AZ

Kərə yağının idxalı da, qiyməti də sürətlə artır...

Image

Son günlər kərə yağının qiymətində xeyli artım müşahidə edilir. Kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.

Məlumat üçün bildirək ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.

Eyyub Hüseynov: “Qiyməti tənzimləmək üçün idxal ölkələrinin sayı artırılmalıdır” 

Kərə yağının satış qiymətinin artması barədə fikir bildirın Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, keyfiyyətli kərə yağının qiyməti yüksək olmalıdır: “Normal kərə yağı əldə etmək üçün 20 litr orta yağlılıq dərəcəsi olan süd lazımdır. Əslində kərə yağının qiyməti 19-20 manat olmalıdır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Amma qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər. Bazarımızda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur, lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin".

E.Hüseynov hesab edir ki, qiyməti tənzimləmək üçün idxal ölkələrinin sayı artırılmalıdır: “Yeni Zelandiyada Azərbaycana yağ göndərən zavodda, onlara süd verən təsərrüfatlarda oldum. Məlum oldu ki, orada heyvanlar daim otlaqlarda olurlar. Bu səbəbdən onlarda yağ daha ucuz başa gəlir. Həmçinin, Azərbaycana Almaniyadan da yağ göndərilir. Niderland, Peru kimi kənd təsərrüfatı inkişaf etmiş ölkələr mövcuddur. Azad bazar şəraitinin bütün imkanlarından istifadə etmək lazımdır ki, daha çox xarici ölkələrdən yağ idxal olunsun. Belə olarsa, yağın qiymətində azalma baş verə bilər".

Xalid Kərimli: “İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır” 

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir: “Onlar idxal məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır".

Günel CƏLİLOVA





Seçilən
56
baki-xeber.com

1Mənbələr