AZ

Professor: Qarabağ və Şərqi Zəngəzurun dərman bitkiləri əsasında beynəlxalq səviyyəli tədqiqatlar aparırıq

Professor:

BakI, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) beynəlxalq səviyyədə müştərək formada yerinə yetirilən fundamental elmi tədqiqatların bir istiqaməti bitki ekstraktları əsasında canlı orqanizmlərin bəzi patoloji proseslərinə qarşı antioksidant və enzim-izoenzim inhibitorların yaradılmasını əhatə edir.

Bu barədə AZƏRTAC-a məlumat verən institutun icraçı direktoru professor Əfsun Sucayevin sözlərinə görə, təmsil etdiyi elmi müəssisədə bitki ekstraktlarından alınan potensial dərman maddələrinin fizioloji fəallıqlarının tədqiqi sahəsində əvvəllər də müəyyən elmi araşdırmalar aparılıb: “AKİ alimləri hələ illər öncə bu elmi-tədqiqat müəssisəsinin əsas profilinə uyğun apardıqları tədqiqatlar nəticəsində həm də müəyyən ediblər ki, sintez etdikləri və bitki ekstraktından alınan bəzi birləşmələr biosid kimi sürtkü materiallarını mikroblar tərəfindən zədələmədən qorumaqla yanaşı, canlı orqanizmlərdə fizioloji fəallıq göstərir. Hətta onlardan bir neçəsi sənaye və tibdə uğurla tətbiq də olunub. Məsələn, institut alimlərinin əldə etdikləri potensial dərman təsirli maddələr görmə orqanının selikli qişasına terminal anesteziya təsiri göstərir. Araşdırmalar M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetndə aparılıb. Öz aktivliyinə görə, bu maddələr geniş istifadə olunan “Ksikain” (Lidokain) dərman preparatına nisbətən dəfələrlə üstündür. Həmin birləşmələrin bioloji sınaq metodu ilə analizi M.F.Vladimirski adına Moskva Vilayət Elmi-Tədqiqat Klinik İnstitutunun Biokimyəvi farmakologiya laboratoriyasında aparılıb və tibbi xassələr göstərdiyi təsdiqlənib”.

Ə.Sucayev qeyd edib ki, eyni zamanda, sürtkü yağlarının və yanacaqların oksidləşməsi və bu prosesin qarşısını alan antioksidantların təsir mexanizminin araşdırılması ilə bağlı aparılan tədqiqatlar nəticəsində oksidləşmənin radikal-zəncirvari bir proses olduğu, antioksidantların təsirinin də məhz radikal mexanizmlə baş verdiyi müəyyən edilib: “Dünya alimləri də müəyyənləşdiriblər ki, canlı orqanizmlərdə bədxassəli şişlərin əmələ gəlməsi də ilkin mərhələdə radikal mexanizmlər üzrə gedir. Ona görə bir çox hallarda sürtkü materiallarının oksidləşməsinin qarşısını alan antioksidantlar həmin patoloji şişlərin qarşısını alan fizioloji aktivlik də nümayiş etdirir. Bu nöqteyi-nəzərdən bitki ekstraktından alınması mümkün olan antioksidantların fizioloji fəal maddə kimi də tədqiqi bizim üçün həmişə aktuallıq kəsb edir. Bütün bu uğurlu təcrübələri əsas tutaraq fizioloji fəal maddələrin yaradılması istiqamətində tədqiqatları genişləndirməyi məqsədəuyğun hesab etmişik”.

İcraçı direktorun fikrincə, bu sahədə təkcə bir institutda, universitetdə yerinə yetirilən elmi tədqiqatlarla mühüm nailiyyətlər əldə etmək mümkün deyildi: “Yəni etiraf edək ki, ölkəmizin istər elmi müəssisələrinin, istərsə də universitetlərinin mövcud laboratoriya şəraiti yüksək beynəlxalq səviyyəli tədqiqatları təkbaşına yerinə yetirməklə əldə olunan mühüm elmi nəticələri dünyanın nüfuzlu jurnallarında dərc etdirməyə imkan vermir. Kimya və tibb sahəsində hər hansı dərman maddəsini yaradıb, onu laboratoriyadan tibb sənayesinə - əczaxanaya çıxarmaq qeyri-mümkündür. Bu problemləri isə təbii ki, müştərək beynəlxalq tədqiqatlarla həll etmək olur. Ona görə çıxış yolu kimi 2015-ci ildən dünyanın aparıcı elm mərkəzləri - Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texnik, Atatürk, Bartin, Ege, Mərmərə, Sinop universitetləri, ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və Biostruktur İnstitutu, Florensiya Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Favorski adına İrkutsk Kimya İnstitutu və Belarus Elmlər Akademiyası Bioaktiv Maddələrin Biokimyası İnstitutunun tanınmış alimləri ilə birgə 4-5 beynəlxalq tədqiqat qrupu yaradaraq həyata keçirdiyimiz müştərək multidissiplinar tədqiqatlar nəticəsində təxminən 350-yə yaxın üzvi maddənin, o cümlədən bitki ekstraktından əldə etdiyimiz birləşmələrin canlı orqanizmdə qlobal xəstəliklərə gətirib çıxaran bəzi patoloji proseslərə qarşı antioksidant, enzim-izoenzim inhibitor təsirləri müfəssəl öyrənilib.

Təkcə Türkiyənin Atatürk və Bartin universitetləri ilə son 5-6 ildə aparılan ortaq elmi araşdırmaların nəticələrinə görə, alınan birləşmələrin ayrı-ayrı seçilmiş nümayəndələri bədxassəli şiş, Alzheimer (yaddaşitmə, ağıl zəifliyi), qlaukoma, şəkərli diabet, yüksək hipertoniya və sair xəstəliklərə, ayrı-ayrı patoloji proseslərə yüksək inhibitor təsiri göstərir. Onlar bir çox hallarda həmin xəstəliklərin müalicəsində istifadə edilən takrin, α-tokoferol və troloksla müqayisədə 2-4, bəzi nümunələr isə hətta 10 dəfə yüksək təsirə malikdirlər”.

Ə.Sucayev onu da bildirib ki, dərman təsirli bir maddənin alınması hələ onun dərman kimi o dəqiqə istifadə edilə biləcəyi anlamına gəlmir: “Nəzərə almalıyıq ki, bir dərman maddəsinin bir orqan, toxuma, hüceyrədə yaranan patoloji halı aradan qaldırırsa, digər orqan, toxuma və hüceyrələrə neqativ təsiri ola bilər. Bunu yalnız klinik sınaqlar vasitəsilə müəyyənləşdirmək mümkündür. Təəssüf ki, indiki halda bu analizləri respublikamızda tam yerinə yetirmək olmur. Baxmayaraq ki, Azərbaycan Tibb Universitetində dərman maddələrin antimikrob və antibakterial təsirlərini öyrənirlər, ancaq o tədqiqatların nəticələri qəti fikir söyləmək üçün yetərli olmur. Yaradılan dərman maddələri ilə bağlı klinik analizlərin aparılması böyük xərclər tələb edir. Təxmini hesablamalara görə, bir dərman maddəsini sintez edib onun bütün sınaqlarını keçirmək ən azı 7-10 il vaxt tələb olunur və yüz minlərlə dollar vəsaitə başa gəlir”.

İcraçı direktor vurğulayıb ki, bu istiqamətdə ilk mərhələ üçün əldə etdikləri əsas elmi nailiyyət yüksək fizioloji təsirə malik olan yeni bioloji fəal maddələrini almaq, onun nəzəri əsaslarını yaratmaqdır ki, bu müştərək beynəlxalq tədqiqatlarla mümkün olub: “Heç bir xərc tələb olunmadan həmin maddələrin klinik sınaqları da yenə xarici həmkarlarla yerinə yetirilməkdədir. Artıq Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası İnstitutu ilə bu istiqamətdə müştərək tədqiqatlar aparılmaqdadır. Başqa sözlə, tərəfimizdən alınan yeni birləşmələrin partnyor olan institutun Molekulyar genetika laboratoriyasında heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilib, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılıb, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunub”.

Ə.Sucayev vurğulayıb ki, bitki ekstraktından alınan maddələr təbii olduğu üçün üstünlükləri də çoxdur: “Bu maddələr ekstraksiya üsulu ilə əldə edildiyi üçün sintetik analoqlarından fərqli olaraq alınması asan başa gəlir və kənar təsirləri də az ola bilər. Bizim tərəfdaşlıq etdiyimiz türk alimlərinin bu sahədə böyük miqyaslı müfəssəl araşdırmaları vardır. Onların nəticələrinə dünya alimləri istinad edirlər. Ona görə bu istiqamətdə türk həmkarlarımızla birgə çalışmaq daha rahat və asandır”.

İnstitut rəhbəri qeyd edib ki, bu gün Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılıb: “Onun böyük bir hissəsi Qarabağ və Şərqi Zəngəzur bitki örtüyündə rast gəlinir. O bölgənin bütün dərman bitkiləri əsasında beynəlxalq səviyyəli tədqiqatlar aparırıq. Artıq bu məsələni tədqiqat planına daxil etmişik, nəzəri araşdırmalarımızı yekunlaşdırmışıq. Birgə əməkdaşlıq şəraitində artıq orda toplanacaq dərman bitkilərin ekstraktları əsasında aparılan tədqiqatların nəticələrini dünyanın nüfuzlu jurnallarında məqalə şəklində görə biləcəyik”.

Ə.Sucayev deyib: “Yaxın dövrdə bu sahədə yeni yaradılan Qarabağ Universiteti ilə də əməkdaşlıq nəzərdən keçirilir. Hətta universitetdə beynəlxalq laboratoriya yaradıb orada dərman bitkilərin ekstraktları əsasında müştərək beynəlxalq tədqiqatlar aparılması mümkündür”.

Seçilən
49
7
azertag.az

10Mənbələr