AZ

Rusiya kəşfiyyatı: “ABŞ ATƏT-in köməyi ilə “Gürcü Arzusu”nun qələbəsinin qarşısını almaq istəyir”

Yayımlandı: 11 Sentyabr 2024 21:37 ABŞ rəsmisi iddianı təkzib edərək “yalan” adlandırıb Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat mərkəzi Gürcüstandakı mövcud vəziyyətlə bağlı növbəti açıqlama yayıb. Bundan əvvəl Rusiya xüsusi xidmət orqanları oktyabrda keçiriləcək parlament seçkilərində “Gürcü arzusu”nun qələbəsinin qarşısını almaq üçün ABŞ-ın “Tbilisi Maydanı”nı təşkil etməyə hazırlaşdığını artıq bəyan etmişdi. İndi də Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Vaşinqton ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) vasitəsilə planlaşdırılan seçkilərə müdaxilə etməyə çalışır. “Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara görə, ABŞ Dövlət Departamenti hazırda hakim partiya olan “Gürcü Arzusu”nun qələbəsinin qarşısını almaq üçün oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə üçün yeni alət işə salmağa hazırlaşır”, – deyə məlumatda bildirilir. Rəsmi Moskva iddia edir ki, ATƏT/DTİHB seçkilərə 10-20 gün qalmış “ölkədə azad və ədalətli nümayişlər üçün şəraitin olmadığına dair” aralıq hesabat dərc edəcək. “Vaşinqtonun niyyəti aydındır və artıq təəccüblü deyil – Gürcüstanın qərbyönlü müxalifətinə ölkədə hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi etiraz aksiyalarına başlamaq üçün əsas vermək”, – Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında deyilir. Rusiyanın Xarici Kəşfiyyat Xidməti ATƏT-ə ayrılan maliyyənin kəsilməsini “əsaslı” sayır və DTİHB-nin “ABŞ hökumətinin çirkin oyununun ruporuna” çevrildiyini iddia edir. Bundan əvvəl Baş nazir İrakli Kobaxidze də daxil olmaqla, hakim “Gürcü Arzusu” Partiyasının liderləri ABŞ-dan maliyyələşən Gürcüstanın qeyri-hökumət təşkilatlarının iki dəfə ölkədə inqilab təşkil etməyə cəhd etdiyini iddia edirdilər. Kobaxidze həmçinin ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kelli Deqnanı “ölkədə inqilabi ssenariləri dəstəkləməkdə” ittiham edib. Vaşinqton Tbilisinin ittihamlarını rədd edib. Metyu Miller. ABŞ DD-in saytından screenshot Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici Kəşfiyyatının bəyanatını “qəti şəkildə yalan” adlandırıb. Senator Cin Şahin avqustda Tbilisiyə səfəri zamanı da eyni şeyi təkrarlayıb. Gürcüstan müxalifətinin bəyanatına görə, Moskvanın təsvir etdiyi planlar ilə “Gürcü Arzusu” liderlərinin ABŞ-ın seçkilərə müdaxiləsi ilə bağlı bəyanatları arasında oxşarlıq hakim partiyanın Rusiya tərəfindən qeyd-şərtsiz dəstəyindən xəbər verir. Gürcüstanın Baş naziri İrkali Kobaxidze bazar ertəsi hökumət administrasiyasında keçirdiyi brifinqdə hökumətin xarici müşahidəçilərlə fəal əməkdaşlıq etdiyini bildirib. “Biz bütün istiqamətlərə dəvət göndərmişik. Xarici müşahidəçilərin Gürcüstanda öz fəaliyyətlərini həyata keçirmək üçün tam imkanları var”, – deyə İrakli Kobaxidze bildirib. Source: Foto:Gürcüstan mediası Xarici İşlər Nazirliyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mateo Mekacini 2024-cü ildə Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dəvət aldığını açıqlayıb. Məlumata görə, dəvət fevralın 12-də göndərilib. Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək. Deputatlar yalnız proporsional sistemlə seçiləcək. Parlament üzvlərinin mandatları 5 faizlik baryeri keçən siyasi partiyalar arasında bölüşdürüləcək. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
xural.com

1Mənbələr