AZ

Paşinyan erməni separatçılara savaş açır: Silahlı qiyam planını pozmaq üçün onları ölkədən çıxarırlar

Ermənistanda olduqca qəliz ictimai-siyasi situasiya yaranmağa başlayıb, xarici kəşfiyyatın və erməni müxalifətinin Ermənistanda vətəndaş müharibəsinə qədər inkişaf edə biləcək silahlı toqquşmalar törətməsi üçün münbit şərait mövcuddur... Paşinyan hakimiyyəti növbəti seçkilərə qədər bu problemi həll etməyə məcburdur, əks halda, xarici kəşfiyyatın da dəstəklədiyi silahlı müxalif qruplaşmalara müqavimət qətiyyən asan olmayacaq, bu, hətta Ermənistanda dövlət çevrilişi ilə də nəticələnə bilər...
Ermənistanın sürüşkən və xaotik xarici siyasətinin ilkin nəticələri artıq ölkədaxili proseslərə birbaşa təsir göstərməyə başlayıb. Belə ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətinin idarəçilik dönəmində ciddi şəkildə parçalanmasıyla diqqəti çəkir. Hər halda, onilliklər boyu möbvud olmuş ümumerməni siyasi-ideoloji mərkəzləşmə artıq arxa plana keçmək üzrədir. Hətta yalnız Ermənistanda deyil, xarici ölkələrdə erməni diasporlarını da vahid mərkəzdə birləşdirən bu siyasi-ideoloji xətt demək olar ki, iflasa uğramış kimi görünür. Və bu, o deməkdir ki, yaxın gələcəkdə ənənəvi “erməni problemi”nin tamamilə sıradan çıxarılması reallaşa bilər.

Onu da qeyd etmək lazımdır ki, indi Ermənistanın ictimai-siyasi məkanı Cənubi Qafqazda geopolitik maraqları olan dövlətlər arasında bölüşdürülüb. Belə ki, Ermənistan cəmiyyəti ümumerməni narrativlərindən uzaqlaşma prosesinə məruz qalaraq, rusiyaçılara, irançılara, avropaçılara və hətta amerikaçılara bölünüb. Ona görə də, xarici ölkələrin xüsusi xidmət servisləri tərəfindən idarə olunan erməni siyasi düşərgələri bağlı olduqları dövlətlərin maraqlarından çıxış edirlər. Və Ermənistanın maraqlarına, hətta gələcək taleyinə belə, xarici himayədarlarının drektivləri üzərindən baxırlar.
Bütün bunları nəzərə aldıqda, Ermənistan cəmiyyətində ümumi problemlərə münasibətdə çoxsaylı fərqli yanaşma tərzinin olması qətiyyən təəccüblü deyil. Böyük ehtimalla bundan sonra erməni siyasi-ictimai məkanının deqradasiya prosesinin daha intensiv xarakter alması da qaçılmaz olacaq. Hər halda, erməni siyasi-ictimai qruplaşmalar arasında ortaq mövqenin tapılması indi olduqca qəliz məsələdir. Hətta Paşinyan hakimiyyətinə müxalif mövqedə olan Qarabağ klanı daxilində belə, ciddi ziddiyyətlərin olduğu bildirilir. Keçmiş prezidentlər və hərbi cinayətkarlar Robert Köçəryanla Serj Sarkisyanın tərəfdarları da hazırda müttəfiqdən daha çox siyasi rəqib durumuna keçiblər.
Yəqin ki, Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, erməni siyasi-ictimai qruplaşmaları arasında qarşıdurma ən yüksək həddə çatmış olacaq. Son müşahidələr bu qruplaşmaların elə indidən həmin seçkilərə hazırlıq prosesinə start verdiklərini göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti poternsial rəqiblərini küncə sıxışdırmaq istiqamətində planlı fəaliyyətə başlayıb. Və əsasən də rəqib müxalif düşərgənin sosial bazası hədəfə alınıb.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti könüllü şəkildə Ermənistana mühacirət etmiş ermənilərin davranışlarından ciddi narahatlıq keçirir. Belə ki, erməni kilsəsi və Qarabağ klanı Qarabağdan köçən ermənilərdən hakimiyyət uğrunda mübarizədə alət kimi istifadə etməyə cəhd göstərir. Ona görə də, erməni separatçıların qondarma qurumunun Ermənistandakı ənənəvi strukturlarını fəallaşdırmağa başlayıblar. Və onların vasitəsilə Ermənistanda  ölkədaxili gərginliyi artırmaq məqsədi güdürlər.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Qarabağ klanının siyasi düşərgəsinə yönələn gəlmə erməniləri təhlükəli sosial kontingent hesab edir. Baş nazir Nikol Paşinyanın yaxın ətrafı gəlmə ermənilərin xarici ölkələrə mühacirət etməsində maraqlı olduğunu da qətiyyən gizlətmir. Hətta bunun üçün əlavə imkanların açılmasına yönəlik addımlar da atır.
Hər halda bəzi məlumatlarda Paşinyan hakimiyyətinin Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə yönəlik cəhdlərinin gəlmə ermənilərin Qərb ölkələrinə gedişini asanlaşdırmaq məqsədi güddüyü də bildirilir. Bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanı gəlmə ermənilərdən mümkün qədər tez bir zamanda təmizləmək niyyətindədir. Və bu niyyətin reallaşdırılması üçün gəlmə ermənilərə müxtəlif yollarla təzyiqlərin göstərildiyi də iddia olunur.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti gəlmə ermənilərin sosial problemlərinin həllinə həvəs göstərmir. Eyni zamanda, onların separatçı liderlərinin siyasi fəaliyyətlə məşğul ola biləcəkləri qurumların ləğv edilməsinə cəhd göstərir. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə açıq mətnlə xəbərdarlıq etməklə, prosesin artıq başlandığına eyham vurub. Erməni spiker bildirib ki, separatçı qurumun özünü buraxmasından sonra “Ermənistan-artsax” qondarma parlamentlərarası komissiya da artıq fəaliyyət göstərə bilməz. Onun fikrincə, bu qurumda təmsil olunan separatçıların siyasi-hüquqi statusu mövcud deyil. Və bu səbəbdən də belə bir komissiyanın mövcudluğu hüquqi baxımdan absurddur.
Digər tərəfdən, Alen Simonyan erməni separatçıların İrəvandakı “daimi nümayəndəliyi”nin də bağlanmasının qaçılmaz olduğuna eyham vurub. Onun fikrincə, mövcud olmayan “dövlət”in “daimi nümayəndiliyi” də ola bilməz. Erməni spiker hesab edir ki, separatçılar orada toplaşıb, Paşinyan hakimiyyətinin əleyhinə siyasi fəaliyyətlə məşğuldur. Bunun yolverilməz olduğunu bildirən erməni spiker həmin bunadan daha faydalı fəaliyyət üçün istifadə etməyin vaxtı çatıb. Və bu, o deməkdir ki, gəlmə ermənilərin siyasi fəaliyyət mərkəzləri hazırda Paşinyan hakimiyyətinin maraqlarına qətiyyən cavab vermir.
Məsələ ondadır ki, rəsmi İrəvan gəlmə ermənilərin Qarabağ klanına dəstək verməsinin növbəti parlament seçkiləri ərəfəsində ciddi problemə çevriləcəyini artıq anlayır. Çünki gəlmə ermənilərin əksəriyyəti vaxtilə Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş şəxslərdir. Üstəlik, bu kontingentin əlində külli miqdarda odlu silah mövcuddur. Paşinyan hakimiyyəti dəfələrlə çağırışlar etsə də, həmin silahlar hüquq-mühafizə qurumlarına təhvil verilməyib. Və seçki ərəfəsində erməni müxalifətinin xarici kəşfiyyatın təsiri altında olan bu silahlı qruplaşmadan Paşinyan hakimiyyətinə qarşı istifadə edə biləcəyi də qətiyyən istisna deyil.
Göründüyü kimi, Ermənistanda olduqca qəliz ictimai-siyasi situasiya yaranmağa başlayıb. Xarici kəşfiyyatın və erməni müxalifətinin Ermənistanda vətəndaş müharibəsinə qədər inkişaf edə biləcək silahlı toqquşmalar törətməsi üçün münbit şərait mövcuddur. Ona görə də, Paşinyan hakimiyyəti seçki dövrünə qədər bu problemi həll etmək məcburiyyətindədir. Əks halda, xarici kəşfiyyatın da dəstəklədiyi silahlı müxalifət qruplaşmalarına müqavimət göstərmək qətiyyən asan olmayacaq. Və bu, hətta Ermənistanda dövlət çevrilişi ilə də nəticələnə bilər.(Yeni Müsavat)

Seçilən
137
50
baki.media

10Mənbələr