Yaxud Avropa demokratiyasına düşən növbəti ləkə
Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqeyi ilə seçilən Frank Şvabe yenidən “fəallaşıb”. “Korrupsion Seele” (korrupsiya ruhu) ləqəbi ilə tanınan və Almaniyanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən parlamentari köhnə mərəzindən əl çəkmək fikrində deyil. Əminik ki, bu qatı ermənipərəstin yuyulmamış qaşıq kimi ortaya düşməsinin səbəbi təkcə Azərbaycanda deyil, elə Avropanın özündə də hər kəsə yaxşı məlumdur. Ölkəmizdə bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) yaxınlaşdıqca təkcə M.Şvabenin yox, eyni zamanda, digər ona bənzərlərin daha rəngarəng həyasızlıq üsullarına əl atacaqları şübhəsizdir. Belə hallara öyrəncəliyik. Ancaq...
Bəli, M.Şvabe Azərbaycanın COP29-a evsahibliyini gözdən salmağa çalışır və bu səbəbdən hədyanlarını sıralamağa davam edir. Əslində, cənab “Korrupsion Seele” erməni lobbi və diaspor təşkilatlarından aldığı maliyyələrdən ruhlanıb hərəkətə keçərkən, heç də yenilik etmir. Ölkəmizdə reallaşmış “Eurovision” müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, “Formula-1” yarışları ərəfəsində eyni tendensiyanın müşahidə olunduğunu, ənənəvi ittihamların dövriyyəyə buraxıldığını görmüşük. Məsələyə mövcud prizmadan yanaşsaq, Şvabenin etdikləri köhnə şparqalkaların yenidən üzə çıxarılmasından başqa bir şey deyil. Axı onun özü də mahiyyətcə köhnə adamdır, böyük fiqurların əlindəki kiçik peşkadır. İndi bu peşka çalışır ki, COP29 müstəvisində Azərbaycana qarşı beynəlxalq aləmdə antipatiya yaransın.
F.Şvabe Qərb dairələrinin leksikonunda siyasi dəyənəyə çevrilmiş “insan haqları”, “demokratiya”, “siyasi məhbuslar” kimi ifadələri əldə bayraq edərək, ölkəmizə qarşı hücuma keçir. Görünür, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi istiqamətindəki “fəaliyyəti” ağalarının ona böyük məbləğdə sərmayə yatırımlarına səbəb olub. O da bundan ruhlanaraq, ölkəmizin rəhbərliyinə “siyasi məhbusları” azadlığa buraxmaq çağırışı ünvanlayıb. Beləsinə necə başa salasan ki, Azərbaycanda siyasi məhbus yoxdur? Axı danışdıqları yalanlara inanacaq qədər miskin və rəzil təbiətə malikdir.
Rəzilliyin və miskinliyin nəticəsidir ki, Qərbin anti-Azərbaycan dairələrinin dəstəklədiyi yerli şəbəkə “Abzas Media”, “Toplum TV” və sair bu sayaq media qurumlarının ifşası qıcıq doğurur. Heç şübhəsiz, qıcıq dünyadakı ikili standartlar siyasətinin təzahürüdür. Şvabe həmin siyasəti reallaşdıranların əlindəki sərsəmlik alətidir. Bu adam fikir bildirərkən nəinki beynəlxalq hüquq prinsiplərini heçə sayır, adi etik qaydalara riayət etmir. Yada salaq ki, həmişə insan hüquqları sahəsində manipulyasiyaları ilə yadda qalan alman parlamentari vaxtilə ölkəmizi 44 günlük müharibəyə görə də qınamış, habelə Azərbaycanı işğalçı kimi təqdim edənlərin cəbhəsində yer almışdı.
Bəli, dünyada ikili standartlar siyasətinin nəticəsidir ki, Ermənistanda baş verən hadisələrlə bağlı Qərb institutları və onların Şvabe kimi maşaları susurlar. Elə götürək, 2019-cu ildə ölkə həbsxanasında müxalifyönlü jurnalistin aclıq aksiyası keçirərək dünyasını dəyişməsini. Söhbət Mher Yegiazaryandan gedir. Başqa müxalif siyasətçi Armen Qriqoryanın 2022-ci ilin iyulunda məhkəmə zalındaca canını tapşırmasını da xatırlayaq. Görəsən, Ermənistan baş naziri Nikol Paşinyanın və komandasının keçmiş hakimiyyətin bir çox fəal funksionerinə qarşı həyata keçirdiyi repressiya siyasəti niyə insan hüquqlarının pozulması kimi dəyərləndirilməyib? Necə dəyərləndirilsin, axı erməni iqtidarı Qərbpərəstdir!
Əlbəttə, saxta “Martin Lüter Kinq”in, yəni M.Şvabenin bu sayaq məqamlara diqqət yetirməsi mümkünsüzdür. Çünki Azərbaycanla bağlı konkret “təlimatları” var. Bu “təlimatların” həyata keçirilməsində əsas meyar abırsızlıq və həyasızlıqdır ki, alman parlamentaridə həmin keyfiyyətlərin hər biri, özü də artıqlaması ilə cəmləşib. Cəmləşib ki, mütəmadi olaraq Qarabağ ermənilərinin hüquqları barədə danışan bu məxluq bir dəfə də olsun, Qarabağdakı keçmiş qondarma rejimin və işğalçı Ermənistanın törətdiyi dağıntılardan, Azərbaycanın mədəni irsinin məhvə məruz qalmasından, azərbaycanlıların öz ata-baba yurdlarına qayıdış hüquqlarının otuz il müddətində tapdalanmasından bir dəfə də söhbət açmayıb.
Ümumən, M.Şvabenin çoxsaylı yaramaz əməllərini yada salmaq mümkündür. Ancaq yazımızda onların hamısını sadalamaq niyyətindən uzağıq. Yalnız bir faktı diqqətə çatdırmaqla fikrimizi tamamlamaq, həm də şvabelərin gerçək mahiyyətini fərqli prizmadan təqdim etmək istərdik.
Deməli, alman parlamentari bir müddət əvvəl BBC-yə müsahibəsində Azərbaycana 7 fevral Prezident seçkiləri məsələsində hədyan yağdırarkən, prosesə Avropa Şurasından müşahidəçilərin dəvət olunmaması üzərində dayanmışdı. ATƏT-in seçki müşahidəçiliyini, bir növ, süngü ilə qarşılayan Şvabenin sözlərindən belə çıxmışdı ki, onun təmsil olunduğu qurumun məqsədi seçkidən maliyyə vəsaiti qazanmaqdır.
Təsəvvür edin, bu həyasız deputat, faktiki olaraq, ATƏT-i Azərbaycan hakimiyyətindən rüşvət almaqda günahlandırmışdı. Daha doğrusu, o, elə danışmışdı ki, sanki ATƏT təmsilçilərinin maddi mənfəət əldə etməsindən, özünün buna müvəffəq ola bilməməsindən narazıdır, durumu ədalətsizlik kimi qiymətləndirir. “ATƏT-in Azərbaycana səfərindən məmnun deyiləm. Çünki bizim razılaşmamız var ki, heç bir ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə icazə verməyəcəyik, yəni ya biz birlikdə dəvət olunmalıyıq, ya da heç birimiz o ölkəyə getməyəcəyik”, – deyən Şvabenin mahiyyətinin çürüklüyü göz önündədir. Yəqin, elə bu çürük mahiyyətinə görədir ki, “Korrupsion Seele” ləqəbi ilə tanınıb.
Sonda onu da deyək ki, ümumən M.Şvabe və onun kimilərinin mövcudluğu, yəni üzə çıxarılmaları, söz demək, fikir bildirmək imkanı əldə etmələri, onlara hansısa formada tribuna verilməsi, bütövlükdə, demokratiya adına böyük ləkədir və “köhnə qitə”nin aparıcı institutlarının ciddi böhranından xəbər verir. Hesab edirik ki, məsələ barədə Avropada yaxşı-yaxşı düşünməlidirlər. Düşünməli və bilməlidirlər ki, əzmlə ağa qara, qaraya ağ demək potensialına malik siyasi ədəbaz xislətli yalaqların olması qitənin əldə etdiyi bütün mütərəqqi dəyərlərin puça çıxması ilə nəticələnəcək.
R.ƏVƏZ
XQ