Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi artıq başlayıb.
Məlumdur ki, hazırda əhali arasında yoluxucu xəstəliklər yayılmağa davam edir. Bağçalarla bağlı valideynləri maraqlandıran bir sıra nüanslar var ki, həmin məsələlərə ümumi olaraq nəzər salaq:
Bağçalarda uşaqların xəstəliklərdən qorunması üçün hansı tədbirlər görülür? Bağça mühiti necə olmalıdır ki, uşaqlar xəstəliklərdən qoruna bilsinlər?
AzEdu.az sözügedən mövzu ilə bağlı məlumat almaq məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, 2024-2025-ci tədris ili ilə əlaqədar olaraq məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbiləri davam etdirilir:
“İlkin mərhələ sentyabrın 15-də yekunlaşacaq. Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya işləri davamlı xarakter daşıyır və illik plan əsasında aparılır. Sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.
Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yoluxucu xəstəliklər olduqda məktəbəqədər təhsil müəssisələrində dövlət sanitariya nəzarəti orqanlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür. Belə ki, bağçalarda hər ay həftə sonları və iş saatlarından sonra dezinfeksiya işləri mütəmadi olaraq aparılır. Hansısa infeksiyaya yoluxma şübhəsi olan işçilərlə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Pedaqoji kollektivə uşaqların səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən uşaqlar ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, səhhətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.”