“Anam İrəvan xanı Əhməd xanın nəslindən idi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Babacan kənd sakini Loğman Əjdərovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, orta məktəb illərindən, üçüncü sinifdə qarmon ifa etməsindən söz açıb:
“Musiqiyə çox həvəsim olub. Dördüncü-beşinci sinifdə oxuyanda məclislərə getmişik. Qonşu kəndlərdə əsgər yola salmışıq, qızlara nişan qoymuşuq, kiçik xına toyları etmişik. Ardanış kəndindən Mədəniyyət Evinin müdiri Əli müəllim, musiqiçilər Əbülfət, Vaqif müəllim var idi, onlarla birgə Göyçədə böyük toylar etmişik”.
Ailədə 10 uşaq olduqlarını deyən L.Əjdərov atasının müharibə veteranı, anasının isə İrəvan xanı Əhməd xanın nəslindən olduğunu deyib:
“İrəvan xanı Əhməd xan 1806-1807-ci illərdə İrəvanda xan olub. İrəvana ruslar, ermənilər ayaq açandan sonra o qabaqcıl nəsilləri oradan didərgin saldılar. Həmin nəsillərdən biri də anamın atası tərəfinin nəsli olub. Onlar da gəlib bizim kənddə məskunlaşmışdılar və anam həmin nəslin qızı idi”.
Babacan sakini erməni vəhşiliyindən, alban qəbiristanlıqlarını öz adlarına çıxarmalarından, Göyçənin tarixinin hələ tam yazılmamasından danışıb:
“Babalarım aşıq olublar. O vaxtlar aşıqlar bizə çox gələrdi. Həmişə Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəfdən danışardılar. Aşıq Nəcəfi ermənilər kürəyinə qaynar samovar bağlayıb öldürüblər. Ermənilər çox vəhşiliklər edib, qansız olublar. Məqsədləri əhalini didərgin salmaq olub. Rayona gedənləri döyür, incidir, söyürdülər. Nəhayət, 1988-ci ilin son aylarında vəziyyət daha da pisləşdi və hamı kimi bizim də ailə Gədəbəyə, oradan da İsmayıllı rayonuna gəldi”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta