AZ

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu ikinci gün işini müzakirələrlə davam etdirib

Xaricdə

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 10-da işini müxtəlif mövzularda müzakirələrlə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Forumun ikinci günündə Aynur Quliyeva və Reyhan Həsənovanın (hər ikisi Fransa) moderatorluğu ilə “Məlumat elminin (data science) inkişafi Azərbaycanda prioritet sahələrdən biri ola bilər”, “Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu”, “1918-1920-ci illərdə nəsr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks-sədası”, “Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma”, “Azərbaycan ilə Skandinaviya, həmçinin digər Qərbi Avropa dövlətləri arasında elm və təhsil münasibətləri”, “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar”, Azərbaycanla Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” və “DAAB-ın virtual məkanda fəaliyyəti” mövzularında müzakirələr aparılıb.

Tədbirdə əvvəlcə “Azərbaycan ilə Skandinaviya və digər Qərbi Avropa dövlətləri arasında elm və təhsil münasibətləri” mövzusu ətrafında danışılıb.

Çıxış edənlər beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafında elmi tədqiqatların rolunu vurğulayıblar. İsveçdən olan azərbaycanlı alim Səadət Kərimi yaşadığı ölkənin elmi tədqiqat sahəsindəki təcrübəsindən bəhs edib. O deyib ki, tədqiqatların nəticələrinin cəmiyyətə açıq olmasının müsbət tərəfləri var.

“Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin riymətləndirilməsində riyazi modellərin rolu” mövzusunda çıxış edən Yulduz Rəhimov (Kanada) diqqətə çatdırıb ki, 1968-ci ilə nisbətən 2023-cü ildə adambaşına düşən enerji istehsalı 10,6 dəfə artıb. Bərpaolunan enerji mənbələri ilə bağlı fikirlərini bölüşən alim insanların tələblərinin azaldılması, istifadə edilən mənbələrin sayının artırılmasının vacibliyini vurğulayıb.

“Məlumat elminin (data science) inkişafi Azərbaycanda prioritet sahələrdən biri ola bilər” mövzusunda çıxış edən Asəf Salmanov (ABŞ) dəqiq elmlərə tələbin artdığını vurğulayaraq, informatikanın müasir dövrdə inkişafından danışıb. O, süni intellekt və yeni informasiya texnologiyaları ilə bağlı fikirlərini bölüşüb.

Mehdi Gəncəli isə (Türkiyə) “1918-1920-ci illərdə nəsr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks-sədası” mövzusu ətrafında danışıb. Azərbaycanın müstəqillik tarixinə nəzər salan alim həmin dövrdə nəşr edilən “Azərbaycan” qəzetinin əhəmiyyətini vurğulayıb. Deyib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə "Azərbaycan" adlı rəsmi dövlət qəzetinin nəşri ölkə tarixinin mühüm hadisəsi idi.

Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov (Misir) “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar” mövzusunda fikirlərini bölüşüb. Vurğulayıb ki, ərəb mənbələrində Azərbaycanla bağlı apardığı tədqiqatların nəticəsi onu qürurlandırıb. Çünki tədqiqatlarında ölkəmiz, xalqımız ilə bağlı çox müsbət məlumatlara rast gəlib. Alim 500-dən çox ərəb mənbəsini araşdırdığını və orada Bərdədən Zəncana qədər ərazilərin Azərbaycana aid olması faktı ilə rastlaşdığını diqqətə çatdırıb.

“Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma” mövzusunda fikirlərini bölüşən Toğrul İsmayıl (Türkiyə) iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Türkiyədə təhsil alan gənclərimizin sayının kifayət qədər olduğunu deyən T.İsmayıl qardaş ölkədə çalışan azərbaycanlı alimlərin sayının da xeyli artdığını diqqətə çatdırıb.

M.V.Lomonosov adında Moskva Dövlət Universitetində çalışan Nigar Məsimova (Rusiya) “Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” mövzusu ətrafında danışıb. Təhsilə, elmə sərmayə qoyulmasının vacibliyini qeyd edən N.Məsimova Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin elm və təhsil sahəsində də yüksək səviyyədə inkişaf etdiyini bildirib. Deyib ki, Rusiyada azərbaycanlı gənclərin bir araya gəlməsinə, fikir mübadiləsi aparmasına səy göstərirlər.

Nobel mükafatçısı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov (Avstriya) “Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) virtual məkanda fəaliyyəti” ilə bağlı geniş məzmunlu çıxış edib.

DAAB-ın fəaliyyət planı haqqında danışan B.Siracov Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun əhəmiyyətini qeyd edib. Strateji planların qəbul ediləcəyini bir daha vurğulayan Nobel mükafatçısı Forumla bağlı bir il ərzində konkret nəticənin ortaya qoyulmalı olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan hökuməti, Elm və Təhsil Nazirliyi konkret layihələr üçün kredit ayırmağa hazırdır və biz ortaya konkret iş qoyaraq bu etimadı doğrultmalıyıq.

Forumun Azərbaycanda elm və təhsil, tədqiqatlar sahəsində ümumi işə töhfə verəcəyindən əminliyini ifadə edən Nobel mükafatçısı forumda müzakirəyə çıxarılan mövzular, gəlinən ümumi nəticələr, qarşıda görüləcək işlərlə bağlı kitab nəşr olunacağını diqqətə çatdırıb.

Tədbird,ə həmçinin müxtəlif mövzularda sessiyalar təşkil edilib. Sessiyalarda elm sahələri üzrə qruplaşdırılmış iştirakçılar forum çərçivəsində müzakirə olunan prioritet mövzular və ali məktəb rəhbərlərinin məruzələrində toxunulmuş məsələləri nəzərə alaraq DAAB-ın strateji planlarının hazırlanması üzərində işləyiblər.

Forum iştirakçıları birinci sessiyada qrup bir il ərzində hansı işlərin görülə biləcəyini müzakirə edib, təkliflərini veriblər. İkinci sessiyada təkliflərə baxılıb, birillik strateji planla bağlı müzakirələr aparılıb.

Sessiyalardan sonra moderatorlar əldə olunmuş nəticələrlə bağlı təqdimat ediblər.

Tədbirin sonunda təşkil edilən yekun iclasda qısa, orta və uzaq müddətli strategiya planı hazırlanaraq qəbul edilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirə sentyabrın 11-də yekun vurulacaq.

Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
azertag.az

1Mənbələr