AZ

Paytaxtdakı 53 nömrəli məktəbdə yeni tədris ilinə həsr olunmuş tədbir keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor məktəbin 242 nəfər birinci sinif şagirdi olduğunu diqqətə çatdırıb. O, ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən bəhs edib.

Elm və təhsil nazirinin müavini İdris İsayev bu il ilk dəfə bütöv, suveren Azərbaycanda Bilik Gününün qeyd olunduğunu söyləyib. Nazir müavini bildirib ki, yeni tədris ilində ilk dəfə Şuşa, Xocalı, Xankəndi şəhərlərindəki ümumi orta təhsil müəssisələrində, Laçının Sus kənd orta məktəbində ilk zəng çalınır: “İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə yeni tədris ilindən 1410 şagird təhsilə başlayıb. Onlardan 149-u birinci sinfə gedir.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil siyasətinin davamıdır”.

İdris İsayev Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə ölkədəki məktəblərin 80 faizinin yeniləndiyini diqqətə çatdırıb. O bildirib ki, 2024-2025-ci tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin lahiyələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Onlardan 46 min 98-i I, 44 min 233-ü IX, 35 min 757-si X, 32 min 260-ı XI, 156-sı XII sinif şagirdidir.

 

Seçilən
15
2
azertag.az

3Mənbələr