AZ

BMT Baş Assambleyasının 79-cu sessiyası qlobal aktual problemlərin müzakirəsi ilə başlayıb

BMT Baş Assambleyasının 79-cu sessiyası qlobal aktual problemlərin müzakirəsi ilə başlayıb

Sentyabrın 10-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası açılıb.

ILK.AZ Azərtac-a istinadla xəbər verir ki, BMT Baş Assambleyasının yeni prezidenti Filemon Yanq açılış nitqində bəşəriyyətin birliyi vizyonunu açıqlayıb, habelə davamlı inkişafın ləng getməsi, iqlim dəyişikliyi, gərginləşən münaqişələr və bir sıra aktual qlobal problemlərin həlli üçün üzv ölkələri daha dərin beynəlxalq əməkdaşlığa çağırıb.

F.Yanq iqtisadi inkişafın faydalarının bütün millətlər üçün əlçatan olmasını təmin edərək, innovasiya və yaşıl iqtisadiyyatlar tərəfindən idarə olunan ədalətli iqtisadi artımın zəruriliyini vurğulayıb. O əlavə edib ki, Qəzza zolağı, Haiti, Ukrayna və Afrikanın Böyük Göllər regionu da daxil olmaqla, davam edən münaqişələri həll etmək üçün sülh və təhlükəsizlik əsas prioritetlər olacaq. "Gərginliyi azaltmaq məqsədilə səyləri artırmalı və bütün dünyada etimad mühiti yaratmalıyıq”, -deyə Baş Assambleyanın prezidenti vurğulayıb.

Yanq qeyd edib ki, Baş Assambleya humanitar səylərin koordinasiyasını gücləndirmək istiqamətində çalışmaqla, insan hüquqları, beynəlxalq hüquq və ədalət çərçivələrinin gücləndirilməsi məsələlərini gündəliyin əsas mövzuları kimi müzakirə edəcək. Eyni zamanda, böhranlara çevik reaksiya verilməsi və humanitar yardımların vaxtında çatdırılması üzrə fəaliyyətin artırılmasına dair qərarlar qəbul ediləcək.

O vurğulayıb: “Nəhayət, biz beynəlxalq terrorizm, narkotik və insan alveri, müasir köləliyin geniş yayılmış problemlərini həll edəcəyik. Baş Assambleyanın prezidenti kimi, mən bu müzakirələri asanlaşdırmağa və mühüm həllərin tapılması üçün kollektiv iradəmizdən və təcrübəmizdən istifadə etməyə sadiqəm”.

Sessiyanın açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş problemlərlə üzləşən dünyada kollektiv fəaliyyətin aktuallığını vurğulayıb. O, prezident Yanqı uzaqgörənliyinə və liderliyinə görə alqışlayıb, müxtəlif üzv dövlətləri ümumi məqsədlər ətrafında birləşdirmək üçün ona tam dəstəyini vəd edib.

Antonio Quterreş deyib: “İlk gündən Birləşmiş Millətlər Təşkilatı əməkdaşlıq, dialoq, diplomatiya və BMT Nizamnaməsinə əsaslanan çoxtərəfli həllərin platforması olub. Hazırkı qlobal vəziyyətin ağırlığını qəbul edən təşkilat yoxsulluğun, bərabərsizliyin və iqlim böhranının azaldılması da daxil olmaqla, müxtəlif sahələr üzrə konkret həll yollarına ehtiyac olduğunu bildirir. Dayanıqlı İnkişaf Məqsədlərini (SDG) həyata qaytarmaq, eyni zamanda, yoxsulluğa və bərabərsizliyə son qoymaq üçün təcili tədbirlər görülməsinə ehtiyacımız var. İqtisadi tərəqqi, xüsusən qadınlar və gənclər üçün iş yerlərinin yaradılması da prioritet olmalıdır”.

Baş katib, həmçinin süni intellekt (AI) kimi inkişaf etməkdə olan texnologiyaların kritik roluna toxunub və əlavə edib ki, onlar mane deyil, dünyanın tərəqqisi üçün vasitə olmalıdır. “Biz addım-addım, həll yolları axtararaq, bir-birimizə inam və etimadı bərpa etməklə inkişafa nail ola bilərik” , -deyə Baş katib vurğulayıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
ilk.az

2Mənbələr