Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin bərpası artıq yekunlaşıb. Məktəb 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Məktəbdə 258 şagirdin təhsil alması nəzərdə tutulur.
Həmin məktəbdə təhsil alacaq şagirdlər içərisində Şuşaya yeni köç edən Abbasova İlahə Faiq qızı da var.
Atası Naxçıvanlı, anası Şuşalı olan İlahə Abbasova bu il 7-ci sinif üzrə təhsilini davam etdirəcək.
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin ilk şagirdlərindən olan İlahə təəssüratlarını AzEdu.az-a bölüşüb.
-Şuşaya 6 gündür ki, köç etmişik. Şuşaya gəlməyimiz, burada yaşamağa başlamaq ifadə edə bilməyəcəyim qədər sevincli hissdir. Həmçinin çox həyəcanlıyam. Hətta qeyd edim ki, məktəbin açılacağı günləri geri sayıram. Dərsin başlamasını səbirsizliklə gözləyirəm.
-İlk dəfə Şuşada oxuyacağını bildiyin an hansı hisslər keçirdin?
-Əlbəttə, burada oxuyacağımı düşünmək belə gözəl hissdir. Nəinki yaşamaq. Özümü yenidən dünyaya gəlmiş kimi hiss edirəm. Ona görə də burada olmağımızdan çox məmnunam. Eyni zamanda Şuşanı ilk dəfə görmək mənim üçün böyük sevincdir.
-İlahə, əvvəl hansı məktəbdə təhsil almısan?
-Bakı şəhəri 237 nömrəli tam orta məktəbdə təhsil almışam.
-Bəs, sinif yoldaşlarınızdan ayrı düşmək səni məyus etdimi?
-Sinif yoldaşlarımdan ayrılmaq mənə pis təsir etdi. Üstəlik hər biri Bakıda qaldı. Yəni onların içərisindən tək köçən mən idim. Burada da düşünürəm ki, yaxşı sinif yoldaşları, yeni dostlar qazanacağam. Təxminən sinifdə 10 nəfər olacağıq. Hələki yeni sinif yoldaşlarımla tanış deyiləm.
-Gələcək hədəflərinizlə bağlı nələr düşünürsünüz?
-Gələcəklə bağlı hədəflərim var. Onlar içərisində ən böyük istəyim İngilis dili müəllimi olmaqdır.