanın baş naziri Viktor Orban kimi tanınmış liderlər də çıxışlar etmiş və qlobal çağırışların müzakirəsinə qatılmışdır. Forumda həmçinin ABŞ-dan senatorlar və digər nüfuzlu şəxslər də iştirak etdilər.

Bu nüfuzlu tədbir, Avropa və dünya ölkələrinin liderləri, biznes təmsilçiləri və siyasi xadimlərin görüş yeri olmaqla, beynəlxalq əməkdaşlıq və dialoq üçün vacib bir platforma təqdim edir. Forumun işində Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirərək, qlobal və regional məsələlərdəki mövqeyini təsdiqləmiş oldu".

Politoloq əlavə edib ki, forumun təşkilatçısı olan "The European House - Ambrosetti" beyin mərkəzi, İtaliyanın idarəetmə və məsləhət xidmətləri sahəsində nüfuzlu bir qurum olaraq, Avropa və İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin genişlənməsinə mühüm dəstək verir:

"Belə tədbirlər Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi və qlobal arenada strateji tərəfdaşlıq imkanlarının inkişafına əhəmiyyətli töhfə verməkdədir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
148
50
milli.az

10Mənbələr