AZ

Böyük Britaniyanın 6 diplomatı Rusiyadan çıxarılıb

Yayımlandı: 13 Sentyabr 2024 11:46 FTX iddia edir ki, onların fəaliyyətində təxribat və kəşfiyyat əlamətləri aşkarlayıb Böyük Britaniyanın Rusiyadakı səfirliyinin 6 əməkdaşı akkreditasiyadan məhrum edilərək ölkədən çıxarılıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) iddia edir ki, onların hərəkətlərində “kəşfiyyat və təxribat işlərinin əlamətlərini” aşkar edib. Qeyd olunur ki, Böyük Britaniyanın “beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini” koordinasiya etdiyini təsdiqləyən sənədli materiallar əldə olunub: “Bu əsasda Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğu vasitəsilə Rusiyada olan Britaniya səfirliyinin altı əməkdaşı akkreditasiyadan məhrum edilib”. “Rossiya-24” telekanalı diplomatların adlarını açıqlayıb: Cessika Davenport, Grace Alvin, Andre Daft Callum, Caterine McDonnal, Tomas Djon Hickson və Blake Pattel. FTX zabiti telekanala müsahibəsində iddia edib ki, diplomatlar “Novaya qazeta”nın jurnalistləri, həmçinin Vətəndaş Yardımı və Beynəlxalq Memorial təşkilatlarının hüquq müdafiəçiləri ilə görüşlər keçirib: “İngilislər bu təcrübəni (Rusiya daxilində kəşfiyyat fəaliyyətini həyata keçirmək) dayandırmaq zərurəti ilə bağlı göstərişlərimizi qəbul etmədilər, ona görə də biz bu altı nəfəri ölkədən çıxarmaq qərarına gəldik”. FTX zabitinin sözlərinə görə, Moskvaya göndərilən diplomatlara Ukraynaya qarşı müharibədə Rusiyanın məğlubiyyətini təmin etmək tapşırılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova FTX-nin ifadə etdiyi “Britaniya diplomatlarının fəaliyyəti ilə bağlı qiymətləndirmələri” tam şəkildə bölüşdüyünü bildirib: “Britaniya səfirliyi Vyana Konvensiyaları ilə müəyyən edilmiş hüdudlardan çox kənara çıxdı. Amma ən əsası odur ki, söhbət təkcə məsələnin formal tərəfindən və bəyan edilən fəaliyyətin uyğunsuzluğundan deyil, xalqımıza zərər vurmağa yönəlmiş təxribat xarakterli hərəkətlərdən gedir”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
xural.com

1Mənbələr