AZ

Cənubi Koreyada K1A1 tanklarının K1A2 versiyasına modernləşdirilməsi tamamlanıb

Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti tank parkının modernləşdirilməsi proqramı çərçivəsində sonuncu, dördüncü partiya K1A2 tanklarının tədarükünü başa çatdırıb.

“Poliqon” “Janes” nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramları Agentliyi (Defense Acquisition Program Administration – DAPA) bildiriş yayımlayıb.

K1A2 tankı, K1A1 əsas döyüş tankının modernləşdirilmiş versiyasıdır, 120 mm-lik hamar lüləli tank topuna malikdir.

Son istehsal partiyasında olan sonuncu K1A2 tankları Cənubi Koreya Silahlı Qüvvələrinə verilmiş və Dəniz Piyadaları Korpusunun tank taborlarının tank bölükləri arasında paylanmışdır.

Ümumilikdə Dəniz Piyadaları Korpusu dörd partiyada tank alıb ki, bu da M48A5 tanklarını əvəz etməklə imkanların keyfiyyətcə artımını təmin etməyə imkan vermişdir.

Cənubi Koreya DAPA agentliyinin qeyd etdiyi kimi, K1A2 versiyasının tankları müasir elektronika paketi, həmçinin ən son rabitə və mövqeləmə sistemləri ilə təchiz edilib. K1A2 rəqəmsal xəritələrə əsaslanan real vaxt məlumatlarını paylaşa və döyüş meydanının vəziyyətini vizuallaşdıra bilir.

K1A2 tankı mərhələli şəkildə Cənubi Koreyanın Quru Qoşunları və Dəniz Piyadaları Korpusu tərəfindən silahlanmaya qəbul edilib. Onun təkmilləşdirilmiş funksiyaları döyüş effektivliyini, operatorun rahatlığını və təhlükəsizliyini artırır. Arxa görüntü kameraları ilə təchiz edilmiş tank real vaxt rejimində operativ reaksiya imkanları ilə təkmilləşdirilib.

Qeyd etmək lazımdır ki, modernləşdirilmiş maşınların dəqiq sayı barədə məlumat verilmir, lakin 2022-ci ilin əvvəlində Cənubi Koreya Silahlı Qüvvələrində A2 versiyasına modernləşdirilməli olan təxminən 35 K1A1 tankı var idi.

Ümumilikdə tankların dördüncü partiyasının modernləşdirilməsi 2021-ci ilin noyabrından 2024-cü ilin sentyabrına qədər olan müddətdə baş verib və birinci partiyanın modernləşdirilməsinə hələ 2013-2014-cü illərdə başlanılıb.

Xatırladaq ki, 2012-ci il oktyabrın 9-da modernləşdirilmiş K1A1 tankının elektron sistemlərində əhəmiyyətli təkmilləşdirmələr aparılmış yeni versiyası buraxılıb. Salonda ön və arxa müşahidə kameraları, özünün və başqalarının tanınması üçün siqnal qəbuledicisi, komandir və atıcı üçün displeylər, təkmilləşdirilmiş soyutma sistemi, şəbəkəyə qoşulma və GPS naviqasiyası imkanları əlavə edilib.

K1A2 tankının modernləşdirilməsi həm də “Hyundai Rotem” şirkəti tərəfindən istehsal olunan K2 əsas döyüş tankının, həmçinin Koreya Ordusunda istismar edilən və “Hanwha” şirkətinin istehsal etdiyi K21 piyada döyüş maşınları ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır.

Məlumat üçün qeyd edək ki, K1 (Type 88) Cənubi Koreyanın əsas döyüş tankıdır, ABŞ istehsalı M1 “Abrams” tankının Koreyanın istismar şəraitinə uyğunlaşdırılmış variantıdır. 1970-ci illərin sonu – 1980-ci illərin əvvəllərində hazırlanıb, 1985-ci ildən 2010-cu ilə qədər kütləvi istehsal edilib. K1 tanklarının və onun modifikasiyaları parkına K2 “Black Panther” əlavə edilib və gələcəkdə bu tanklarla əvəz olunacaq.

1980-ci ildə Cənubi Koreya hökuməti yeni əsas döyüş tankını hazırlamaq və yaratmaq üçün bir çox döyüş maşınları və tank istehsalçıları arasından ABŞ-ın “General Dynamics Land Systems” (keçmiş “Chrysler”) şirkətini seçib.

Cənubi Koreyada XK-1 tankının istehsalına 1984-cü ildə başlanılıb. Tankların ilk partiyası 1985-ci ildə istehsal edilib və onlara “K1 əsas döyüş tankı” rəsmi markası verilib.

K1 tankının əsas komponentləri, məsələn, Kanadanın ballistik kompüteri, Almaniyanın MTU şirkətinin dizel mühərriki və RENK şirkətinin transmissiyası, Fransanın SAGEM şirkətinin nişangahı, həmçinin K1A1 tankı üçün 105 mm və 120 mm tank topları, Cənubi Koreyada istehsal edilib.

K1 tankının quruluşu klassikdir, sürücü-mexanik qabaqda, döyüş bölməsi mərkəzdə və güc bloku arxada yerləşdirilib

K1 tankının əsas silahı, bir çox Cənubi Koreya M48A5 əsas döyüş tanklarına  təchiz edilmiş ABŞ istehsalı 105 mm-lik M68A1 yivli lüləli topu (Böyük Britaniyanın “Royal Ordnance” zavodunun istehsal etdiyi L7 yivli lüləli tank topu əsasında hazırlanıb), eləcə də standartlar da daxil olmaqla ABŞ və Almaniya istehsalı 105 mm-lik zirehdələn pərli çapaltı atəş yığımları (APFSDS) Cənubi Koreyada istehsal olunur.

Top istiliyi izolyasiya edən örtük, ejektor və lülənin əyriliyinə nəzarət sistemi ilə təchiz edilib.

7,62 mm-lik M60E2 pulemyotu əsas topla cütləşdirilib. Tankın damında müvafiq yerlərdə doldurucunun 7,62 mm-lik M60D pulemyotu, komandirin isə 12,7 mm-lik K6 pulemyotu quraşdırılıb.

1996-cı ildə “Hyundai Rotem” şirkəti K1A1 tankının iki prototipini istehsal edib. Bu nümunələr 1997-ci ilin fevralında müxtəlif hava və iqlim şəraitində bütün sınaqlardan uğurla keçib. 2002-ci ildən isə “Hyundai Precision and Industry Company” K1 tanklarını K1A1 konfiqurasiyasına təkmilləşdirir.

Yeni K1A1 əsas döyüş tankı, ABŞ-ın M1A1 və M1A2 tanklarına təchiz edilmiş 120 mm-lik M256 hamar lüləli topla, habelə Cənubi Koreyanın “Samsung Thompson CSF Co. Ltd” şirkəti tərəfindən inkişaf etdirilmiş yeni panoramik nişangahlarla (Korean Gunner’s Primary Sight – KGPS və Korean Commander’s Panoramic Sight – KCPS) silahlandırılması səbəbindən K1 tankı ilə müqayisədə daha yüksək döyüş xüsusiyyətləri göstərmişdir. Nişangahın xüsusiyyətləri K1 tankında quraşdırılmış komandirin panoramik nişangahının (CPS) xüsusiyyətlərini əhəmiyyətli dərəcədə üstələyir. K1A1 tankının 120 mm-lik top olan əsas silahı ABŞ-ın “WIA Corporation” şirkəti tərəfindən hazırlanıb.

K1A1 tankının K1 tankından əsas üstünlükləri aşağıdakılardır:

– zirehli müdafiə (Korean Special Armor Plate – KSAP) səviyyəsi əhəmiyyətli dərəcədə artıb;

– mövcud 105 mm M68A1 silahının əvəzinə 120 mm-lik M256 hamar lüləli topun quraşdırılması ilə tankın atəş gücü artırılıb;

– təkmilləşdirilmiş qüllə fırlanma mexanizmi və yeni qüllə halqası diyircəklərinin quraşdırılması ilə silah və qüllənin tuşlanması və sabitləşməsi təkmilləşdirilib;

– ABŞ-ın “Raytheon” şirkəti tərəfindən təchiz edilmiş yeni rəqəmsal atəşi idarəetmə sistemi quraşdırılıb, bort kompüterinin (Korean Ballistic Computer System – KBCS) hesablama sürəti və imkanları artırılıb;

– komandirin panoramik nişangahında termal görüntü cihazının quraşdırılması ilə gecə döyüşü və idarəetmə imkanları təkmilləşdirilib;

– su maneələrini keçmə imkanları təkmilləşdirilib (dərin su keçidlərini hazırlıqsız keçməkdən və bataqlıq ərazilərdə döyüş əməliyyatları aparmaqdan ötrü tankın imkanlarını artırmaq üçün gövdənin hermetikliyi təkmilləşdirilib);

– güc blokunda əlavə temperatur sensorları quraşdırılmaqla yanğınsöndürmə sistemi təkmilləşdirilib;

– texniki qulluq müddəti və təmir işlərinin dəyəri azaldılıb.

K1 tankı aşağıdakı modifikasiyalarda hazırlanıb:

XK1 – seriyalı istehsaldan əvvəlki eksperimental versiya. Seriyalı istehsal tanklarından fərqli olaraq, eksperimental XK-1 tankı ABŞ-ın AVCR-1790 dizel mühərriki və Almaniya istehsalı RK-304 hidromexaniki transmissiyası ilə təchiz edilib.

K1 – baza versiyası. İstehsal olunan K1 tankları ABŞ-ın “Hughes” şirkətinin atəşi idarəetmə sistemi, AN/VRC-12 radiostansiyası, Almaniya lisenziyalı MB 871 Ka-501 dizel mühərriki və Almaniya istehsalı olan ZFLSG3000 avtomatik transmissiyası ilə təchiz edilib.

K1E1 – K1 tankının modernləşdirilmiş versiyası.

K1A1 – 120 mm hamar lüləli topu, yeni atəşi idarəetmə sistemi və nişangahları olan modernləşdirilmiş versiya. 2001-ci ildə silahlanmaya qəbul edilib.

K1A2 – K1A1 tankının sonuncu modernləşdirilmiş versiyası.

Xarici şirkətlərlə əməkdaşlıqda K1 tankı bazasında iki variantda maşın hazırlanıb:

– K1AVLB tank körpüqurucusu “BAE Systems” şirkətinin köməyi ilə hazırlanmışdır və qatlanan qayçı körpüsünə malikdir. Körpünün 12,9 ton kütləsi daxil olmaqla maşının döyüş kütləsi 53 tondur. Silahlanmasında bir 7,62 mm-lik pulemyot var. Heyəti 2 nəfərdən ibarətdir.

– K1ARV zirehli təmir -təxliyyə maşını isə “Rheinmetal” şirkəti ilə əməkdaşlıqda hazırlanıb.

Bunlardan başqa, AEV zirehli mühəndis maşını da oxşar şassi üzərində hazırlanır və tez bir zamanda müxtəlif minatəmizləmə sistemləri ilə təchiz oluna bilir.

Cənubi Koreya dəfələrlə K1 və K1A1 tanklarını ixrac üçün təklif etsə də, satış müqavilələri bağlana bilməmişdir. Buna görə də K1 və K1A1 tankları yalnız Cənubi Koreya Silahlı Qüvvələrinin silahlanmasındadır.

Tankın əsas taktiki-texniki xüsusiyyətləri:

Döyüş kütləsi

– K1 – 51,1 ton

– K1A1 – 53,2 ton

Zirehlənməsi – kombinələşdirilmiş, mərmiyə qarşı

Qabarit ölçüləri

– topun lüləsi irəli olduqda gövdə uzunluğu – 9672 mm

– eni – 3594 mm

– hündürlüyü – 2248 mm

– klirens – 460 mm

Topun çapı və markası

– K1 – 105 mm yivli lüləli KM68A1 (М68А1)

– K1A1 – 120 mm hamar lüləki KM256 (Rheinmetall Rh-120 L44 M256)

Lülənin uzunluğu

– K1 – 50,92 çap

– K1A1 – 44 çap

Daşınan döyüş dəsti

– K1 – 47 atəş yığımı

– K1A1 – 32 atəş yığımı

Nişangahlar:

– kombinə edilmiş termal görüntü kanalı və lazer məsafəölçəni ilə iki müstəvidə sabitləşdirilmiş;

– periskopik, teleskopik, iki müstəvidə sabitləşdirilmiş panoramik SFIM VS580-13

Köməkçi silahları (pulemyotları)

– 1 × 12,7 mm K-6 (M2HB) – komandir üçün

– 1 × 7,62 mm M60E2 – tuşlayıcı üçün

– 1 × 7,62 mm M60D – doldurucu üçün

Pulemyotların daşınan döyüş dəsti

– 12,7 mm K-6 (M2HB) – 1400 patron

– 1 × 7,62 mm M60E2 – 7200 patron

– 1 × 7,62 mm M60D – 1000 patron

Mühərrik – MTU MB871 Ka-501

İstehsalçısı – STX

Növü – dizel

Maksimal güc – 2600 dövr/dəqiqədə 1200 at gücü

Konfiqurasiyası – V şəkilli

Həcmi – 31 700 kubsm

Silindrlərin sayı – 8

Taktl (takt sayı) – 4

Tövsiyə olunan yanacaq – çox yanacaqlı

Soyutma sistemi – maye

Qidalanma sistemi – birbaşa püskürmə

Şossedə hərəkət sürəti – 65 km/saat

Şossedə yanacaq üzrə gediş ehtiyatı – 500 km

Xüsusi güc:

– K1: 23.5 at gücü/ton

– K1A1: 22.6 at gücü/ton

Asqının növü – fərdi burulma çubuğu (torsion) və hidropnevmatik

Tırtılın eni – 635 mm

Qalxma qabiliyyəti – 30 dərəcə

Dəf etdiyi divar – 1,0 m

Dəf edilən xəndək – 2,7 m

Dəf edilən su maneəsi – 1,2 m (hazırlıqla 1,8 m)

Əhəd Vahidoğlu

Seçilən
96
poliqon.az

1Mənbələr