Almaniyanın Drezden şəhərindəki Karola körpüsünün bir hissəsi gözlənilmədən uçub.
Yenicag.az xəbər verir ki, körpünün 100 metrlik hissəsi qəfildən Elba çayına düşüb. Ən təəccüblüsü isə odur ki, dağılmadan bir neçə dəqiqə əvvəl tramvay körpüdən keçib.
Hadisə anı kameraya düşüb. Görüntülərdə körpünün yüksək səs-küylə dağıldığı və ətrafına toz buludlarının qalxdığı görünür.
Səlahiyyətlilər dərhal tədbir görüb. Ərazi təhlükəsizlik səbəbilə bağlanıb və ekspertlər araşdırmalara başlayıb. Yanğınsöndürmə briqadasının sözçüsü insanlara körpünün digər hissələrinin uçma təhlükəsi olduğu barədə xəbərdarlıq edib.
Dağılmanın səbəbi hələlik məlum deyil. Lakin mütəxəssislər betonun zamanla köhnəldiyini düşünürlər. Gələn il körpünün bu hissəsində təmir işlərinin aparılması nəzərdə tutulmuşdu.
Hadisə şəhərdə müəyyən problemlər yaradıb. Şəhərin bəzi məhəllələrində istilik boruları zədələndiyi üçün isti su kəsilib.
Polis hadisənin bədbəxt hadisə olduğunu hesab edir və insanları sosial şəbəkələrdə yalan məlumat yaymamağa çağırır.
İsmayıl Bakuvi