Qış aylarında dondurma və ya soyuq içkilər qəbul etdikdə badamcıqlarımız şişə bilir. Bəzi insanlar isə bu problemdən azaddırlar. Çünki onların badamcıqları götürülüb.
Bəs badamcıqların götürülməsinin ziyanı varmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Jalə Eyvazova bildirib ki, badamcıqlar orqanizmin virus və bakteriyalara qarşı əsas müdafiə mexanizmlərindən biridir.
"Belə ki, mikroorqanizmlər xarici mühitdən keçdikdə əvvəlcə badamcıqlarla qarşılaşırlar. Yəni immun hüceyrələrə malik badamcıqlar bir filtr kimi fəaliyyət göstərirlər və mikrobların bədənə daxil olmasının qarşısını alırlar. Ancaq badamcıqlar olmadan da yaşamaq mümkündür. Çünki onlar ürək və ya beyin kimi həyati vacib orqan deyillər. Badamcıqların olmaması bədəni müdafiəsiz qoymur, sadəcə insanlarda tənəffüs yolu infeksiyalarına yoluxma, qulaq iltihabı və sinüzit riski artmış olur”.
Həkim qeyd edib ki, badamcıq əməliyyatı hələ də uşaqların ən çox məruz qaldığı əməliyyatdır.
“Badamcıqların götürülməsinə isə əsas səbəblər iltihablanma, qızdırma və udma infeksiyasının məhdudlaşmasıdır. Əməliyyatdan sonra maksimum iki həftə ərzində orqanizm özünü tam bərpa edir və ağrı hissi yoxa çıxır. Qidalanmaya əməliyyatdan 2 saat sonra başlanılır. Yumşaq qatılıqda qidalar verilir. Əzmə, ilıq şorba, tərəvəz yeməkləri, meyvə əzməsi, sıyıq və dondurma üstünlük verilən qidalardır. 1 həftə ərzində qidaların daha yumşaq qatılıqda olmasına diqqət edilməlidir. Dondurma və soyuq qidalar bu əməliyyatdan sonra yaxşı təsir göstərir”.
Ülkər Abdurahmanlı