AZ

Qarabağı beynəlxalq turizm məkanına necə çevirmək olar? – Ekspertdən AÇIQLAMA

Azərbaycanın dilbər guşələrindən olan Qarabağ günü-gündən abadlaşır. İşğaldan azad edilmiş bütün ərazilərdə böyük qayıdışın təmin edilməsi məqsədilə irimiqyaslı layihələr icra olunmaqdadır. Hazırda 30 il öz yurdundan uzaq düşmüş bir qrup qarabağlınınn el-obasına qayıdışı təmin olunub. Qarabağın dirçəlməsi istiqamətində davamlı bərpa və quruculuq işləri isə uğurla icra edilməkdədir.

Qarabağ həm də böyük turizm imkanlarına və perspektivinə malik bölgələrimizdəndir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, hələ Sovetlər Birliyi dönəmində də Qarabağ zəngin təbiəti, relyefi, müalicəvi resursları və müalicəvi sanatoriyalarına görə potensial turistik məkan idi:

Novruz

“İşğaldan azad olunduqdan sonra biz burada ciddi infrastruktur layihələrin davam etdirildiyinin şahidi oluruq. Regionda bir çox marşrutlar yaradılır, yollar çəkilir, universitet açılır, iş adamları əraziyə cəlb olunur, müxtəlif biznes layihələr, iri tədbirlər reallaşdırılır. Eyni zamanda azad olunmuş ərazilərdəki 3 beynəlxalq hava limanından 2-si artıq fəaliyyətdədir. Hava limanlarından biri isə Laçında fəaliyyətə başlayacaq. Bunların hər biri Qarabağın turizm potensialına, gücünə aktivlik qatacaq, bu istiqamətdə müsbət dinamikanı təmin edəcək”.

Ekspert Qarabağın turizm potensialını artırmaq məqsədilə daha hansı layihələrin həyata keçirilə biləcəyindən də danışıb:

“Təhlükəsizlik tədbirləri tam yekunlaşdıqdan sonra turist axınını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirmək olar. Qarabağda istifadəyə verilmiş hava limanlarından səmərəli istifadə təmin edilməlidir. Qarabağ elə bir regiondur ki, özünün sağlamlıq turizmi, eko turizmi, kənd turizmi, eyni zamanda tarixi turizm məkanı olaraq cəlbedicidir. Hazırda həmin ərazilərə 1-2 günlük turlar təşkil edilir. Gələcəkdə daha çox otellərin inşası, qonaq evlərinin olması, müxtəlif iaşə müəssisələrinin artması, əhali köçünün təmin edilməsi regionda fərqli iqtisadi inkişafa gətirib çıxaracaq. Xaricdən beynəlxalq hava limanlarının ucuz daşıyıcılarının daha səmərəli işləməsi üçün əlaqələrin yaradılması vacibdir. Gələcəkdə xaricdən birbaşa uçuşların təmin edilməsi, eyni zamanda paytaxtdan sürət qatarlarının hərəkətinin təmin edilməsi turist axınına səbəb ola bilər. Hazırda müxtəlif təşviq siyasəti həyata keçirilir, müxtəlif investisiyaların cəlb olunması ilə bağlı stimullaşdırıcı addımlar atılır. Kiçik və orta sahibkarların regionda maraqlarının qorunması bölgənin cəlbediciliyini artıracaq”.

Aygün Mirakif,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
konkret.az

1Mənbələr