AZ

Parlament seçkiləri 2015: Beynəlxalq aləm yenə tənqid etdi

VIII hissə Əvvəlki hissəni buradan oxuya bilərsiz. İcra başçısının dəstəklədiyi deputat xanım bu dəfə geri çəkilir Oktyabrın 2-də hakim partiyanın Sumqayıtdan 2010-cu ildə dəstəklədiyi Leyla Abdullayeva  41 saylı dairədən namizədliyini geri götürür. Siyavuş Novruzov Leyla Abdullayevanın qərarını dövlət qulluğuna keçməsi ilə əlaqələndirib: “Ancaq Abdullayevanın hansı dövlət qulluğunu tutması hələ bilinmir, işə götürüləndə açıqlanacaq”. Bununla belə, sona qədər də L.Abdullayevanın hansı dövlət qulluğuna işə götürüldüyü naməlum qalır. Lakin onun 2010-cu ildə mandat alması şəhər icra başçısı və YAP Siyasi Şurasının üzvü Vaqif Əliyevin dəstəyi ilə olduğu deyilirdi. “Aysel Əlizadə o qədər də tanınan adam deyil, təbii ki, mən onun yazılarını oxuyuram” Partiya 8 saylı Binəqədi seçki dairəsindən Aysel Əlizadənin namizədliyini irəli sürsə, həmin dairədən əvvəlki seçkilərdə bitərəf adı ilə mandat alan Azay Quliyev favorit olduğu açıq bilinirdi. Maraqlı məqam o idi ki, Ümid Partiyasının dəstəklədiyi yazıçı-publisist Aysel Əlizadə də 8 saylı Binəqədi seçki dairəsindən namizəd idi. 2005-ci il seçkilərində rəqiblərinə qarşı “klon” namizədlərdən istifadə edən YAP oxşar situasiya ilə üzləşmişdi. YAP icra katibinin müavini etiraf edirdi ki, jurnalist Aysel Əlizadə YAP-çı Aysel Əlizadənin səsini ala bilər: Foto: Aysel Əlizadənin şəxsi arxivindən “Amma belə şeydən qorxmaq lazım deyil. Binəqədi rayonunda partiyanın 20 min üzvü var, ola bilər ki, onlardan bir neçə nəfəri səhv salıb yazar Aysel Əlizadəyə səs verəcək. Amma Aysel Əlizadə o qədər də tanınan adam deyil. Təbii ki, mən onun yazılarını oxuyuram. Onu az sferada olan insanlar tanıyır”. Hakim partiya 8 dairədən namizəd irəli sürməmişdi. Bunlar aşağıdakılar idi: 3 Babək-Gəngərli seçki dairəsi (bitərəf Səttar Mehbalıyev), 7 Ordubad-Culfa seçki dairəsi (BAXCP sədri Qüdrət Həsənquliyev), 50 Qobustan-xızı-Sumqayıt seçki dairəsi (Zeynəb Xanlarova), 60 Salyan-Neftçala seçki dairəsi ( AVP sədri Fəzail Ağamalı), 66 Biləsuvar seçki dairəsi (SRP sədri Xanhüseyn Kazımlı), 93 Bərdə şəhər seçki dairəsi (bitərəf Zahid Oruc), 116 Qəbələ seçki dairəsi (Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov) və 122 Xankəndi seçki dairəsi (bitərəf Flora Qasımova). Mandat alacaq namizədlərin siyahısı… Oktyabrın 9-da Milli Şuranın sədri Cəmil Həsənli seçkilərdə kimlərə mandat veriləcəyi ilə bağlı anons etdi. Cəmil Həsənli MSK-nin İnformasiya Mərkəzinin məlumatları əsasında siyahını tərtib etdiyini açıqladı: “Araşdırmalar göstərdi ki, hakimiyyət deputat korpusu ilə bağlı ciddi dəyişikliyə, azad, ədalətli, demokratik seçki keçirməyə qərarlı deyildir. Zəruri seçki islahatlarının aparılmaması, seçki komissiyalarında hər hansı dəyişikliklərin edilməməsi, siyasi məhbuslarən azad edilməməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidəsinə məhdudiyyət qoyulması da məhz bununla bağlıdır. Təqdim olunan siyahıda 5 faiz dəyişikliklərin ola biləcəyi istisna edilmir. Ona görə də nəticələri əvvəlcədən bəlli olan seçkilər üçün büdcədən vəsait ayırıb Mərkəzi Seçki Komissiyasını, onun aparatını, dairə və məntəqə komissiyalarını saxlamağa ehtiyac yoxdur. Heç Avropa Şurası Parlament Assambleyasının zəhmət çəkib Strastburqdan müşahidəçi heyəti göndərməsinə də zərurət yoxdur”.   Cəmil Həsənli, Foto: Meydan TV YAP icra katibinin müavini Siyavuş Novruzov Cəmil Həsənlinin yaydığı siyahını “adi haldır” deyə qiymətləndirmişdi: “Bütün dünyada seçki ərəfəsində belə proseslər gedir. Cəmil Həsənli də dairələr üzrə irəli sürülən namizədlərdən daha çox şanslının adını götürüb siyahıya salaraq cəmiyyətə təqdim edib. Burada Amerika kəşf edilməyib, hər hansı münəccimlikdən söhbət getmir. Özü də siyahıya elə adamların adlarını salıb ki, onlar heç qeydiyyatdan keçməyib. Bu, bir daha göstərir ki, Cəmil Həsənli seçki prosesinin üzərinə kölgə salmaqdan ötrü bu addımı atıb. Digər tərəfdən, Cəmil Həsənli özü də iki dəfə parlamentə seçilib. Əgər belə hal var idisə, parlamentin tərkibi əvvəlcədən müəyyənləşirdisə, gedib MSK-dan mandat alardı. Niyə seçki keçirilməsini, vətəndaşların səsverməyə gəlməsini gözləyirdi”. Haşiyə: Seçkidən sonra məlum oldu ki, C.Həsənlinin anons verdiyi siyahıda cəmi 4 səhv olub. Məzahir Pənahov: 200-dən çox adam namizədliyini geri götürüb Oktyabrın 2-də seçici imzalarının MSK-ya təqdim edilməsi müddəti başa çatdı. Komissiyanın sədri Məzahir Pənahov həmin gün keçirdiyi iclasda dedi ki, 882 nəfərin namizədliyi qeydə alınıb: Məzahir Pənahov. Foto: MSK “213 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 5 nəfərin namizədliyi “Azadlıq 2015” seçki blokundan, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Ümumilikdə, 6652 nəfər öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdü”. Oktyabrın 14-də MSK sədri Məzahir Pənahov qeydə alınmış 200-dən çox adamın namizədliyini geri götürdüyünü açıqlayıb. Onun fikrincə, qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb: “1000 nəfər ətrafında deputatlığa namizəd qalıb”. Müsavat və NİDA seçkidə iştirakını dayandırdı, ReAL isə tanımayacağını açıqladı… Seçkiyə 4 gün qalmış, oktyabrın 27-də Müsavat Partiyası seçkilərdə iştirakını dayandırdığını bəyan edir. Partiyanın Divanının yaydığı açıqlamada qərar qəbul edilməsinə bir neçə səbəb göstərilib: “Siyasi məhbusların həbsdən azad edilməməsi, seçki qanunvericiliyində demokratik islahatların aparılmaması, Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edilməsi və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluq və zorakılıqların törədilməsi, bərabərhüquqlu təbliğat imkanlarının yaradılmaması, ATƏT-in Müşahidə Missiyasının ölkəyə buraxılmaması, seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmaması və bir sıra başqa səbəblər seçkidə iştirakı dayandırmağa təsir edib”. Divan hakimiyyətdən göstərilmiş pozuntuların aradan qaldırılmasını və parlament seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunmasını tələb edib. Müsavat Partiyasının Divanı. Foto: Müsavat Partiyası Partiyanın başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında onların 73 namizəd irəli sürdüklərini, amma 25-nin qeydə alındığını narazılıqla ifadə edib: “2015-ci il seçkiləri son 15 ilin ən uğursuzu sayıla bilər”. Elə həmin gün NİDA Vətəndaş Hərəkatı da parlament seçkilərində iştirakdan imtina edib. Hərəkat “seçkilərin azad və ədalətli keçiriləcəyinə inanmadıqlarına görə” qərar verdiyini bildirib. Hərəkatın qeydə alınmış namizədləri Ramin Hüseynov və İlahə Əmiraslanova da namizədliklərini geri götürüblər. NİDA Vətəndaş Hərəkatı, Foto: NİDA Vətəndaş Hərəkatı Onlardan fərqli olaraq ReAL Hərakatı 1 noyabrda keçiriləcək Milli Məclis seçkilərinin nəticələrini tanımayacağını bəyan etsə də, seçkidə iştirakdan imtina etmədiyini bildirib: “ReAL Hərakatı tələb edir ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin”. Hər üç bəyanatda namizədlərə pulsuz efir vaxtının verilməməsi pislənilib. “125-lər” bir mandat da ala bilmədilər Ümid Partiyasının sədri İqbal Ağzadə 35 saylı III seçki dairəsindən namizədliyini irəli sürsə də, həmin dairədən ASDP sədri Araz Əlizadə mandat alır. Ümumiyyətlə, seçkidə iddialı olan və 16 namizədlə seçkiyə qatılan “125-lər Siyasi Klubu” bir mandat da qazana bilmir. Seçici fəallığı 55,7 faiz… Seçki günü brifinq keçirən MSK sədri Məzahir Pənahov deyib ki, seçkilərdə 15 siyasi partiya və daha 8 partiyadan ibarət olan bir seçki bloku iştirak edir: “Ümumilikdə, 125 mandat üzrə 767 namizəd mübarizə aparır”. O, seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçinin izlədiyini qeyd edib: “Seçki günü “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit-poll” keçirir”. Elə seçkinin bitməsindən bir neçə saat sonra bütün exit-poll nəticələri YAP-ın qələbəsini qeyd edib. Foto: Meydan TV Saat 17:00-a olan məlumatda MSK seçkilərdə 2 605 948 seçicinin (seçici fəallığı 50,1 faiz) səs verdiyini açıqlayıb. Sonradan “Seçkilər” İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov məlumat verib ki, ölkə üzrə ümumilikdə seçicilərin 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu isə 55,7 faiz seçici fəallığı deməkdir. M.Pənahov seçkidən bir gün sonra MSK-nin iclasında bir şikayətin daxil olduğunu və 3 gün ərzində bunun araşdırılacağını bildirdi. Komissiya sədri hakim partiyadan 69, Vətəndaş Həmrəyliyi Partiyasından isə 2 nəfərin mandat aldığını bildirib: “Ümumilikdə digər 9 nəfərin hər biri ayrılıqda müxtəlif partiyaların üzvləridir (Ana Vətən, Maarifçilik, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Sosial Rifah, Sosial Demokrat, Vəhdət, Milli Dirçəliş Hərəkatı, Demokratik İslahatlar, Böyük Quruluş partiyaları). 44 nəfər isə bitərəf deputatlardır”. O, deputatların 98 nəfərinin IV çağırışın deputatlarının olduğunu deyib: “Yeni parlamentdə 27 nəfər ilk dəfədir deputat seçilirlər. Bu, Milli Məclisin 22 faiz yenilənməsi deməkdir. Mandat alanların 124-ü ali, 1 nəfər isə orta təhsillidir. 125 deputat arasında ən gənc deputat 81 saylı Beyləqan seçki dairəsindən YAP-nin namizədi Şahin İsmayılovdur, ən yaşlı deputat isə Zeynəb Xanlarovadır”. Parlamentdə mandat alan rektorlar Səməd Seyidovun, Aqiyyə Naxçıvanlının, Əhliman Əmiraslanovun və Ağacan Abıyevin vəzifələrindən istefa verəcəkləri bildirildi. SMDT: Seçici siyahıları ilə bağlı MSK-nın rəqəmləri ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 1 622 111 nəfər fərq yaranıb 80-dən artıq seçki dairəsində müşahidə aparan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) yekun hesabatında seçki prosesini siyasi azadlıqların məhdudlaşdırılması, coxlu sayda siyasi məhbusların oldugu, toplaşmaq, birləşmək və ifadə azadlığının məhv edilməsi şəraitində keçirildiyini açıqlayıb: “SMDT məhdud siyasi şəraitdə seçki kampaniyasi dövründə imzatoplayan şəxslərə kütləvi təzyiqlərin olduğu, imzaverenlərin imzalarından imtinaya məcbur edilməsini, təşviqatın məhdudlaşdırılmasını, TV-lərin təşviqatdan imtina edilməsini, inzibati resurslardan hakimiyyətin namizədlərinin xeyrinə istifadəsini kütləvi şəkildə müşahidə edib. Məhdud azadliqların olduğu şəraitdə seçkilərə qatılmış müxalif qüvvələrin seçkilərdə iştirakdan imtinası baş verib və seçkilər rəqabətsiz ve alternativsiz mühitdə keçirilib”. SMDT seçkilərə texniki hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyasının səylərini normal qiymətləndirir. Ancaq seçki komissiyalarının siyasi hakimiyyətin ciddi nəzarəti altında fəaliyyət göstərməsini müşahidə edib: Source: Foto: Meydan TV “Bu qanun pozuntusu olmaqla yanaşı, cəmiyyətin seçki komissiyalarına olan etimadsızlığını daha da dərinləşdirir və seçkinin nəticələrini indidən şübhə altına alır”. SMDT seçicilər siyahısındakı ciddi nöqsanların aradan qaldırılmamasını bu seçkilərdə də müşahidə edib: “Seçki günü çoxsaylı seçicilər adlarını seçici siyahısında tapa bilməyib, bir qrup seçicinin isə əvəzlərindən başqasının səsverməsi aşkar edilib. Yerli QHT-lərin araşdırmaları nəticəsində MSK-nın rəqəmləri ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 1 622 111 nəfər fərq yaranıb. Seçicilərin  daimi siyahısında 5 093 289 nəfər seçicinin adı var. MSK bu məsələyə aydınlıq gətirməyib”. SMDT təəssüflə bildirir ki, son illərdə seçki qanunvericiliyi, o cümlədən siyasi azadlıqlarla bağlı qanunvericilik Avropa Şurasının Venessiya Komissiyası və ATƏT DTİHB-nin tövsiyyərinə əsasən təkmilləşdirilməyib: “Əksinə olaraq, daha da mürtəceləşdirilərək siyasi rəqiblərin seçki prosesindən kənarda saxlanılması üçün dəyişdirilib”. Akif Qurbanov: Aktivlik 25 faizi keçmir 1 noyabr seçkilərində seçicilərin fəallığını MSK ilə yanaşı həm də Demokratik Təşəbbüslər İnstitutu qeydə alıb. İnstitutun sədri, həm də MSK üzvü Akif Qurbanov „Azadlıq“ radiosuna deyib ki, fərq yarıbayarıdır: Akif Qurbanov. Foto: Meydan TV “Seçici fəallığının müşahidəsini ona görə aparmaq qərarına gəldik ki, hər dəfə bu göstəricidə süni artırma olduğunu bilirik. MSK-nın saat 5-ə olan məlumatında seçici fəallığı 50 faiz göstərilir. Bizim 25 dairə üzrə apardığımız müşahidələrin nəticəsində belə qənaətə gəldik ki, respublika üzrə aktivlik 24 faizdən bir qədər çoxdur, yəni 25 faizi keçmir. Hətta sizə deyim ki, bizim bu rəqəmlərin özündə də qeyri-dəqiqlik var, çünki elə olub ki, müşahidəçilərimiz məntəqələrdə karuseldə iştirak edən seçici ilə real seçicini fərqləndirə bilməyib. Müşahidəçilər üçün o qədər məhdudiyyətlər yaradılır ki, onlar prosesi tam şəffaf izləyə bilməyiblər. Ona görə də bizim rəqəmlərdə hətta karusel izinin də olması mümkündür“. Avropa İttifaqı: Bütün namizədlər üçün eyni səviyyədə rəqabət meydanı təmin edilməyib Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin (European Union External Action Service) sözçüsü Maja Kocijancic Azərbaycanda keçirilmiş parlament seçkisi barədə ilkin bəyanat yayıb. Bəyanatda deyilir ki, 2015-ci il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisində seçki müşahidəçilərinin sayı barədə Azərbaycan hakimiyyət orqanları ilə ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) arasında razılıq əldə olunmadığından təşkilat seçkiyə öz müşahidə missiyasını göndərməməyə məcbur olub. Ancaq Avropa Şurası Parlament Assambleyasının Seçki Müşahidəsi Missiyası göndərilib. Bununla belə, Avropa İttifaqı rəsmi Bakıdan ATƏT/DTİHB-nin bundan əvvəlki tövsiyələrini icra etməyə çağırıb. Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock “Avropa İttifaqı beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir. Dünənki seçkidə bir əsas müxalifət partiyası iştirak etməyib, çünki belə qərara gəlib ki, bütün namizədlər üçün eyni səviyyədə rəqabət meydanı təmin edilməyib” – deyilir bəyanatda. Avropa İttifaqı yaydığı açıqlamada hakimiyyəti ATƏT/DTİHB-nin əvvəlki parlament seçkilərindən sonra irəli sürdüyü tövsiyələr qəbul etməyə çağırıb: “Avropa İttifaqı beynəlxaq standartlara əsaslanan şəffaf keçirilən seçkiləri dəstəkləyir”. “Avropa İttifaqı Azərbaycan vətəndaşlarının rifahı naminə ölkə qurumları ilə əməkdaşlığı davam etdirəcək. Bura yeni parlament də daxildir”, – deyə açıqlamada bildirilir. ABŞ Azərbaycan hakimiyyəti səhvə yol verir ABŞ Dövlət Departamenti seçkilərdə beynəlxalq müşahidəçilər yetərincə olmadığından seçkilərin yekunlarını dəyərləndirməkdə çətinlik çəkib. Bu barədə “Turan” məlumat yayıb. Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Elizabet Tryudo bildirib ki, Azərbaycan hökuməti ATƏT DTİHB-nin seçkilərə kifayət qədər müşahidəçi göndərməsinə imkan verməyib ki, bu da təşkilatın monitorinq keçirməsinə imkan yaratmayıb”. ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock  “ATƏT DTİHB-nin iştirakı olmadan biz Azərbaycanın DTİHB-nin əvvəlki seçkilərdə irəli sürdüyü tövsiyələrə uyğun olaraq irəliləyiş əldə edib-etmədiyini söyləyə bilmərik. Bu tövsiyələr fundamental azadlıqlara aid olub”. ABŞ-nin ATƏT-in Daimi Şurasındakı səfiri Daniel Bear bildirib ki, Azərbaycan DTİHB-yə maneçilik törətməkdə səhvə yol verir: “Mən başa düşürəm ki, Bakı DTİHB ilə münasibətlər qurmaq istərdi, lakin bütün iştirakçı ölkələr bilməlidirlər ki, obyektiv qiymətləndirmə metodologiyası “xüsusi münasibətlər” imkanlarını istisna edir”. Xarici mətbuat yazır… Almaniyanın “Die Zeit” qəzeti: “Qafqazın avtoritar ölkəsi olan Azərbaycanda əvvəlcədən gözlənildiyi kimi hakim Yeni Azərbaycan Partiyası tam qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının səslərin 91 faizinin hesablanmasından sonra açıqladığı nəticələrə görə, Prezident İlham Əliyevin partiyası parlamentdəki 125 yerdən ən azı 69-da sahib olub. Əsas müxalifət partiyaları seçkini boykot edib. Onlar əvvəlcədən bəyan etmişdilər ki, səsvermənin nəticələri saxtalaşdırılacaq. Müstəqil beynəlxalq müşahidəçilər də Azərbaycandakı seçkini izləməkdən imtina edib”. Xarici media. Foto: witsarut sakorn/shutterstock Böyük Britaniyanın “Vice News” jurnalı: “Hakimiyyətini 20 ildən artıq müddətdə qoruyub saxlayan hökumət indiyədək bütün seçkilərdə müxalifətin seçilməsini mümkünsüz edən ən müxtəlif vasitələrə əl atıb-namizədlərin və seçicilərin qorxudulması, seşki kampaniyası müddətinin qısaldılaması, təbliğat imkanlarının məhdudlaşdırılması, namizədlərin qeydiyyatından imtina edilməsi. Xüsusən son iki il hakimiyyətin repressiyaları ilə xarakterizə oluna bilər. Müxalifət üçün həbsxanadan çıxmağın yolu da var-müxalifət partiyasının üzvlüyündən çıxırsan, Əliyevə sədaqətini elan edirsən, onun atası Heydər Əliyevin məzarını ziyarət edirsən. Çoxu elə belə də edir”.  Avropalı deputatlar: İnsan haqları azad və ədalətli seçkilər önəmli şərtdir Noyabrın 1-də keçirilən seçkiləri AŞPA müşahidəçiləri də pisləyib: “Azərbaycanda keçirilən seçkiləri azad, ədalətli və demokratik seçkilərə doğru atılmış addım saya bilmərik”,-deyə Almaniyadan olan deputatar Frank Şvabe, Ute Finkx Kremer və İrlandiyadan olan deputat Maykl Maknamaranın yaydığı bəyanatda bildirilir: Plenary room in EU parliament. “Bu seçkilərdə texniki və logistik nailiyyətləri qeyd etsək də, ölkədəki siyasi azadlıqlar, media və ifadə azadlığı, toplaşma və təşkilatlanma azadlığı sahələrində vəziyyət azad və demokratik seçkilərin keçirilməsinə şərait yaratmır. Bu seçkilərə hazırlıq insan hüquqları sahəsində vəziyyətin pisləşməsi ilə keçib, halbuki, insan haqları azad və ədalətli seçkilər önəmli şərtdir”.   Avropa Məhkəməsi 47 şikayəti təmin etdi 2015-ci il Milli Məclisində əvvəlki tərkibdən fərqli olaraq qadınların sayı 1 nəfər artdı (22 nəfər). Onların arasında yeniləri də vardı: Dilarə Cəbrayılova, Ülviyyə Həmzəyeva, Pərvin Kərimzadə, Ülviyyə Ağayeva, Sona Əliyeva. Ancaq Rəbiyyət Aslanova, Gülçöhrə Məmmədova, Leyla Abdullayeva, Gülər Əhmədova yeni parlamentə mandat almadılar. Avropa Məhkəməsi 2015-ci il seçkilərindən 47 şikayəti təmin etdi. Meydan TV

Seçilən
26
xural.com

1Mənbələr