AZ

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.   Mövzu ilə bağlı Manset.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, hazırda dövlətimiz sözügedən sahənin inkişafı üçün mühüm addımlar atır: "Ölkəmizdə kifayət qədər geniş və sanballı işlər aparılır. Tarixə nəzər salsaq görərik ki, ölkəmizin 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış "Kibercinayətkarlıq haqqında" konvensiyaya qoşulmuşdur. Eyni zamanda "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli fərmanı, informasiya təhlükəsizliyi məsələlərinə məsul qurumlar - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin bazasında müstəqil olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılması və sair məsələlər xatırlanır. 19 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınmış Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) da kibertəhlükəsizlik və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspert, şirkət və təşkilatların vahid platformasıdır. Assosiasiyanın əsas məqsədlərini ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, kibertəhlükəsizliyin təmini sahəsində həyata keçirilən tədbirlərin əlaqələndirilməsinə və müvafiq sahənin inkişafına təkan verilməsi təşkil edir. Kibertəhlükəsizliyin təmini ilə əlaqədar layihə və proqramların hazırlanması, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin işlənməsi və tədbirlərin həyata keçirilməsinə töhfələr, milli, elmi-texniki və kadr potensialının gücləndirilməsinə dəstək, sözügedən yöndə ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə ixtisaslaşmış yerli və xarici fiziki və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək, eləcə də İKT üzrə maarifləndirmə və məlumatlandırmanı həyata keçirmək, ölkədə kibertəhlükəsizlik mədəniyyətinin inkişafına çalışmaq qurumun əsas fəaliyyət istiqamətləridir. 2023-cü il 28 avqust tarixindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” ölkə rəhbəri Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edildi. Bir çox ciddi məsələlər burda öz əksini tapmışdır. Artıq dövlətimiz bu srategiya üzrə sərrast işlər aparır". Bəhruz Əliyev onu da qeyd edib ki, ölkəmizdə elektronlaşma işləri sürətlə davam edir: "Hazırda ölkədə elektronlaşma sürətli olaraq davam edir. Elektronlaşma bir çox işin sürətli, səliqəli və şəffaf olmasında rol oynayacaq. Ölkə rəhbərinin 1 avqust 2023-cü il 2279 nömrəli fərmanın 5-ci bəndində bildirilir ki, mərkəzi icra hakimiyyəti orqanları 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etsinlər. Göründüyü kimi bu sahədə inkişaf edirik və bu proses bundan sonra daha çox sürətlənəcəkdir. Bir çox ölkələrdən daha yaxşı səviyyədə olduğunu müşahidə etmək mümkündür.  Dünya təcrübəsində bir çox yeniliklər mövcuddur. Hər bir ölkənin öz yanaşması və özünə xas məsələləri mövcuddur. Amma müşahidə etmək mümkündür ki, Kibertəhlükəsizlik və süni intelletktə bağlı məsələlər daha çox gündəmdədir. Bu sahələr üzrə bir çox təcrübələrdən yararlanmaq mümkündür. Çünki bu sahələrin gələcəkdə əsas səsgətirən sahəsi olacağını düşünürəm".   Fidan Əliyeva  6.3.13. informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; Bu yazı Medianın İnkişafı  Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Seçilən
161
manset.az

1Mənbələr