I Liqada ilk turun oyunları davam edir. Ağsu stadionu hələ də təmirdən çıxmadığından, "Difai" "Cəbrayıl"ı Şamaxıda qəbul etməli olub. Qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb. Nominal ev sahibləri 1 top fərqiylə uduzmaqlarına görə bəxtə minnətdar olmalıdır. Hesab 3-4 top fərqiylə bitməli idi.
«Cəbrayıl» ilk 5-10 dəqiqəni çıxmaq şərtiylə rəqibindən üstün oynadı. Liqanın debütantı bütün komponentlərdə «fədailər»dən bir addım öndə təsiri bağışladı. Fiziki, taktiki, psizoloji hazırlıq baxımından, Elhad Nəzirinin komandasını daha yaxşı hazırladığı göründü. Qazanmaq istəyi onların baxımlı futbol sərgiləməsinin səbəblərindən sadəcə biridir. Qolu da bunun sayəsində vurdular. «Qarabağ»ın əvəzedici heyətindən cəlb olunmuş Əşrəf Zeynallı ikinci hissənin əvvəlində gözəl zərbəylə tablodakı «0»lardan birini «Cəbrayıl»ın lehinə tərpətdi. Bir müddət «Difai»nin düşərgəsində yer almış, maliyyə şərtlərinə görə çıxıb getməli olan yarımmüdafiəçi öz sözünü bir vuruşla dedi.
«Fədailər» heyət sarıdan ciddi korluq çəkir. Təsadüfi deyil ki, oyunun iştirak ərizəsində cəmi 14 nəfər yer almışdı. Onlardan da ikisi - Emil Quluzadə ilə Sərcan Ömərov meydana zədəli halda çıxmışdı. 74-cü dəqiqədə ikincini əvəzləyən Seymur Rəhimov da ağrılar içində meydana ayaq basmalı oldu. Çünki ondan bir qədər əvvəl rəqiblə toqquşan Sərcanın sol çiyni yerində çıxdığından, beli bükülmüş halda oyunu davam etdirmək məcburiyyətində qalmışdı. Ehtiyat skamyada yalnız 2 qapıçı olduğundan, 1 aydır ayağına top dəyməyən Seymur dördüncü hakimə yaxınlaşdı.
«Difai» 90 dəqiqə ərzində rəqib qapısı önündə cəmi 1-2 təhlükəli vəziyyət yarada bildi. İlham Allahverdiyevlə Seymur Əliyevdən savayı, Əkbər Vəliyevi narahat edən tapılmadı.
«Kəpəz»dən Arzu Atakişiyev son anda icarəyə götürülməsəydi, «Difai»də «11-lik» düzəlməyəcəkdi. 19 yaşlı müdafiəçi isə yeni komandasının bəlkə də ən yaxşısı idi. Burada altı-yeddi nəfər zədədən əziyyət çəkir. Yoxlama görüşlərində bəyənilmiş legionerləri sifariş ərizəsinə salmaq da hələlik mümkün olmayıb.
Matçın ən diqqətçəkən simalarından biri də Elhad Nəziri idi. «Turan Tovuz»da Kurban Berdiyevin kbməkçisi olan Cavid Hüseynovun öz yerinə təyin etdiyi mütəxəssis oyunboyu atmacaları ilə nəzərləri üzərinə çəkdi. İstər hakimlər briqadası, istər rəqib, istərsə də öz oyunçuları onun «tikanlı» sözlərindən «pay» aldı. Nəzirinin üzünü qapıçısına tutaraq, «Ay Əkbər, öz futbolçumuzu niyə vurursan» sualı isə ətrafdakılarda təbəssüm yaratdı.
SPORTİNFO.AZ
Şamaxı OİK stadionu. 100 tamaşaçı | ||
|