Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı ilə sentyabrın 12-də yer təkindən istifadə üzrə növbəti hərrac keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Əmlak Məsələləri Dövlət Xidmətinin Hərraclar Mərkəzində təşkil olundu. Auksion formasında keçirilən hərracda Xocalı rayonunun “Yemişcan” üzlük daşı yatağı üzrə 2 LOT satışa çıxarılıb.
Sahəsi 1.46 ha və 1.75 ha olan LOT-ların istismar müddəti 25 ildir. “Yemişcan” üzlük daşı yatağı üzrə dağ-mədən fəaliyyətilə məşğul olan 2 yerli şirkət rəqabət apardı. Sahibkarların sahələr üçün etdikləri son təkliflər start qiymətindən yüksək olub. Hərrac başa çatdıqdan sonra komissiya üzvləri yekun protokolu imzaladılar. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov mediaya açıqlama verib:
"Hərracın əsas məqsədi təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadəni təmin etmək, investor şirkətlər arasında dürüst rəqabətə şərait yaratmaqdır. İşğaldan azad edilən bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı inşaat layihələrinə töhfədir. İllər sonra bölgədə milli dağ-mədən fəaliyyətinin bərpası yurdlarına qayıdan soydaşlarımızın işlə təminatı baxımından da dəyərlidir".