AZ

Milli yaddaşda: dərc və dərk edilmək




Bakı Dövlət Universiteti ən munis xatirələrin doğulduğu və əbədi ömür sürdüyü doğma məkan, müqəddəs ruhların qoruduğu qutsal yer, əsrdən artıq ömrün milli tarix kartotekasını yaşadan elm məbədidir. Bu əziz-xələflik içində həm də xalqın mənəviyyat bətnində doğulan “Füyuzat"ı vardır ki, təsəvvürümə görə, o, uzun vaxt kəsiyindən sonra, sanki yenidən təvəllüd tapmışdı. Jurnalın yaradıcısı və baş redaktoru Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Əhməd Kamal Akünal, Əhməd Raiq, nəhəng romantiklərdən Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Əlipaşa Hüseynzadə (Səbur), nakam taleli Səid Səlmasi, İsmayıl Qaspıralı, Krım yarımadasının Alupka qəsəbəsindən olan Həsən Səbri Ayvazov, Qarabağ ədəbi mühitinin yetirdiyi ziyalı İbrahim Tahir, jurnalın maddi-mənəvi dəstəkçisi Hacı Zeynalabdin Tağıyev və neçə-neçə millət fədailəri, Vətənpərvər-maarifpərvər ziyalılar "Füyuzat mərkəzi"ndə cəm olmuşdu. Bu o zaman idi ki, Bakı Dövlət Universiteti bir əsri tamamlayıb yeni eraya qədəm qoyur, Jurnalistika fakültəsi 50, klassik "Füyuzat" jurnalının banisi Əli bəy Hüseynzadənin 155 illiyi qeyd olunurdu. Həmin vaxt Bakı Dövlət Universitetinin tələbəsi adını yenicə qazanmışdım. Darısqal auditoriyalardan fərqli olaraq "Füyuzat mərkəzi" daha geniş və cazibəli, eyni anda tarixi özündə yaşadan ahənrüba kimi adamı özünə çəkirdi. Auditoriya qapısının düzbucaq və şəffaf pəncərəsindən içəri asanlıqla görünürdü. Ötəri baxış zamanı otağın ucsuz-bucaqsız səmanı xatırladan göy rəngli divarlarında yalnız kiçik çərçivəli rəsmlər gözə dəyirdi. Ancaq milli baxış bucağında dərəcə üç yüz altmışa dəyişirdi. İçəriyə Yasunari Kavabatanın "Şüşə"sindən baxanda milli iftixarlarımızı hekayədəki personajın dilindən söylənilən fikirlərlə xatırlayırdıq:

"...Mənim yoldaşlarım arasında bu şüşə yükünü çiyinlərində daşımayan heç olmasa bir nəfər varmı? Qoy düşmən şüşəni qırsın! Əgər mən onun qırıqları altında qalıb öləcəyəmsə, qoy ölüm. Yox, əgər ölməsəm, ağır yükü çiyinlərimdən atdığımı hiss etsəm – bax onda rəqs etməyə başlayacağam və yenidən döyüşə atılacağam!” Beləcə, millət fədailərinin ömür talelərinə, alın yazılarına binədən cızılmış çətin yaşantıları, mənəvi və böyük iztirabları kiçik çərçivə içində şəkillərilə birlikdə görürdük. Sehrafərin otağın yaradılması, sanki "Füyuzat"a yenidən həyat qazandırmışdı. Elə o zamankı klassik "Füyuzat" intişara başlamazdan öncə "Həyat" qəzetinin səhifəsi jurnala "doğum şəhadətnaməsi" verdiyi kimi. Bu jurnal qısa ömür sürsə də, fəqət ilbəil mənəvi böyüyürdü. Və məktəbdən ən əvvəl mərkəz idi. Sabahkı Azərbaycan Xalq Cümhuriyyətinin və indiki müasir Azərbaycan Respublikasının siyasi-ideoloji beyin və azərbaycançılıq mərkəzi. Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olunduğu mərkəz. Və hər dəfə otağın qapısını özümə tərəf dartanda, məni də görünməz bir qüvvə özünə sarı çəkirdi. Bu, yuxarıda qeyd etdiyimiz kimi, fikir babalarımızın divardan asılan rəsmlərinin qüdrəti idi. Onlar xoşbəxt və diri, fəqət susqun görünürdülər (çox keçməyəcəkdi ki, milli müqəddəslər müəllim qüdrətinin nəticəsi kimi, həm da "danışacaqdılar"). Xoşbəxtliyin səbəbi aydın idi; çün iyirminci əsrin birinci onilliyində Azərbaycanda dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini qurmaq eşqinə yaranan klassik "Füyuzat", bu gün çağdaş əsrimizin ikinci onilliyində müstəqil Azərbaycanın elm məbədində özünə müqəddəs və mübarək milli-mənəvi hücrə tapmışdı. Susqunluq da ona görə idi ki, söz, fikir nəhəngləri müasir gəncliyi dinləyir, müşahidələrini aparırdılar. Düşünürdülər ki, görəsən, nəticə, kötücə, nəbibə və nədidələri onları unutmayıblarmı, yaxud tanıyırlarmı? Təəssüf ki, suala qətiyyətlə "Yox, unutmayıblar", deyə cavab vermək doğru olmazdı. Və o da insafdan kənar olardı ki, bizə "Füyuzat Jurnalistikası"ndan dərs deyən Qərənfil Dünyaminqızının ismini və araşdırmaçı ziyalının bu yaxın aylarda ərsəyə gətirdiyi "Füyuzatçılar" kitabının adını çəkməyəsən!

Ən əvvəl mətbuat klassiklərinin müqəddəs ruhları bizdən inciyər. Füyuzatçılarla həmdərd olmaq qabiliyyətinə illər öncə Qərənfil Dünyaminqızının yazılarında bələd olmuşdum. Bəlkə də səbəb də bu idi ki, digər tələbələrdən fərqli olaraq "Füyuzat Jurnalistikası" fənninə daha çox qəlb bağlayırdım. Elə o zaman tələbələrin önündəcə ayağa qalxaraq Qərənfil Dünyaminqızından bir ricada bulundum. Təvəqqe etdim ki, müəllif və müəllimimizin vaxtilə qələmə aldığı — füyuzatçıların həmişə təəssübünü çəkən Mirzə Cəlilin bəxtsiz qızlarına həsr etdiyi "Talesiz bacılar" yazısı elə auditoriyadaca oxunsun. Çünki o məqalənin təsirindən illər ötsə də ayrıla bilməmişdim. Qərənfil müəllim sözümü yerə salmadı. İllərlə televiziyada reportyor işləyən, özünəxas səsi olan qrup yoldaşım İlahə Azakova bu məsuliyyəti üzərinə götürdü. Yazı oxunur, auditoriyaya sakitlik çökür. Yazı bitir, ancaq sükut hələ də davam edirdi. Bir zamanlar Mirzə Cəlil “Poçt qutusu”nu oxuyur, Məhəmməd ağa Şahtaxtı içdən gülürdü. İndi tələbə yoldaşım İlahə böyük Mirzə Cəlilin talesiz ömrünə yazılan araşdırmanı oxuyur, bəlkə də elə böyük ədibin özü də, Şahtaxtının ruhu da auditoriyada olan müəllim-tələbə qarışıq dərdə, qəmə içdən kədərlənirdi?! Bu mənzərəni Qərənfil Dünyaminqızının qələm qüdrəti, müəllim ucalığı yaratdı. Abdulla Şaiq kimi "müəllimliyimlə daha çox iftixar edirəm" deyən Qərənfil Dünyaminqızı füyuzatçıların timsalında intəhasız Kürreyi-ərzi kiçik auditoriyaya sığdırırdı. Fəqət özü dərs otağına sığmırdı. Tez-tez mühazirə söylərkən kövrəlir, seminarlarda tələbələrin milli ruha, klassik mətbuatın təməl isimlərinə olan doğma münasibətinə qəlbən sevinərdi. O qəlb füyuzatçıları öz dili ilə yaşatmaqla, ruhlarını auditoriyada əziz tutub müəllimlik etməklə soyumurdu. Gecə-gündüz iş masası arxasında çalışır, arxiv sənədlərilə işləyir, medianın əlçatanlığını nəzərə alaraq ərsəyə gətirdiyi elmi-publisistik araşdırmaların dərcinə çətinliklə nail olur, beləcə millət fədailərinin mənəvi ömrünü yaşadır, gələcək nəsillərə ötürür. Bu genetik məsələdir: sevgi damarlarda qaynayır, iş qəlbdə, beyində, ümumi bütöv bir bədəndə gedir. Axı Qərənfil Dünyaminqızı həm də o müəllimlərdən dərs almışdı ki, onlar da klassiklərimizin tələbələri olub, onları canlı-canlı görüblər. Və Qərənfil Dünyaminqızı hər dəfə klassik füyuzatçılarla birlikdə ruhuna ən əziz, ən doğma olan — Əziz Mirəhmədov, Qulam Məmmədli, Kamal Talıbzadə, Abbas Zamanov, Nazim Axundov, Şirməmməd Hüseynov və digər müəllimlərini böyük məhəbbətlə anır və yaşadır. Araşdırmaçının elmi-publisistik məqalələri o mürəkkəblə yazılır ki, o, xalq ruhunun mürəkkəbinə batırılır. Budur o zərgər qədirbilənliyində, zərrəb dəqiqliyində ərsəyə gələn yazıları silinməz və əbədi edən. Əşhədu əminliklə deyə bilərik ki, Qərənfil Dünyaminqızının qızmar yay günündə doğulan "Füyuzatçılar" kitabı (Bakı, "Mimta Yayımları" nəşriyyatı, 2024, 188; Mübariz Yunusun elmi redaktorluğu və məsləhətçiliyilə) bu sevgidən təşəkkül tapdı, çox keçmədi ki çoxsaylı oxucu təşəkkürünü də aldı. Bu o minnətdarlıq idi ki, Jurnalistika fakültəsilə yanaşı, digər fakültə tələbələri də mənə telefon açır, yaxud mesaj yazaraq kitaba xüsusi maraq göstərirdilər. Həm də bu o zaman idi ki, hələ kitabın "Mimta yayımları"nda "Tezliklə" başlığı altında afişası nümayiş olunurdu. Kitabın yay ayında ömür qazanması da səbəbsiz deyildir. Çünki füyuzatçılar xalqa, millətə qəlblərinin odunu, damarlarında axan qanın istisini verib. Nəfis tərtibatlı kitabın qırmızı rəngə süslənməsi: füyuzatçıların timsalında canını Vətən üçün fəda edənlərin Al qanının müqəddəsliyini, 44 günlük zəfərimizi xatırladan Al şəfəqlərin ucalığını və bir də əbədiyaşar Əhməd Cavadın ölməz misralarını yenidən və bir də yenidən xatırladır:

Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!

Əsgər İsmayılov
Seçilən
20
3
newscenter.az

4Mənbələr