Ölkəmiz müstəqil dövlət olaraq, dünyanın bir çox ölkələri ilə yanaşı, katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti ilə də diplomatik münasibətləri yüksək səviyyədə qurub. İkitərəfli münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfəri və Roma papası II İohann Pavellə görüşü bu əlaqələrin dərinləşməsində və möhkəmlənməsində mühüm rol oynayıb. 2002-ci ildə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin, ilk dəfə olaraq, Azərbaycana rəsmi səfəri zamanı Ulu Öndər Vatikan rəhbərini dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün bəşəriyyətin dostu və dünya vətəndaşı adlandırmışdı. II İohann Pavel isə Azərbaycanı Şərq ilə Qərbin arasında qapı olan bir məkan kimi xarakterizə etmişdir.
Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikanda olması ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə töhfəsini vermiş oldu. 2008-ci ildə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər etməsi bu əlaqələrin davamlığına dəlalət edir.
Mövcud əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri də müstəsnadır. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın Müqəddəs San-Marçellinio və Pietro katakombaları əsaslı təmir və bərpa edilmişdir. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. Bu Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi.
"SİVİLİZASİYALARARASI DİALOQ YAŞAYIR, DAVAM EDİR, GÜCLƏNİR VƏ BİZ ÇALIŞIRIQ Kİ, BU DİALOQA YENİ TƏKAN VERƏK"
2016-cı il 2 oktyabr tarixində katoliklərin lideri Roma Papası Fransiskin Azərbaycana səfəri dinlərarası, məzhəblərarası toqquşmaların baş verdiyi bir dönəmdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəri idi. Vatikan başçıları, adətən, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Lakin Azərbaycan istisnadır. Azərbaycanda katoliklərin sayının, bir neçə yüz nəfər olmasına baxmayaraq, respublikamızda hökm sürən dini sabitlik Vatikan tərəfindən də maraqla qarşılanır. Prezident İlham Əliyev Roma Papasının Azərbaycana səfərini tarixi hadisə adlandırmışdır. Dövlət başçısı bu səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd etmişdi: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər, bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək... 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi, məhz Azərbaycan sərgisi idi".
Papa Fransisk isə çıxışında ölkəmizdə hökm sürən tolerantlığa xüsusi toxunmuş, müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasındakı sabitliyi, ahəngdarlığı yüksək qiymətləndirmişdir. Din xadimləri ilə dövlət xadimlərinin görüşməsi sülhün, əmin-amanlığın bərqərar olmasına töhfədir. Bu səfər də beynəlxalq aləmə, bir daha göstərdi ki, Azərbaycan dini və etnik toleratanlıq nümunəsidir.
Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə töhfə
Mövcud əlaqələr daha da dərinləşir. Görülən işlərin davamı olaraq Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb. Qeyd edək ki, ötən müddətdə Heydər Əliyev Fondu Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına, mədəni irsin qorunması sahəsində işlərə öz töhfəsini verir. Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Bərpa işləri, ilk növbədə, 2025-ci ildə keçiriləcək Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır.
Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI