AZ

Azərbaycanın idxal etdiyi xam palma yağı keçənilkindən daha ucuz başa gəlir

Azərbaycan bu il adəti olaraq Cənub-Şərqi Asiyadan palma yağı alışını davam etdirib, lakin bir sıra mütəxəssislər bu məhsula olan tələbin növbəti illərdə azala bilməsi ilə bağlı eyham vururlar.

Banker.az xəbər verir ki, Azərbaycan cari ilin ilk yarısında 23 818 tonluq xam palma yağı alıb. Bu da illik müqayisədə 0.6% artım olsa da, qiymətlərin 2023-cü ildən daha ucuz olması səbəbindən bu xam qida yağına olan xərcləri öncəki ildən 3.2% az olub.

İndiyə qədər palma yağının böyük hissəsini İndoneziyadan alınırdı. Məsələn, keçən il ümumi idxalda İndoneziyanın payı 75% olsa da, bu il daha bu rəqəm 54%-ə düşüb. Buna səbəb Malayziyadan idxalın kəskin artımıdır. Malayziyadan 2024-cü ilin ilk yarısında 11 054 tonluq xam palma yağı alınmaqla öncəki ili 86% üstələyib. İndoneziyadan idxal isə 28% azalamaqla 12 912 tona yuvarlanıb.

Bir sıra ekspertlər hesab edir ki, zəif tələbat və bahalaşan Malayziya ringgiti səbəbindən palma yağı ixracı qarşıdakı aylarda zəifləyə bilər. Malayziyada mənzillənən “Apex Securities” analitiki Steven Çonq qeyd edib ki, ringgitin dollar qarşısında son güclənməsi və palma yağı ilə soya yağı arasındakı qiymət fərqinin mənfi istiqamətdə dəyişməsi, tələbatın soya yağına yönəlməsinə səbəb olur.

Çonq həmçinin, palma yağı ehtiyatlarının artmasının artıq təkliflə bağlı narahatlıqlara səbəb ola biləcəyini və xam palma yağı qiymətlərinin bərpasını ləngidə biləcəyini düşünür.

Analitik 2024 və 2025-ci illər üçün orta xam palma yağı qiymət proqnozlarını müvafiq olaraq 4 000 ringgit/ton və 3 800ringit/ton səviyyəsində saxlayır.

Malayziya Birjasının fyuçers müqaviləsi, noyabr ayı üçün təxminən 3 866 ringit/ton səviyyəsindədir.

“Apex Securities” yaxın zamanda gözlənilən katalizatorların olmaması fonunda Malayziyanın əkinçilik sektoruna neytral reytinq verir.

Azərbaycan keçən il bir ton xam palma yağı üçün 1 231 dollar xərclənmişdisə, bu il bu rəqəm 1 184 dollara qədər ucuzlaşıb. Yəni, bu yağı idxal edən şirkət bu il hər tonda 47 dollar əlavə xərcdən azaddır.

Seçilən
70
2
banker.az

3Mənbələr