Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant hesabına “İctimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi” layihəsini həyata keçirir.
Layihə çərçivəsində 11 mərkəzi icra hakimiyyəti orqanı və Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr fəaliyyətinin monitorinqi həyata keçirilib və hər birində monitorinqin nəticələrinə dair görüş və seminar təlimlərin təşkil olunması nəzərdə tutulur.
İlk belə görüş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyində baş tutub. Görüş zamanı, nazirliyin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyəti müzakirə olunub, nazirlik və nazir Muxtar Babayevin 2024-cü ilin ilk 6 ayında media indeksi nəzərdən keçirilib, nazirliyin saytı, rəsmi sosial şəbəkə profillərinin göstəriciləri barədə fikir mübadiləsi aparılıb. Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov nazirliyin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətini yetərincə qənaətbəxş kimi qiymətləndirib, bu işin daha da səmərələşdirilməsi istiqamətində mərkəzin hazırladığı tövsiyyələri nazirliyin müvafiq qurumunun rəhbərliyinə çatdırıb. Qarşıda Azərbaycanı COP 29 kimi qlobal və mötəbər tədbir gözlədiyini xatırladan V.Əlibəyov tədbirlə bağlı ictimaiyyətlə əlaqələr fəaliyyətinin də gücləndirilməsini, ələlxüsus da, böhran kommunikasiyasına ciddi hazırlaşmağı məsləhət görüb. İnteraktiv şəkildə keçən görüş maraqlı fikir mübadiləsi ilə başa çatıb.