AZ

Ben Uayt İngiltərə yığması üçün oynamaqdan imtina edir

London “Arsenal”ının sağ cinah müdafiəçisi Ben Uayt futbol üzrə İngiltərə yığması üçün oynamaqdan imtina edib.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İngiltərə yığmasının baş məşqçisi əvəzi Li Karsli də Ben Uaytın narahat edilməməyi xahiş etdiyini təsdiqləyib.

Karslinin İngiltərə yığmasının növbəti oyunlarından əvvəl Uaytla müvafiq söhbət aparmağı nəzərdə tutub-tutmadığı haqda sualı isə irland mütəxəssis “Xeyr, bunu planlaşdırmamışam”, deyə cavablayıb:

“Biz heyət seçərkən bu haqda danışmışıq. İngiltərə yığmasında oynamaq hüququ olan hər bir futbolçunun buna imkanı var. Bildiyimə görə, o, əlaqə saxlamamağı xahiş edib. Əgər fikrini dəyişsə, onda hər şey indiki kimi qalacaq. Məncə, bizim üçün meydanda gerçək rəqabətin olması vacibdir və nə qədər çox oyunçu seçə bilsək, bu, bir o qədər yaxşıdır”, deyə Karsli vurğulayıb.

Ben Uayt futbola “Kinqsvud” klubunda qədəm qoyub, ardınca “Sauthempton” futbol akademiyasına, oradan isə “Brayton”a keçərək, böyük futbolda debüt edib. Uayt karyerası ərzində “Nyuport Kaunti”, “Piterboro”, və “Lids”də icarələrdə çıxış etdikdən sonra tamhüquqlu əsasda “Arsenal”a qoşulub.

“Arsenal” Uaytı 2021-ci ilin iyulunda “Brayton”dan 58,50 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıb. Uaytın London klubu ilə müaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uayt cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Uaytın “topçular”ın heyətinində çıxışının ümumi mənzərəsi isə 137 oyun, 6 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Ben Uayt 2021-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyətə imza atmayıb.
Ben Uaytın qənimətlər muzeyində “Lids”lə qazandığı İngiltərə Çempionşipi (2019/2020) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
arena.az

2Mənbələr