AZ

Gəncə teatrı 129-cu mövsümə yeni tamaşalarla hazırlaşır

Gəncə, 16 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır.

Teatrın direktoru Aqil Bəhramlının AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, mövsümə sentyabrın 19-da Əziz Nesinin “Toros canavarı” əsəri əsasında ərsəyə gələn eyniadlı tamaşa ilə başlanılacaq. Tamaşanın məşqlərinə avqust ayının əvvəllərindən start verilib. Bu komediya əsərindən başqa, kollektiv Rey Kuninin “Nömrə 13” komediyasının məşqlərini də davam etdirir. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Elxan Abbasov, Ramiz Vəliyev, Aslan Şirin, eləcə də digər aktyorlar ifa edirlər.

Yeni mövsümdə teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədovun quruluş verdiyi, türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında hazırlanan eyniadlı tamaşa da teatrsevərlərin ixtiyarına veriləcək. Bu tamaşa teatrda ilk dəfə olaraq kiçik səhnədə qurulur. İlin sonunadək isə Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının, eləcə də Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” dramatik tamaşasının təqdimatı olacaq. Ötən mövsüm Türkiyə, Portuqaliya, Rumıniya, Litvada teatr festivallarında iştirak edib mükafatlar qazanan kollektivin yeni mövsüm üçün də bir sıra planları var. Gəncə teatrının yaradıcı heyəti oktyabr ayında İstanbulda Maltəpə Beynəlxalq Teatr Festivalında, daha sonra isə Rumıniyanın Krayeva şəhərində 7 günlük teatr festivalında iştirak edəcək. 2025-ci ildə Gəncə Dövlət Milli Dram Teatrı Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrı ilə birgə layihə əsasında Nodar Dumbadzenin “Kukaraça” əsərini səhnələşdirəcək. Azərbaycan və gürcü dillərində hazırlanacaq tamaşa hər iki teatrda, o cümlədən beynəlxalq festivallarda təqdim ediləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
azertag.az

2Mənbələr