AZ

Blinken və Lemmi Kiyevdə nədən danışdılar

ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) britaniyalı həmkarı Devid Lemmi (David Lammy) ilə sentyabrın 11-də Kiyev səfəri zamanı Ukraynaya yeni yardım paketləri açıqlayıblar. Ukrayna Qərb müttəfiqlərinə təsir göstərir ki, Rusiyanın dərinliklərini vurmaq üçün uzaqmənzilli silahlardan istifadəyə qadağaları qaldırsınlar. Blinken və Lemmi deyiblər ki, münaqişə “kritik” nöqtəyə çatıb. Bu arada Rusiya qüvvələri Ukraynanın şərqi Donetsk vilayətinə, Ukraynanın şəhərlərinə raketlər, idarə olunan aviabombalar, dronlarla hücum edir. Blinken Ukraynaya 700 milyon dollardan çox yardım açıqlayıb, bunun böyük hissəsi ölkənin energetika şəbəkəsini gücləndirməyə gedəcək. Lemmi isə bildirib ki, ölkəsi 600 milyon funt-sterlinqi (782 milyon dollar) yardım və kredit təminatı formasında ayıracaq. Blinken və Lemmi Polşadan qatarla Kiyevə çatdığı bir vaxtda gələn xəbərlərə görə, Rusiya qüvvələri Kursk vilayətində Ukrayna əsgərlərinə hücum edərək əraziləri geri almağa başlayıblar. Təxminən bir ay öncə Ukrayna Rusiyanın Kursk vilayətinə qəfil hücum etmişdi. Ukrayna prezidenti Volodimir Zelenski aylardır Kiyevin müttəfiqlərini çağırır ki, Rusiya ərazisinin dərinliklərini vurmaq üçün Qərb silahlarından istifadəyə icazə versin. Bu silahlara ABŞ-ın ATACMS, Britaniyanın “Storm Shadow” silahları daxildir. Kiyevin məqsədi Moskvanın hücum qabiliyyətini məhdudlaşdırmaqdır. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib ki, o, Zelenski ilə birlikdə Blinken və Lemmi ilə “detallı və məhsuldar” danışıqlar aparıb. Sibiqanın birgə mətbuat konfransında dediyinə görə, iki həmkarı ilə silahların və havadan müdafiə sistemlərinin təchizatını müzakirə edib. ABŞ prezidenti Co Bayden (Joe Biden) sentyabrın 10-da deyib ki, administrasiyası məhdudiyyətləri qaldırmaq üzərində işləyir, amma detalları açıqlamayıb. Blinkenin dediyinə görə, Zelenski ilə raketlər barədə müzakirələri haqda Vaşinqtona qayıdan kimi Baydeni bilgiləndirəcək. Bayden sentyabrın 13-də Britaniyanın baş naziri Kir Starmer ilə görüşməlidir. “Onlar şübhəsiz görüş zamanı bu məsələdən danışacaqlar”, – Blinken söyləyib. “The Guardian” qəzeti isə yazıb ki, Britaniya Ukraynaya “Storm Shadow” qanadlı raketlərindən istifadə edərək Rusiyanın dərinliklərini vurmağa icazə verib, amma bunu rəsmən elan etməyəcəklər. Qəzet bunu Britaniya hökumətindəki mənbələrə istinadla yazıb. Mənbənin dediyinə görə, “Storm Shadow” ilə bağlı müsbət qərar olmasaydı, Blinken və Lemminin Kiyevdə Zelenski ilə görüşü baş tutmazdı. “The Guardian” qeyd edir ki, Lemmi Kiyevdə verilən qərarı açıq elan etsəydi, bu, aşırı provokativ səslənərdi. Məlumata görə, Kiyevin raketdən istifadəsinə məhdudiyyətlər qoyula bilər ki, “ehtiyatsız və gərəksiz hücumlardan qaçılsın”. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
xural.com

1Mənbələr